Məhkəmə qərarları › İş №2(004)-4758/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4758/2021

12.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4758/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş 03.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat, onun hamiləlik dövründən hazırki günədək olan xərclərinin hər ay üçün orta hesabla 100 manatdan hesablanaraq cəmi 2000 manat birdəfəlik və maddi vəziyyətinin yaxşı olmadığından müvafiq olaraq hər ay sabit pul məbləğində 100 manat onun xeyrinə alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı Şəhəri Səadət X4 tərəfindən 08.11.2019-cu il tarixində rəsmi nikah qeydə alınmışdır. Birgə nikahdan 03.09.2020-ci il təvəllüdlü X2 adlı uşağı anadan olmuşdur. Cavabdeh hamiləliyi dövründən hazırki günədək demək olar ki, ailə ilə maraqlanmır, onun və uşağın saxlanılması üçün maddi və mənəvi heç bir dəstək göstərmir. Artıq bir müddətdir ki, nikahları formal xarakter daşıyır. Nikahın ləğvi barədə ərizə verməməyinin səbəbi uşağının ata qayğısından məhrum olaraq gələcəkdə psixoloji zərbə almamasıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək və iddia ərizənin məzmununa uyğun izahat verərək, övladı 03.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin və övladının 3 yaşına çatana qədər hər ay 100 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, övladı 03.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 180 manat aliment ödəməyə razı olduğunu, iddia tələbinin qalan hissədə qəbul etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ş materiallarından görünür ki, Səadət Sarayı (Bakı Nikah evi) Qeydiyyat şöbəsində İddiaçı ilə Cavabdeh arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 noyabr 2019-cu il tarixdə 941 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 534307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 sentyabr 2020-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı yazılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin (ərdən) aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi valideyinlərin əsas vəzifəsidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında arasında 08.11.2019-cu il tarixdə Səadət Sarayı (Bakı Nikah evi) Qeydiyyat Şöbəsində 941 nömrə ilə qeydiyyata alınmış nikah bağlanmışdır. Cavabdehlə birgə nikah münasibətlərindən 03.09.2020-ci il təvəllüdlü X2 anadan olmuşdur. Birgə nikahdan anadan olmuş övladı isə İddiaçı himayəsindədir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində hansı hallarda alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsi təsbit edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ailmentin cavabdehdən sabit pul məbləgində tutulmalıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddianın 03.09.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması hissəsi təmin olunmalıdır. Məhkəməyə ünvanladığı ərizəsində cavabdeh həmin məbləgi ödəməyə etiraz etməmişdir. Alimentin tutulması iddiaçı tərəfindən bu barədə məhkəməyə ərizə verildiyi, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddianın uşağın 3 yaşına kimi cavabdehdən 100 (bir yüz) manat alimentin tutulması hissəsi qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə uşaq 3 yaşına çatana kimi 50 manat tutulmalı, alimentin tutulması iddiaçı tərəfindən bu barədə məhkəməyə ərizə verildiyi, yəni 08 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. 03 sentyabr 2020-ci il təvəllüdlü X2 3 (üç) yaşına çatanadək, yəni 03 sentyabr 2023cü il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma vaxtı 08 iyul 2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar