Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4457/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 2.000 manat pul və ödənilmiş 40 manat manat dövlət rüsumu olmaqla, cəmi 2.040 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin cavabdeh onun avtomobilinə dəymiş maddi zərəri əvvəlcə 250 manat, daha sonra 280 manat, 600 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən avtomobilə vurulmuş zərərin məbləği 695 manat müəyyən edilmişdir. O, məbləğlə razı olmamışdır. "xxxx" ASC-nin X1 X2 xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən ona məxsus avtomobilə dəymiş zərərin məbləği 1.010 manat müəyyən edilmişdir. Lakin cavabdeh bu məbləği ödəməkdən imtina etmişdir. O, məcbur olub məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 3187/2024 nömrəli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1.010 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat pul tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılandan sonra cavabdeh 1010 manat vəsaiti onun hesabına ödəmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi barədə cavabdeh tərəfindən ədalətli maddi ziyanın ödənilməsi 2 ilə yaxın onun vaxtını almışdır. Bu iki il ərzində o, idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilini təmir etdirə bilməmiş və avtomobilindən faktiki olaraq istifadə edə bilməmişdir. Gündəlik işə gedib gəlməsi, müəyyən məişət ilə bağlı yol xərcləri artmış, 2 il ərzində ancaq taksi və avtobusdan istifadə etmişdir. Cavabdehin hadisədən sonra hərəkətləri, dayanmadan ekspertizaların təyin edilməsi, əsassız şəkildə vaxtı uzatması onun mənəvi sarsıntı, stres və əsəb gərginliyi keçirməsinə səbəb olmuşdur. Eyni zamanda bu dövr ərzində avtomobil işləmədiyinə görə digər nasazlıqları da yaranmışdır. Bundan əlavə hər dəfə hüquqşünasa müraciət edib cavabdehin qanunsuz hərəkətlərindən müxtəlif instansiyalara ərizə yazdırdıqda ən azı bir ərizə üçün 100 manat vəsait xərcləmiş, gözləmiş, taksi ilə uzun yol gedib-gəlmişdir. Hazırda hüquqi yardım əsnasında 5 ərizənin yazılmasına cəmi 500 manat pul xərcləmişdir. Bundan başqa himayəsində azyaşlı uşaqları var, ipoteka krediti ödəyir və bu şəraitdə iki ildir ki, cavabdehin hərəkətlərindən əziyyət çəkərək əlavə olaraq xərcləri çıxır. Cavabdehin bütün bu qanunsuz hərəkətləri nətisində ona mənəvi zərər dəymişdir. Dəymiş mənəvi zərərin əvəzini 2.000 manat dəyərləndirir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında idianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı iddiaçının idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Hadisə cavabdeh tərəfindən sığorta hadisəsi hesab edilmiş, lakin cavabdeh onun avtomobilinə dəymiş maddi zərər sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 695 manat müəyyən edilmişdir. Lakin iddiaçı bu mələğlə razı olmadığına görə ona ödəniş verilməmiş və iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəsi başa çatandan sonra Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçının avtomobilinə dəymiş maddi zərərin əvəzi olaraq 1.010 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat pul cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh "xxxx" ASC sığorta ödənişini etməkdən imtina etməmiş, iddiaçıya mənəvi zərər vurmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi “VAZ-21124” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən maddi zərər vurulmuşdur. “Toyota Prius” markalı **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh "xxxx" ASC tərəfindən baş vermiş hadisə sığorta hadisəsi hesab edilsə də, iddiaçıya məxsus olan avtomobilə dəymiş maddi zərərin məbləği "xxxx" ASC-nin X1 X2 xx.xx.2023-cü il tarixli ziyan aktına əsasən 1.010 manat müəyyən edilsə də, cavabdeh əsassız olaraq zərərin məbləğini aşağı göstərmiş, yəni sonuncu dəfə xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən 695 manat maddi zərər dəyməsi qənaətinə gəlmişdir. İddiaçı 695 manat sığorta ödənişi ilə razılaşmamış və hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3187/2024 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 1.010 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,10 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılandan sonra cavabdeh 1010 manat vəsaiti iddiaçının hesabına ödəmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən 2 ilə yaxın vaxt ərzində yubadılmışdır. Bu vaxt ərzində iddiaçı avtomobilindən istifadə edə bilməmiş, avtomobilini təmir etdirə bilməmiş, gündəlik işə gedib gəlməsi, müəyyən məişət ilə bağlı çətinliklərlə qarşılışmış, yol xərcləri artmışdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçının uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 1.000 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X3rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat pul və ödənilmiş 40 manat dövlət rüsumundan 30 manatı olmaqla, cəmi 1.030 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi - mənəvi zərərin əvəzi olaraq cavabdehdən 1.000 manat pul tutulması və ödənilmiş dövlət rüsumunun 10 manat hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 (min) manat pul və ödənilmiş 40 manat dövlət rüsumundan 30 manatı olmaqla, cəmi 1.030 (min otuz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4457/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4457/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver