Məhkəmə qərarları › İş №2(004)-4480/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4480/2023

25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4480/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 01 noyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, bu haqda 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi tərəfindən AZ-İİ № 239332 nikah haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Nikaha daxil olarkən tərəflərin münasibətləri normal olsa da, sonradan pisləşmişdir. Cavabdeh uşaqlarına laqeyd münasibət bəsləyir, uşaqların tələbatlarını ödəmir, yalnız evə ərzağın alınması ilə kifayətlənir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehlə aralarında olan nikahın pozulmadığını, hazırda birlikdə yaşadıqlarını, iddiaçının 2 ildir ki işləmədiyini və cavabdehin isə uşağın saxlanmasına maddi yardım etmədiyini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumatlara əsasən: İddiaçı hazırda “X6 Dəstək” İctimai Birliyində icraçı direktor vəzifəsində çalışır, əmək haqqı 650 manat təşkil edir, mülkiyyətində hər-hansı bir əmlakı yoxdur. Cavabdeh hazırda işləmir, mülkiyyətində hər-hansı bir əmlakı yoxdur, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3110/2022 saylı qətnaməsi ilə cavabdehin başqa nikahdan (X5 ilə nikahından) olan uşağı – xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşaqların və iddiaçının mənafelərini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alır və hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 manat aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan, 63,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə Azərbaycan Respublikasının MPM-in 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilsin. Cavabdeh 63,20 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar