Məhkəmə qərarları › İş №2(004)-4494/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4494/2025

09.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4494/2025 09.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək münasibətləri nəticəsində vəd edilən 1200 manat məbləğində əmək haqqının və mediasissiya sessiyası üçün nəzərdə tutulan 50 manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixində cavabdehin əməkdaşı olaraq Layihə mütəxəssisi vəzifəsində işə başlamışdır. İddiaçı ilə danışıqlar zamanı aylıq əmək haqqının 1200 manat məbləğində olması barədə razılığa gəlmişdilər. İddiaçı öhdəliyində olan əmək funksiyasını vicdanlı şəkildə və vaxtından tez icra edirdi. Ona tapşırılan layihənin satışına dair məlumat xarakterli bukletlərin tərtib edilməsi və hətta iddiaçının əlaqə nömrəsinin sözügedən bukletlərin üzərində olması əyani sübut kimi çıxış edərək, iddiaçının məhz Cavabdehndə fəaliyyət göstərdiyinə işarədir. Üstəlik bir neçə gündə iş vaxtından artıq qalıb layihələri hazırlayırdı. Bu halı sübut edən məhz cavabdehin digər əməkdaşı ilə “Whatsapp” mesajları var. Qeyd olunur ki, “uşaqlar çox işləmiyin mən sizə görə narahatam”. Məhkəməyə təqdim edilən bu sübutdanda görünür ki, saat 21:58-22:01 radələrində iddiaçı digər iş yoldaşı ilə bərabər ofisdə idi. Bir müddət sonra iddiaçı onunla hələ də əmək müqaviləsi bağlanmadığına görə şirkətin əməkdaşı Nərmin İsmayılovaya müraciət elədi. İddiaçının Nərmin İsmayılovaya müraciət etmə səbəbi isə məhz o işçilərlə əmək müqavilələrinin bağlanması işini yerinə yetirdiyinə görə idi. Lakin Nərmin xanıma edilən çox saylı (həm yazılı, həm şifahi) müraciətlərə baxmıyaraq Nərmin xanım hər səfərində müxtəlif bəhanələrlə əmək müqaviləsi bağlamaq yayınırdı. Müvafiq yazılı müraciətlərdə sübut kimi “Whatsapp” mesajlarında öz əksini tapıb. İddiaçı şirkətdə çalışdığı müddətdə ona həvalə olunan tapşırıqları bitirdikdən sonra şirkətin satış bölməsinə keçdi. Orda artıq satış mütəxəssisi kimi fəaliyyət göstərdi. Bu təklif isə şirkətin qanuni təmsilçisi Nümayəndə gəlmişdir. Bu vəzifə dəyişiklərinin baş verməsinə dair sübut kimi tərəflərin danışığı qoşmada təqdim edilən səs yazısında qeydə alınmışdır. Qeyd etmişdir ki, iddiaçı əmək haqqı ilə yanaşı satışlardan əldə edilən gəlirlərdən faizlər qazanacaq. İddiaçı satış mütəxəssisi kimi fəaliyyətə başlıyanda eyni vəzifədə çalışan Lalə Əsgərova ilə birgə şirkətin proyektinin satışlarını etmək üçün çox saylı potensial müştərilərlə görüşlər keçirmişdilər. Bu halı sübut kimi Lalə xanım şəxsən şahid qismində ifadə verib, təsdiq edə bilər. Lakin, iddiaçı əmək fəaliyyətinə başladığı müddətdən 1 ay sonra yenidən onunla hansı səbəbdən əmək müqaviləsinin bağlanmaması ilə bağlı Nərmin İsmayılovaya müraciət etmiş lakin yenə hər hansısa bir konkret cavab ala bilməmişdir. Nəticə məhz şirkətin qanuni təmsilçisi olan Nümayəndə ilə görüşmək üçün sözləşdilər və xx.xx.2025-ci il tarixində görüş baş tutdu. Cavabdehin qanuni təmsilçi iddiaçıya açıq-aşkar onunla əmək müqaviləsini bilərəkdən bağlamadığını bildirdi. Eyni zamanda işə başlamazdan qabaq razılaşdırılmış 1200 manat olan əmək haqqını ödəməkdən imtina etdi. Hansı səbəbdən müqavilə bağlanmadığına dair suala isə “gördüyün işin nəticəsinə görə səninlə əmək müqaviləsi bağlayıb-bağlamamaq barədə qərar verəcəkdim” cavabını verdi. Müzakirələr əsnasında iddiaçı cavabdehin nümayəndəsi olan Nümayəndə bu əməlin qanun pozuntusu olduğunu bildirəndə isə Nümayəndə tərəfindən “biz sizin dedikləriniz təkzib edəcəyik və belə bir şeyin olmadığını deyəcəyik” dedi. Eyni zamanda yuxarıda qeyd olunan razılaşdırılmış əmək haqqı məbləği olan 1200 manat ödəməyəcəklərini, həmçinin onun həddindən artıq yüksək məbləğ olduğunuda dilə gətirdi. Lakin, iddiaçının qarşı tərəfin bu fikirdə olduğundan ümumiyyətlə xəbəri olmamışdır. Qeyd etmişdir ki, cavabdehin qanuni nümayəndəsi yuxarıdakı ifadələrinə istinadən açıq-aşkar qanunvericiliyin tələblərini pozmuş və işçi ilə əmək müqaviləsi bağlamadan çalışmışdır ki, bu pozuntu isə AR-nın qanunvericiliyində ciddi sanksiyaları nəzərdə tutur, həmçinin məhkəməyə yalan danışacağını, bariz şəkildə bildirmişdir. Bu isə əlavə bir pozuntu yaradır. Bütün bu danışıqlar iddiaçı tərəfindən səs yazısında qeydə alınmışdır. Müvafiq səs yazısını məhkəməyə “flash cart”da təqdim etmişdir. Səs yazısında iddiaçı cavabdehin nümayəndəsi Nümayəndə deyir ki, şirkətin digər əməkdaşları ilə əmək müqaviləsinin bağlanıb bağlanmaması ilə bağlı maraqlandıqda aydın olur ki, “Yusif” və “Lalə” adlı əməkdaşlarla əmək müqaviləsi bağlanmışdır. Lakin iddiaçı bu məlumatı məhz əməkdaşlardan öyrənir. Sözügedən şirkət əmək məcəlləsinin əsas tələblərini pozaraq işçi ilə əmək müqaviləsi bağlamadan onu əmək fəaliyyətinə cəlb etmişdir. Belə ki, Əmək Məcəlləsinin 4- 1 maddəsində əmək münasibətlərinin anlayışı öz əksini tapıb - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Məhz əmək münasibətlərinin tənzimlənməsi üsulu kimi nəzərdə tutulan əmək müqaviləsini (kontraktı) bağlanılacağına dair vədlər verilsə də müqaviləni bağlamamışdılar. Bununla yanaşı, bildirmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilən bu qanunsuz hərəkət nəticəsində iddiaçı ay sonunda qazanacağını düşündüyü əmək haqqını əldə edə bilməmişdir. Eyni zaman müəyyən etmişdir ki, cavabdeh şirkət onunla ümumiyyətlə çalışmaq fikrində deyil. Həmçinin cavabdehin qanunsuz əməlləri iddiaçının özünün peşəkar bacarıqlarına dair inamını dərindən sarsmış, özünü dəyərsiz hiss etməsinə gətirib çıxartmışdır. Bu isə iddiaçının maddi planların üstündən xətt çəkməsinə gətirib çıxardı. İddiaçının yeganə gəlir mənbəyi həmin iş yeridir. Yeganə gəlir yeri kimi məhz cavabdehdə əməkdaş kimi çalışmadığına görə hazırda iddiaçının maddi vəziyyəti olduqca çətinləşmişdir. Qeyd etmişdir ki, tərəflər fərdi əmək mübahisəsinin həlli üçün mübahisənin ilk öncə məhkəmədənkənar qaydada həll olunması məqsədilə Bakı şəhəri 13 saylı Mediasiya təşkilatında xx.xx.2025-ci il tarixində ilkin mediasiya prosesindən keçmişlər və İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış əldə etmişlər. AR Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, təqdim etdiyi layihələrin hazırlanmasında onun və digər iş yoldaşlarının iştirakı olub. Layihə mütəxəssisi olaraq çalışmışdır. 1 ay müddətində ona verilən tapşırıqları yerinə yetirmişdir. Bəzi günlər evdən, bəzi günlər isə ofisdə işləyirdi. 18 yaşlı şəxslər üçün yay düşərgələrinin təşkili işləri ilə məşğul olurdu. Əmək müqaviləsi olmayıb. Dəfələrlə səlahiyyətli şəxs Nərmin İsmayılovaya müraciət etsə də, nəzərə almamışdır. X2 tərəfindən 1200 manat əmək haqqı veriləcəyi bildirilsə də, heç bir ödəniş olunmamışdır. Onu işə götürəcəkləri, onunla əmək müqaviləsi bağlanacağı ilə bağlı vəd vermişdilər. Aralarında ona aylıq 1200 manat məbləğinin verilməsi ilə bağlı razılaşma olub. Sonradan, təxminən 28-29 may tarixində Atabəylə görüşündə ona aylıq 800 manat veriləcəyi bildirilsə də, razılşmamışdı. Flaş kartda Atabəylə olan səs yazışmaları var. Əmək müqaviləsinin bağlanılması ilə bağlı dəfələrlə həm şifahi, həm də yazılı şəkildə müraciət etmişdir. Onu cavabdeh şirkətə Nərmin xanım dəvət etmişdir və may ayının əvvəli üçün maaş veriləcəyi bildirilmişdir. 3 həftə müddətində layihə rəhbəri vəzifəsində çalışmışdır. Satış mütəxəssisi vəzifəsini ayın ortasından icra etməyə başlamışdır. Mediasiyyada cavabdeh tərəfindən ona məbləğlə bağlı təklif edilsə də, qəbul etməmişdir. Proqram təminatı ilə bağlı işlər ona həvalə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı onun həm qrup yoldaşı, həm də dostu olmuşdur. Onun təşəbbüsü ilə o, və bir qrup şəxs tərəfindən hazırki MMC təsis edilmişdir. O, iddiaçının onun təşkilatında işləməsinə razılıq verməmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, Nərgiz İsmayılova icraçı direktordur. Lalə xanıma könüllü surətdə iddiaçı köməklik etmişdir, ona görə də bukletə də iddiaçının nömrəsi qeyd edilmişdir. Layihə başlamamış, layihə rəhbəri ola bilməz. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - “Whatsapp” mesajlarına əsasən iddiaçı xx.xx.2025-ci il tarixində cavabdehin əməkdaşı olaraq Layihə mütəxəssisi vəzifəsində işə başlamışdır. İddiaçı ilə danışıqlar zamanı aylıq əmək haqqının 1200 manat məbləğində olması barədə razılığa gəlmişdilər. - Cavabdehnə məxsus ADAM SUMMER CAMP bukletlərin üzərində “contact numbers” sətrində iddiaçıya məxsus +**********06 saylı əlaqə nömrəsi qeyd edilmişdir. - flaş kartda olan səs yazılarına əsasən iddiaçı onunla əmək müqaviləsinin bağlanmasını tələb etdiyi, ona əmək müqavilələrinin bəzi işçilərlə imzalandığı, bəziləri ilə qaldığı, Nərmin adlı xanımın əmək haqqının 1200 manat olması ilə bağlı narazıçılığın olmadığı, müştərilərin işlə bağlı təklifləri və iddiaçının onlara cavabları, Nərmin adlı xanımın iş tapşırıqları əks olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Cavabdehndə Layihə lahiyə mütəxəssisi kimi ona verilən işin icrasına başlamışdır. İddiaçı ilə danışıqlar zamanı aylıq görülən işin dəyərinin 1200 manat məbləğində olması barədə razılığa gəlinmişdir. İddiaçı bir neçə dəfə cavabdeh şirkətin əməkdaşı Nərmin İsmayılovaya əmək müqaviləsinin bağlanması ilə bağlı müraciət etmiş, lakin əmək müqaviləsi bağlanılmamışdır. Bu hal iş materiallarında olan “Whatsapp” mesajları ilə və flaş karta olan səs yazıları ilə öz əksini tapmışdır. İddiaçı hal-hazırda cavabdeh tərəfindən əmək münasibətləri nəticəsində vəd edilən 1200 manat məbləğində əmək haqqının və mediasissiya sessiyası üçün nəzərdə tutulan 50 manat məbləğində rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir, cavabdehin nümayəndəsi isə iddia tələbinə etiraz edərək, iddiaçının onun təşkilatında işləməsinə razılıq vermədiyini, iddiaçının könüllü surətdə köməklik etdiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 43, 2-ci hissə. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;... Maddə 57. 1-ci hissə. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudurMəhkəmə tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməli olması baxımından tərəflərin izahatlarına qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyə görə işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülkihüquqi məzmunlu ola bilər. Bu baxımdan tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu özünün “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında tərəflər arasında əmək fəaliyyəti ilə bağlı yaranan əmək münasibətləri ilə mülki hüquqi münasibətlər arasında fərqləndirmə apararaq və onların hər birinin hüquqi təbiətini təhlil edərək göstərmişdir ki, “şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir... Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri isə əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. İşçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmamış, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək funksiyaları, onları müvafiq iş yerində şəxsən yerinə yetirməsi, iş vaxtı, istirahət və məzuniyyətlə bağlı hər hansı müddəalarla bağlı razılaşma olmamışdır. Həmçinin əmək müqaviləsi yalnız əmək münasibətləri üçün nəzərdə tutulub - yəni işçi işəgötürənin tabeliyində, onun göstərişləri ilə və müəyyən iş rejimində çalışmalıdır. Hazırda belə bir hal müəyyən edilməmişdir. Belə ki, iddiaçı özü də izahatında qeyd edir ki, o, ona verilən işi – lahiyəni layihə mütəxəssisi olaraq vaxtından tez 15 gün müddətində tamamlamış, daha sonra əlavə də qazanc üçün satış meneceri kimi də işləməyi cavabdehlə razılaşmışdır. Məhkəmə iclasında tərəflərin verdikləri izahatlara əsasən iddiaçının məhz cavabdeh tərəfin tapşırığına əsasən işlər görməli olması müəyyən edilmişdir ki, bu da mahiyyət etibarı ilə əmək deyil, podrat münasibətlərinə daha çox xarakterikdir. Belə ki, əgər tərəflər faktiki olaraq mülki-hüquqi xarakterli işlər (məsələn, tikinti, xidmət göstərilməsi və s.) görürlərsə, bu münasibətlər podrat müqaviləsi ilə tənzimlənməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh iddiaçının təşkilatında işləməsinə razılıq vermədiyinə istinad etsə də, iddiaçının əlaqə nömrəsini cavabdeh şirkətin bukletlərinin üzərində qeyd edildiyi müəyyən olunur. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında olan səsyazılarından da müəyyən olunur ki, cavabdeh iddiaçı ilə 1200 manat məbləğində ödənişin edilməli olmasını inkar etməmişdir. İddiaçı ona həvalə edilmiş layihəni icra etmiş, cavabdeh isə həmin layihə üzrə razılaşdırılmış məbləği ödəməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar