Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4661/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh Kazum oğluna qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Kazum oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2010-cu ildə doğulmuş X1, yetkinlik yaşına çatanadək çaddi təminatı üçün Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən bir uşağa ayda 175 manat olmaqla, alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPMnin 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə verilə bilər. O, 2008-ci ildə Balakən rayonunda nikah qeyd etdirmədən ailə qurmuş, 2008-ci il tarixində Rusiya Federasiyasının Ekaterenburq şəhərinə getmişlər. Orada ərinin ailəsi ilə birlikdə yaşamışlar. 15 yanvar 2010-cu ildə qızı X5 dünyaya gəlmişdir. Daha sonra, 2011-ci ilin sentyabr ayının sonu Azərbaycana gəlmişlər. Yaşadıqları müddətdə Cavabdeh demək olar ki, evə gəlmirdi. O, onun valideyinləri ilə yaşayırdı. Onun çox pis vərdişləri vardı. Belə ki, Cavabdeh narkotik qəbul edir və bu vərdişindən əziyyət çəkirdi. Azərbaycana gəlməkdə məqsəd o idi ki, Ruslan vərdişlərindən əl çəkər. Lakin Cavabdeh bir iki ay qaldıqdan sonra onu atıb yenidən Rusiyaya getmiş, həmin vaxtdan xeyli müddətdir ki, uşağı ilə maraqlanmır. Uşağı atasının üzünü görməmiş və atasını tanımır. Birgə ailə həyatlarının ilk vaxtlarından cavabdehin xasiyyətləri ilə onun xasiyyəti arasında bir sıra uyğunsuzluqların mövcudluğu ortaya çıxdı. Düşünmüş ki, uşağı olar, bir ailədə yaşayar və bir-birlərinə uyğunlaşarlar, lakin uşaq da dünyaya gəlmiş, xeyli müddət bir ailədə yaşamışlar, lakin cavabdehin ailəsinə laqeyd münasibəti dəyişməz qalmışdır. Beləliklə, onların xasiyyətlərindəki yuxarıda göstərilən və yaza bilmədiyi uyğunsuzluqlar onların bir ailədə yaşamağını mümkünsüz etmişdir. Dəfələrlə cavabdehlə ailənin dağılmasının qarşısını almaq məqsədi ilə etdiyi söhbətlərin də bir nəticəsi olmamışdır. Artıq xeyli vaxtdır ki, onların arasında ər-arvad münasibəti kəsilmişdir. Belə olan halda o, uşağın maddi təminatı üçün cavabdehdən rəsmi qaydada aliment tələbi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onlar artıq xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat aparmırlar. Onu da qeyd edir ki, həmçinin, uşağın ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o təkbaşına edə bilməz. Uşağın maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşağının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşağının saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Kazum oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Kazum oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Rusiya Federasiyası, Sverdlovsk vilayəti, Yekaterinburq şəhəri, Çkalov rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş İİ-Aİ № 882457 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 yanvar 2010-cu il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh Kazum oğlu, ana qrafasında İddiaçı yazılmışdır. İş materiallarında olan 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Kazum oğlu arasında rəsmi nikah bağlanmamışdır. Cavabdehlə birgə nikah münasibətlərindən 15 yanvar 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Uşaq İddiaçı himayəsindədir. Məhkəmə hesab edir ki, Cavabdeh Kazum oğlu yetkinlik yaşına çatmamış X3 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh Kazum oğlundan aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, "Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-cu il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 05.07.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Kazum oğlundan 15 yanvar 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 05 iyul 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Alimentin tutulma vaxtı 28 aprel 2021-ci il tarixdən hesablansın. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4661/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4661/2021
10.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver