Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-471/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, Cavabdeh 19 saylı şəhər poliklinikasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə cavabdeh 19 saylı şəhər poliklinikasına qarşı “ödənilməmiş əmək haqqının və vurulmuş zərərin cavabdeh 19 saylı şəhər poliklinikası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə cavabdeh 19 saylı şəhər poliklinikasına qarşı “ödənilməmiş əmək haqqının və vurulmuş zərərin cavabdeh 19 saylı şəhər poliklinikası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş ilk öncə digər hakimin icraatında olmuş, məhkəmə baxış mərhələsində isə hakim Fariz Əlizadənin icraatına verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh 19 saylı şəhər poliklinikasının müvafiq qanunsuz əmri ilə 2021-ci il tarixdə işdən azad olunmuşlar. Həmin əmr poliklinikanın rəhbər şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 tərəfindən imzalanmışdır. X2 iddiaçıları hədələməklə işdən çıxmalarını bildirmişdir. İddiaçılar da ərizələrini yazmaqla işdən azad olunmuşlar. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 19 saylı şəhər poliklinikasının nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, İddiaçı1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixli əmrə əsasən xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə izah edir ki, iddiaçı tərəfindən iddia ərizəsi düzgün formada tərtib edilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq əmrlər mübahisələndirilmədən hazırki iddia ərizəsi məhkəməyə ünvanlanmış, həmçinin vurulmuç zərərin həcmi, əsasları, maddi, mənəvi və ya əldən çıxmış fayda kimi tələb edilməsi göstərilməmişdir. Həmçinin, iddia ərizəsi üzrə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilsə də, tələb həm də ona qarşı yönəlmişdir. Məhkəmə iddiaçı tərəfə izah edir ki, iddia tələbi yalnız cavabdeh(lər)ə qarşı yönələ bilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin üzərinə qətnamə əsasında müvafiq öhdəlik qoyulması əsaslı hesab edilə bilməz. Həmçinin, işçinin əmək münasibəti iş yerinin rəhbərliyində olan şəxs(lər)lə deyil, məhz işəgötürən qismində müvafiq qurumla yaranmış və xitam verilmişdir. Əmək münasibətlərindən əmələ gələn tələb isə yalnız əmək müqaviləsi üzrə isəgötərənə qarşı yönələ bilər. İşəgötürəndən başqa şəxs(lər)ə isə iddia digər hüquqi əsaslarla irəli sürülə bilər (delikt və s.) Məhkəmə iclas protokollarına əsasən müəyyən edilir ki, hakim tərəfindən iddiaçının nəzərinə yuxarıda qeyd olunan nöqsanlar çatdırılmış, lakin iddiaçı tərəfindən iddia tələbinə müvafiq düzəlişlərin aparılması təmin edilməmişdir. Mülki işin mübahisəsiz halı odur ki, iddiaçılar əmək müqaviləsinə xitam verildikdən sonra müvafiq cavabdeh qurumda işləməmişlər. İddia tələbi üzrə isə müvafiq əmrlər mübahisələndirilməmişdir. İşçinin faktiki və ya hüquqi baxımdan işləmədiyi dövrə görə ona əmək haqqının ödənilməsi istisna olunur. Həmçinin, iş materiallarında olan müvafiq elektron məlumatlara əsasən işəgötürən qismində Bakı şəhər Baş Səhiyyə İdarəsi göstərilsə də, tərəflərin şifahi məlumatlarına əsasən əmək müqaviləsinə xitam verən qurum məhz hazırki mülki iş üzrə cavabdeh 19 saylı şəhər poliklinikasıdır. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə cavabdeh 19 saylı şəhər poliklinikasına qarşı “ödənilməmiş əmək haqqının və vurulmuş zərərin cavabdeh 19 saylı şəhər poliklinikası və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-471/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-471/2024
15.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver