Məhkəmə qərarları › İş №2(004)-4506/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4506/2024

25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4506/2024 25.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3127/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan övladları xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat azaldılaraq artırılaraq hər ay hər uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı işləmir, digər maddi öhdəlikləri vardır, sağlamlığında problemlər vardır. Odur ki, müəyyən edilmiş 440 manat məbləğində aliment məbləğini ödəməkdə çətinlik çəkir, lakin, övladlarını çox sevir, onlarla mütəmadi ünsiyyətdədir, aylıq 300 manat məbləğində alimenti ödəyir, alimentdən kənar uşaqlara digər xərclər də çəkir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 şəxsiyyət vəsiqələrinin surətləri əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3127/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-447/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmış, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər uşağa görə 220 manat olmaqla ümumilikdə 440 manat miqdarında alimentin tutularaq X1 ödənilməsi qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, İddiaçı rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hazırki iddia tələbi üzrə qanunvericiliyin tələbinə əsasən alimentin azaldılması üçün yeni əsasların yaranması müəyyən edilmir. İddiaçının qeyd etdiyi hallar öz-özlüyündə aliment məbləğinin azaldılması üçün əsas qismində çıxış edə bilməz. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2023 nömrəli 23 may 2023-cü il tarixli qətnaməsinə münasibətdə hazırki faktki vəziyyətin dəyişməsi halı müəyyən edilmir, əksinə iddiaçı hazırki iddia ərizəsində qeyd etdiklərini eynilə həmin qətnamə üzrə də məhkəmənin nəzərinə çatdırmışdır (vəsatət üzrə). Məhkəmə qərar qəbul edərkən müəyyən edilən alimentin həddi, valideynlərin öhdəliklərinə yanaşma tərzi barədə mövcud məhkəmə təcrübəsini əsas götürür. Valideynin işləməməsi, digər maliyyə öhdəliklərinin olması onun uşaqların xərcləri ilə bağlı öhdəliklərdən azad edilməsinə əsas ola bilməz. Uşaqları saxlamaq valideynlərin borcudur. Ailə və uşaqlar dövlətin himayəsindədir. Məhkəmə uşaqların üstün mənafelərini əsas götürür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinin faktiki və hüquqi əsaslarlarının müzakirəsini təmin etməmiş, iddianı əsaslandırmamışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinin qorunması, xərclərinin minimum səviyyədə qarşılanması, layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar