Məhkəmə qərarları › İş №2(004)-479/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-479/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-479/2022 07.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı fərdi yaşayış evinin real qiymətinin müəyyənləşdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin Abşeron Rayon Məhkəməsinin 26.05.2021-ci il tarixli 2(012)-2648/2021-ci il tarixli qətnaməsinə əsasən ilkin satış qiymətinin 58 000 manat qiymətləndirilməsinin ləğv edilməklə, mənzilin bugünkü real bazar qiymətinin müəyyənləşdirilməsi üçün qiymətləndirici dəvət edilməklə sözügedən evin bugünkü günə real qiymətinin müəyyənləşdirilməsi və həmin evin hərraca çıxarılan zaman ilkin satış qiymətinin yeni qiymətlə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı CavabdehASC-nin iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı CavabdehASC-nin xeyrinə 09 iyun 2015ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 09.06.2018-ci il tarixdən 23.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 29561,05 ABŞ dolları borcun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi və s. qət edilmişdir. İpoteka əmlakının ilkin satış qiyməti müəyyən edilərkən həmin əmlakın 2015-ci ildə tərəflər arasında bağlanmış ipoteka müqaviləsi ilə müəyyən edilmiş qiyməti əsas götürülmüşdür. Halbuki həmin əmlakın hazırda bazar dəyəri 150 000 manatdır. 2015-ci ildən bu günədək 6 ildən artıq vaxt keçmişdir. Daşınmaz əmlakın bazar qiymətlərində ciddi artım baş vermişdir. Mənzilin bu qədar aşağı məbləğlə qiymətləndirilməsi onun bank tərəfindən mənimsənilməsidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, qətnamə ilə iddiaçıdan kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmasında məqsəd həmin qətnamənin icrasının yubadılması məqsədi daşıyır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə iddiaçı iddiasını onun tərəfindən banka ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin başqa məhkəmə qərarı ilə düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır. İddiaçıya məxsus ipoteka əmlakının qiyməti Abşeron Rayon Məhkəməsinin 2(012)- 2448/2021 saylı 26 may 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamədən apelyasiya şikayəti verilməmiş və ipoteka predmetinin Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti mübahisələndirilməmişdir. Mülki Prosessual Məcəllənin 82.3–cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, iddiaçıya məxsus ipoteka əmlakının hərraca çıxarılacaq ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və hazırkı mülki işdə mübahisələndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan məhkəmə qərarı ilə müəyyən edilmiş əmlakın qiymətindən narazı qaldığı halda həmin qətnamədən həmin əsasla apellyasiya şikayəti verməli və işə apellyasiya qaydasında baxılacağı halda yeni qiymətləndirmə ekspertizasının təyin edilməsini tələb etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar