Məhkəmə qərarları › İş №2(004)-472/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-472/2024

14.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-472/2024 14.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Cavabdeh1 MMC ilə əmək münasibətlərində olmuşdur. İddiaçı əmək müqaviləsi üzrə əmək funksiyasını Cavabdeh2 MMC-nin direktorunun sürücüsü kimi icra etmişdir. O, həmin vəzifə üzrə əmək müqaviləsindən kənar bayram günləri, həftənin şənbə və bazar günləri faktiki olaraq işləmişdir. İşlədiyi əlavə günlərə uyğun olaraq ona ödənilməmiş 8000 manat pul vəsaiti vardır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh2 MMC məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış əmək müqaviləsinin 2.5-ci bəndinə əsasən müəyyən edilir ki, tərəflər arasındakı əmək münasibətləri müddətli olmaqla 3 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən İşçi İddiaçı aylıq əmək haqqı 888.14 manat müəyyən edilmişdir. Həmin Müqavilənin 4.15-ci bəndinə əsasən İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olamayaraq işləyir. Həmin müqavilənin 4.16-cı bəndinə əsasən iş saat 09:00-da başlanır, saat 18:00-da bitir. Həmin müqavilənin 4.22-ci bəndinə əsasən müəyyən olunur ki, istirahət günləri həftənin şənbə və bazar günləridir. Müqavilə üzrə əmək münasibətlərindən doğan digər məsələlər ətraflı şəkildə tənzimlənmişdir (hüquqi zərurətin olmaması əsası ilə məhkəmə digər hissələri qətnaməyə köçürməyi zəruri hesab etmir). İş materiallarına X1 sənədləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, İşçinin hüquqlarınından bir neçəsi aşağıdakılardır: e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək; ə) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək; f) mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq; g) qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq; ğ) müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq; h) qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Cavabdeh1 MMC ilə əmək münasibətlərində olmuşdur. İddiaçı əmək müqaviləsi üzrə əmək funksiyasını Cavabdeh2 MMC-nin direktorunun sürücüsü kimi icra etmişdir. Cavabdeh2 MMC-nin direktoru milliyyətcə alman olmuşdur və İddiaçı alman dilinin bilir. Deməli, işçi İddiaçı ilə işəgötürən Cavabdeh1 MMC arasındakı hüquq münasibətlərlə (əmək) işəgötürən Cavabdeh1 MMC tapşıran (xidmət göstərilən və s.) Cavabdeh2 MMC arasındakı hüquq münasibətlərini (mülki) ayırmaq lazımdır. Yəni, işçi İddiaçı əmək münasibətlərini işəgötürən Cavabdeh1 MMC qarşılıqlı olaraq öhdəliklərini icra etməklə mükəlləfdirlər. Odur ki, Cavabdeh2 MMC münasibət üzrə iddiaçı ilə tərəf deyildir, bu səbəbdən iddia sonuncuya münasibətdə təmin edilə bilməz. İşçi işəgötürən qarşısında əmək müqaviləsinin şərtləri həddində öhdəlik daşıyır. Əmək müqaviləsindən şərtlərin kənar işçinin iş vaxtından artıq işə cəlb edilməsi Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmək Məcəlləsində müəyyən edilmiş normalar (məhkəmə maddələri, detalları qeyd etməyi zəruri hesab etmir) və məhdudiyyətlər çəçivəsində tərəflərin qarşılıqlı razılığı ilə yolveriləndir. Əgər belə xüsusatlar varsa, İşçi əmək müqaviləsi üzrə şərtlərin yenidən müəyyənləşdirilməsi tələbi ilə işəgötürənə müraciət etməlidir. Əks halda işçi əmək müqaviləsindən kənar öhdəliklərlə mükəlləf edilə bilməz. İşçilərin hüquqlarının pozulması ilə bağlı səlahiyyətli dövlət orqanına (Əmək Müfəttişliyi) müraciət edilə və işəgötürənlər barədə sanksiya tədbirlərinin görülməsinə nail oluna bilər. Məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 əmək mübahisələri üzrə mülki işlərə cəlb edilməsinin məqsədi budur. Məhkəmə nəzərə alır ki, yuxarıda qeyd olunanlar hüquqi-nəzəri məsələlərdir. Faktiki olaraq təcrübədə münasibətlər başqa formada cərəyan edə bilir. Lakin, məhkəmə iddiaçıya izah edir ki, hakimin özü də qanundan asılıdır və yalnız qanun və müqavilə şərtləri çərçivəsində pozulmuş hüquq və azadlıqların müdafiəsini təmin edə bilər. Məhkəmə qərarı qanuni və əsaslı (sübutlara əsaslanmalı) olmalıdır. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar