Məhkəmə qərarları › İş №2(004)-4776/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4776/2024

03.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4776/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan 3 uşağın-xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1987-cu il təvəllüdlü İddiaçı ilə cavabdeh xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh arasında xx.xx.2006-ci ildə nikah qeydə alınmışdır. Birgə nikahdan 3 (üç) uşaq - xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və X4 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Sonradan xasiyyətləri uyğun gəlmədi və aralarında olan nikah əlaqələri faktiki olaraq kəsilmişdir. Cavabdehlə barışmaq, gələcək ailə həyatı və ailənin qorunub saxlanılması mümkün deyil. Yetkinlik yaşına çatmayan uşaqları isə iddiaçının himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir köməklik göstərmir. İddiaçının qazancıyla uşaqların təminatını ödəmək çətindir. xx.xx.2007-ci il təvəllüdlü qızı X2 bu il Ali məktəbə daxil olmuşdur. Onun illiyin ödəməyə iddiaçının maddi durumu kifayət etmir. Ona görədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 705 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZ-İ 268285 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X5 xx.xx.2006-cı il tarixdə nikahlarını Yasamal rayon VVADQ şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 961 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Məlikov " arvada "Məlikova" soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV 050967 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 6899 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ 894311 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X3 xx.xx.2010-cu il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1552 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ 991737 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X2 xx.xx.2007-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2645 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən, uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, uşaqları saxlamağın hər iki valideynin öhdəliyi olmasını, həmçinin cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar