Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4763/2021 06.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14.07.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikahı Yasamal rayon qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Birgə nikahdan 19.12.2019-ci il tarixdə İlqar adlı uşağı anadan olmuşdur. Cavabdeh tərəfindən uşağının saxlanılması üçün heç bir maddi köməklik göstərilmir. Maddi vəziyyəti çox ağırdır, aldığı məvaciblə uşağın saxlanılmasında çətinlik çəkir. Cavabdeh uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərmir. Dəfələrlə onun və uşağının saxlanılması üçün cavabdehdən maddi kömək istəsə də,o kömək etməkdən imtina edir. Bu səbəbdən məcbur qalıb məhkəməvə müraciət edir. Hesab edir ki, Cavabdeh ailəsinə baxmadığından 1 uşağın və onun saxlanılması ilə bağlı maddi köməklik göstərmədiyindən, birgə nikahdan olan uşağının saxlanılması üçün 250 manat sabit pul məbləğində və uşağının 3 yaşı tamam olana qədər hər ay 150 manat aliment cavabdehdən tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh uşağının saxlanılması üçün 250 manat sabit pul məbləğində və onun saxlanılması üçün 150 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşağın 1 yaş yarımına kimi heç bir köməklik göstərməmişdir. Həmin dövrdə xüsusi karantin rejimi olduğu üçün iddia qaldıra bilməmişdir. Onların nikahları pozulmamışdır. Əvvələr işləsə də, hazırda işləmir. Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır və uşağın saxlanılmasında iştirak etmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, o, bügünə kimi iddiaçıya nikahın pozulması ilə bağlı müraciət etsə də, iddiaçı bundan imtina etmişdir. O, hazırda sürücü işləyir və aylıq gəliri 250 manat civarındadır. İddiaçının tələb etdiyi aliment miqdarını ödəmək iqtidarında deyildir. Bundan başqa münasibətlərinin pozulmasına səbəb iddiaçının ona xəyanət etməsi şübhələridir. Belə olan halda uşaqların da ondan olmaması ehtimalı vardır. Hələlik qanunvericliklə müəyyən edilmiş qaydada aliment tutulmasına razıdır. Belə ki, iddiaçı tələb edilən aliment məbləği ondan tutulacaq təqdirdə onun özünün yaşaması üçün gəliri qalmayacaqdır. Odur ki, məhkəmədən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 14.07.2018-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 114 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədbəyli, arvada Məmmədbəyli soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19.12.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Nikah haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 14.07.2018-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından 19.12.2019-cu il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və birgə nikahdan olan uşaq anasının himayəsində qalır. Məhkəmə iddia tələbinin Cavabdeh uşağının saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bunun əksi olaraq iş materiallarında olan iş yerinə dair arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləməsi və aylıq 250 manat əmək haqqı alması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 175 manat məbləğində müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 19.12.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə həmçinin iddia tələbinin uşağın 3 yaşına çatanadək cavabdehdən hər ay 150 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84.2 və 84.2.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunvericilik arvadın ərindən ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində aliment almaq hüququnu müəyyən edir, lakin göründüyü kimi iddiaçı tərəfindən cavabdeh tərəfin zəruri vəsaitə malik olması, özünün əmək qabiliyyətinin olmaması, hazırda analıq məzuniyyətində olmasını və maddi yardıma ehtiyacı olması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, 19.12.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi 08.07.2021-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19.12.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat məbləğində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti 08.07.2021-ci il tarixdən müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4763/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4763/2021
06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver