Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4691/2021 15.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Friddun qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “cehiz və qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Friddun qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1\2 hissəsinin əvəzi olaraq 850 manatın, soyuducu alınması üçün verilmiş 1000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmasını, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında 9 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzində 3091 nömrəli nikah qeydə alınmışdır. O, nikaha daxil olarkən Cavabdeh1 anası Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, ev 126, mənzil 70-ə gəlin köçmüş, ona məxsus cehiz və qızıl-ziynət əşyaları hal-hazırda həmin mənzildədir. Cavabdeh1la ailə qurduqdan sonra səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan onun anası digər Cavabdeh2 müdaxiləsi ilə aralarında olan səmimi ailə münasibətləri pisləşmiş, iddiaçının cavabdehlə bir yerdə yaşamağı baş tutmamış və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmiş, daha sonra onun iddia ərizəsi əsasında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2(004)- 350/2021 sayl qətnaməsi ilə İddiaçı Friddun qızı və Cavabdeh1 arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 09.09.2017-ci il tarixdə 309 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. O, mənzildən boşanmaq məqsədi ilə çıxmamışdır, keçmiş qaynanası ilə aralarında olan gərginliyə görə atası evinə getmişdir. Cavabdeh1 ilə Kristal MTK-dakı mənzildəki təmiri yekunlaşanadək 2-3 ay kirədə qalmağa qərarlaşmalarına baxmayaraq sonradan keçmiş qaynanasının təsiri ilə Cavabdeh1 kirayə mənzil tutmaqdan yayınmışdır. Buna görə də onun cehiz və qızıl-ziynət əşyaları bu günədək cavabdehlərin mənzilində qalmışdır. Məhkəməyə müraciət etmədən öncə cavabdehlərə bildiriş göndərərək cehiz və qızıl- ziynət əşyalarının məhkəmədən kənar qaytarmağı təklif etmişdir ki, vəkilə və məhkəmə məsrəflərinə əlavə xərclər ödənilməsin, məhkəmənin iş yükünü artırılmasın. Lakin keçmiş qaynanasının maneəçiliyi ilə də bu baş tutmamışdır. Beləki, cavabdehlərə 3 may 2021-ci il tarixli bildiriş göndərildikdən sonra 12 may 2021-ci il tarixdə saat 12:12-də onların vəkili Kamandar Nəsibov onun vəkili Vəkil2 zəng edərək cehiz və qızıl əşyalarının qaytarılmasının vaxtı müzakirə edilmişdir. Daha sonra saat 12:18-də vəkili atası Friddun Həkimzadə ilə danışmış, Ramazan bayramına görə dəqiq vaxt müəyyən edə bilməmişlər. Saat 12:22-də vəkili tərəfindən cavabdehlərin vəkilinə zəng edilərək bu barədə məlumat verilmişdir. Aralarında 4 dəqiqəlik telefon danışığı zamanı vəkil Kamandar Nəsibov bildirmişdir ki, buzdolabı alınması üçün Cavabdeh1 verilən 1000 dollara buzdolabı alınmamış, ona görə də buzdolabının qaytarılması mümkün deyildir, pulun hara xərcləndiyini xatırlamır. Ayrıca vəkil Kamandar Nəsibov 10-luq və 5-lik qızıllara münasibətdə bildirmişdir ki, həmin qızıllar toydan sonra valideynlər qonaq gələrkən ailəyə hədiyyə edildiyi üçün Şəhla və Emil arasında bərabər bölünməlidir. Bu təklif onlar tərəfindən qəbul edilmişdir. Ayrıca vəkil Kamandar Nəsibov bildirmişdir ki, briliant qızıl dəst qaytarılacaqdır. Ramazan Bayramına görə vaxt müəyyən edilə bilmədiyi üçün söhbət yekunlaşmışdır. Vəkil Kamandar Nəsibov onun vəkili Vəkil2la yuxarıda qeyd olunan halları bildirərkən Cavabdeh1 Kamandar bəyin yanında olmuşdur. Kamandar bəy Səbuhi bəylə Azərbaycan dilində, Cavabdeh1la ilə isə rus dilində danışmışdır. 13 may 2021-ci il tarixdə saat 11:55-də vəkili Səbuhi bəy tərəfindən Kamandar Nəsibova zəng edilmiş, 5 dəqiqəlik telefon danışığında cehiz və qızıl-zinət əşyalarının götürülməsi üçün 15 may 2021-ci il tarixin onlara uyğun olduğu bildirilmiş, həmçinin buzdolabı,10-luq və 5-lik qızıl və brilliant dəstin qaytarılması təkrar müzakirə olunmuşdur. Müzakirə nəticəsində 10-luq və 5-lik qızılların bölünməsinə etiraz etmədiyini, buzdolabına görə verilmiş məbləğin və brilliant dəstin tam qaytarılmasına razılaşdırılmışdır. Bunun əsasında da Cavabdeh1 istifadəsində olan 050 *** ** ** nömrəsindən saat 14.33-də Vəkil2 istifadəsində olan 050 *** ** ** nömrəsinə whatsapp proqramı vasitəsi ilə mesaj yazaraq razılaşdırılmış gündə və saatda yəni şənbə günü saat 12-də evdə olacağını bildirmişdir. Bunun əsasında atası tərəfindən cehiz əşyalarının yığılması və daşınması üçün Yükdaşıma şirkəti ilə razılaşmışdır. 15 may 2021-ci il tarixdə vəkili Səbuhi bəy və 3 qohumu, şirkətin işçiləri cavabdehlərin ünvanına gəlmişlər. İlk öncə keçmiş qaynanası tərəfindən vəkilə və xalasına etiraz olunmuş, nəyə görə Şəhlanın və onun valideynlərinin bura gəlmədiyi bildirilmişdir. Vəkili Səbuhi bəy Şəhla xanımın və ailə üzvlərinin gərginlik olmaması üçün onların mənzilə gəlmədiyini bildirmişdir. Cavabdehlər tərəfindən vəkil Kamandar bəylə danışıq aparılmış,daha sonra vəkili Səbuhi bəyin onun əvəzinə iştirakı barədə razılaşmışlar. Daha sonra isə Cavabdeh1 tərəfindən tərtib olunmuş akta baxış zamanı müəyyən edilmişdir ki, qızıl-ziynət əşyaları, həmçinin buzdolabına görə verilmişdir 1000 ABŞ dolları akta qeyd olunmamışdır. Buna görə də vəkili etiraz etmiş, həmin vaxt Cavabdeh1 qızıl-ziynət əşyaları, həmçinin buzdolabına görə ödənən pulun 18 may 2021-ci il tarixdə qaytaracağını bildirmişdir. Vəkili Səbuhi bəy bununla razılaşmamış, buna görə də cavabdeh tərəfindən yenidən vəkil Kamandar bəylə danışılmış, nəticə olaraq cehiz və qızıl-ziynət əşyalarının qaytarılması 18 may 2021-ci il tarixə təyin edilmişdir. Həmçinin 15 may 2021-ci il tarixdə cavabdehlərin evində olarkən Cavabdeh1 onun atasından buzdolabına görə pul almağı, qızılları inkar etməmiş, lakin keçmiş qaynanası müdaxilə edərək inkar etməyə cəhd etmişlər. Daha sonra Cavabdeh2 19 may 2021-ci il tarixdə qızılların guya idiaçıda olması barədə ona məktub göndərmişdir. Cavab məktubu sadəcə keçmiş qaynanası tərəfindən imzalanmış, qeyd olunan hallara Cavabdeh1 tərəfindən inkar edilməmişdir. Ayrıca keçmiş qaynanası qızılları verməmək üçün, söhbəti başqa yerlərə çəkərək onun qardaşı barədə polis şöbəsinə əsassız şikayət etmişdir. Ümumiyyətlə nikah dövründə keçmiş həyat yoldaşı söz sahibi olmamış, bütün qərarlar keçmiş qaynanası tərəfindən verilmişdir. Hətta alınan daşınar və daşınmaz əmlaklar da keçmiş qaynanasının adına alınmışdır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızına qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, siyahı üzrə göstərilmiş qızıl-zinət əşyalarının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firuddun qızından alınaraq ona qaytarılmasına və ya həmin əşyalarının əvəzi olan ümumilikdə 25000 manat pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firuddun qızından tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızı ilə ailə münasibətləri pozulan zaman ona məxsus olan bir sıra qızıl-zinət əşyalarını, eyni zamanda İddiaçı Friddun qızının atası tərəfindən ona hədiyyə verilmiş 21 əyar beşlik və onluq qızılları da özü ilə birlikdə aparmışdır. Halbuki, həmin qızıl-zinət əşyaları onun maddi vəsaiti hesabına alınmış və ona hədiyyə olaraq verilmiş, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızı tərəfindən mübahisə predmetinin alınmasında hər hansı bir köməklik göstərilməmişdir. Qızıl-zinət əşyalarının siyahısı: Ağ-sarı qızıldan brilyant qaşlarla və mirvari qaşlarla bəzədilmiş sırğa -1 dəst- dəyəri 2000 (iki min) manat; Ağ qızıldan 1 ədəd iri və 16 ədəd kiçik brilyant qaşlarla bəzədilmiş üzük - 1 ədəd- dəyəri 4600 (dörd min altı yüz) manat; Sarı qızıldan sırğa -1 ədəd- dəyəri 1000 (bir min) manat; Sarı qızıldan xırda brilyant qaşlarla və yarım qiymətli iri qaşla bəzədilmiş üzük - 1 ədəd- dəyəri 1300 (bir min üç yüz) manat; Ağ qızıldan 6 ədəd iri brilyant qaşlarla bəzədilmiş kulon (zənciri ilə) - 1 ədəddəyəri 3800 (üç min səkkiz yüz) manat; Ağ-sarı qızıldan brilyant qaşlı nişan üzüyü (1000 manat dəyərində) - 1 ədəd- dəyəri 1300 (bir min üç yüz) manat; Ağ qızıldan 15 iri brilyant qaşla bəzədilmiş qolbaq (6000 manat dəyərində) 1 ədəd- dəyəri 8600 (səkkiz min altı yüz) manat; 21 əyar “beşlik” qızıl- dəyəri 800 (səkkiz yüz) manat; 21 əyar “onluq” qızıl- dəyəri 1600 (bir min altı yüz) manat. Odur ki, ilkin iddia tələbinə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Friddun qızından alınaraq ona qaytarılmasını və ya qızıl-zinət əşyalarının əvəzi olan ümumilikdə 25000 manat pul vəsaitinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Firuddun qızından alınaraq ona ödənilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflərin yanvar ayında münasibətləri faktiki olaraq kəsilmişdir. İddiaçıya elə də çox qızıl zinyət əşyaları alınmayıb. İddia ərizəsində qeyd edilən qızıl beşlik və onluq ailəyə iddiaçının atası tərəfindən hədiyyə olunub. Ona görə də belə təklif edilmişdir ki, həmin hədiyyə ailəyə edildiyindən tərəflər arasında bölünsün. Tələb edilən 1000 ABŞ dolları soyuducu üçün verilmiş pul məbləğidir. Belə ki, iddiaçı tərəfindən cavabdehin evinə kifayət qədər cehiz əşyaları aparılıb. Həmin əşyalar sırasında yalnız soyuducu olmamışdır. Həmin məbləğ soyuducunun alınması üçün iddiaçı tərəfindən verilmiş puldur. Həmin pul verilsə də onlar istədikləri soyuducunu tapmadıqlarından onu almamışlar. Qarşılıqlı iddiaya münasibətdə bildirdirir ki, qarşılıqlı iddiada hər hansı bir hüquqi əsas görmür. Hətta məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı bildirmişdir ki, həmin əşyalar iddiaçıya hədiyyə olunmuşdur. Əgər hədiyyə olunmuşdursa, niyə görə həmi əşyaları istəyir. Həmçinin bildirir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilmiş ağ sarı qızıldan brilyant və mirvari qaşlarla bəzədilmiş sırğa- 1 dəst dəyəri 2000 manat, ağ qızıldan 1 ədəd iri və 16 ədəd kiçik brilyant qaşlarla bəzədilmiş üzük 1 ədəd dəyəri 4600 manat olan qızıl zinət əşyaları ilkin iddia üzrə iddiaçıya verilmiş qızıl zinyət əşyalarıdır, 21 əyar beşlik və onluq isə ilkin iddia üzrə iddiaçıya atası tərəfindən hədiyyə edilmiş əşyalardır. İlkin iddia üzrə iddiaçının evdən çıxma şəraiti, onun paltarlarının, kosmetik vasitələrinin, hətta diş həkimi olduğundan texniki vasitələri olan qutunun da ilkin iddia üzrə cavabdehin evində olması onu göstərir ki, o, qızıl zinyət əşyalarını aparmamışdır. Tələb olunan əşyalarla bağlı məhkəmədə fotoşəkillər və watsap yazışmaları təqdim edilmişdir. Bunlardan başqa məhkəməyə hər hansı bir sübut təqdim edilməsi qeyri mümkündür. Ona görə də o, məhkəmədən ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, o, ilkin iddia ərizəsini qəbul etmir. Belə ki, tələb edilən qızıl-zinyət əşyaları ilkin iddiaçı tərəfindən evdən gedərkən aparılıb. Məhkəmə proseslərində iddiaçının vəkilindən soruşulanda ki, hər gün onu atası aparıb gətirirdimi, o, bunu təsdiqləmişdir. Eyni zamanda o, qeyd edir ki, ilkin iddia üzrə iddiaçı evdən getdikdən sora yoldaşına mesaj yazaraq o, həmin evdən getmək istədiyini, yoldaşının anası, bacısı və bacısı oğlu ilə birlikdə yaşamaq istəmədiyini bildirmişdir. İlkin iddiaçı hər gün evdən getdikdə özünün müvafiq əşyaları, çantası ilə birlikdə gedirmiş, ehtimal olunur ki, o, qızılları yavaş yavaş aparmışdır. Xanım sevimli bir gəlin olmuşdur. Qızıllar heç bir halda qarşılıqlı iddia üzrə iddiaçıda olmamışdır. Həmçinin o, bildirir ki, ilkin iddia ərizəsində qeyd edilmiş qızıl zinyət əşyalarının brilyant olması, Shah Jewellry-dən alınması yalnız iddia ərizsəsində yazılmış sözlərlə təsdiqlənir. İlkin iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim etdikləri fotoşəkil və vatsap yazışmasıdır. İlkin iddiaçının vəkili qeyd etsə də ki, xanıma çox qızıl verilməmişdir. Lakin təqdim edilmiş fotoşillər də ele onu təsdiq edir ki, ilkin iddiaçıya müxtəlif növ qızıllar verilmiş və onlar onun özündədir. Watsap yazışmasına gəldikdə isə qeyd edir ki, həmin watsap yazışmasında da ilkin iddia üzrə cavabdehin qızılların onda olduğunu təsdiq edəcək heç bir fikir öz əksini tapmamışdır. Qarşılıqlı iddiaya münasibətdə isə bildirir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilmiş bütün qızıllar qarşılıqlı iddia üzrə cavabdehin özündədir. Əgər həmin qızıllar qarşılıqlı iddiaçıda olsa idi, o, onları çoxdan tələb etmişdi. Eyni zamanda bildirir ki, beşlik və onluq qızıllar xanımın atası tərəfindən Emilə hədiyyə edilmişdir. Onlar da qarşılıqlı iddia üzrə cavabdehdədir. Ona görə də o, məhkəmədən ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həm ilkin iddia tələbi həm də qarşılıqlı iddia tələbi təmin edilməməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı Elxan qızı 9 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri, 3 saylı Asan Xidmət Mərkəzində 3091 nömrəli nikah daxil olmuşlar. Onlar arasında olan münasibətlər pisləşmiş və Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı Friddun qızının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 qarşı “cehiz və qızıl-ziynət əşyalarının qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10000 manat dəyəri olan briyant qızıl dəstinin, 1 ədəd beşlik və 1 ədəd onluq adlanan qızılın 1\2 hissəsinin əvəzi olaraq 850 manatın, soyuducu alınması üçün verilmiş 1000 ABŞ dollarının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmasını, briliyant qızıl dəstinin naturada qaytarılması mümkün olmadıqda isə dəyəri olan 10000 manatın cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia tələbi üzrə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı qızıl-zinət əşyalarının məhz cavabdehlərdə olmasına dair iş materiallarına heç bir sənəd və sübut əlavə etməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən hallar işin hər hansı faktı və sübutu ilə sübuta yetirilmədi. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə qeyd edir ki, qarşılıqlı iddia tələbi də tamamilə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddiaçı iddia ərizəsində qeyd etdiyi qızıl və zinyət əşyalarının qarşılıqlı iddia üzrə cavabdehdə olmasını təsdiq edəcək heç bir sənəd və sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 77.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Bununla bərabər, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır və bu institutun xüsusi əhəmiyyət kəsb etməsi çox vacibdir. İddia tələbinin təsdiqlənməsi üçün iddia edən şəxsin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etmək səlahiyyətinə malikdir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal yaranır və belə olduğu təqdirdə məhkəmədə qaldırılan iddia üzrə borcun olmaması faktının mövcud olmadığı qənaətinə gəlməklə iddianın əsassız olması nəticəsinə gəlmək üçün zəmin yaradır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4691/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4691/2021
15.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver