Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4832/2025 14.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə İsmailoviçin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğvi, ipoteka predmetinin boşaldılması, mənzilin satılaraq həmin vəsaitdən pulun ödəilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc müqaviləsinin ləğvi, ipoteka predmetinin boşaldılması, mənzilin satılaraq həmin vəsaitdən pulun ödəilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla X2 arasında bağlanmış xx.xx.2024 ci il tarixli 3M-2410 reyestr nömrəli borc müqaviləsinin ləğv edilməsi, ipoteka predmeti olan ünvan 1, mənzil 37-nin boşaldılması və həmin mənzilin satılaraq əldə olunmuş vəsaitdən 103.420 manat (yüz min manat əsas borc, 420 manat ödənilmiş dövlət rüsumu, 3000 manat hüquqi xidmətlərə görə ödənilmiş məbləğ) məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Həmçinin bu borc müqaviləsinin təminatı kimi xx.xx.2024-cü il tarixli 3M-2412 nömrəli ipoteka müqaviləsidə bağlanıb. Həmin bu borc müqaviləsinə görə cavabdeh ondan götürdüyü 100.000 manat məbləğində pulu xx.xx.2026-cı il tarixində qaytarmalıdır. Lakin o, cavabdehin maliyyə vəziyyətini yoxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixində onun fəaliyyət göstərdiyi obyektdə oldu. Obyektə baxış keçirilən zaman orada texniki avadanlıqlarla birlikdə satış üçün nəzərdə tutulmuş malların ümumi dəyərinin maksimum 5.000 manat həcmində olduğu aşkarlandı. O, cavabdehdən ona olan borcunu necə qaytaracağını soruşduqda o, qeyri-müəyyən cavablar verməyə başladı. Amma cavabdeh borc pulu götürəndə onu sahibkarlıq məqsədi ilə istifadə edəcəyini və pulun qaytarılmasında heç bir problem olmayacağını bildirmişdir. Artıq xx.xx.2025-ci il tarixində ona məlum oldu ki, cavabdeh İsmayıl Həsənovun ondan götürdüyü borc pulu qaytarmağa heç bir real imkanı yoxdur. Ona görə də o, aralarında bağlanmış müqavilənin ləğv edilməsi ilə əlaqədar pretenziya məktubu ilə cavabdehə müraciət etmişdir. Lakin əfsuslar olsun ki, cavabdeh tərəfindən heç bir adekvat hərəkətlər edilməmiş və borc pulun qaytarılması ilə əlaqədar heç bir tədbirlər görülməmişdir. Qeyd etmişdir ki, onların arasında bağlanmış ipoteka müqaviləsinin 7.1-ci bəndinə görə ipoteka saxlayan ipoteka predmetinə baxış keçirə bilər. Ona görə də o, ipoteka predmetinə baxış keçirmək üçün dəfələrlə cavabdehə müraciət etsə də, o hər dəfə bir bahanə gətirərək buna şərait yaratmamışdır. Ona görə də o, xx.xx.2025-ci il tarixində saat 18:00-da ipoteka predmeti olan həmin evə baxış keçirmək üçün gələcəyi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərmişdir. Lakin o qərəzli şəkildə həmin bu ipoteka müqaviləsinin tələblərini yerinə yetirməyərək ona müvafiq şərait yaratmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, indiki dövrdə heç kim bu qədər məbləğdə kiməsə borca verməz. Cavabdehin ambarına getdiyi zaman ona məlum oldu ki, cavabdehin işləri getmir, borcunu qaytarmaq üçün maddi baxımdan imkanı yoxdur. Keçən məhkəmə iclasında cavabdehin atası deyib ki, ona onun əmlak lazımdır deyə iddia qaldırmışdır. Onun hazırda yaşamadığı 3 evi var, ona əlavə ev lazım deyil. Sadəcə verdiyi borcu tələb edir. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdehdən 100000 manatı hara xərclədiyini soruşanda, dəqiq cavab verə bilmir. Ambarına getdiyi zaman gördü ki, boşdur. Heç 5000 manatlıq mal yoxdur. 100000 manatdan əlavə müəyyən qədər gəlir də verməli idi. Ancaq hal-hazırda gəliri istəmir, əsas borcu tələb edir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil çıxış edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə İsmailoviç iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya borcu var. Borcu 100000 manat təşkil edir. 2026-cı ilin aprel ayına kimi borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüş, hazırda isə sentyabr ayıdır. İddiaçı ona pul verməmişdən əvvəl onların tanışlığı olmamışdır. O, pulu hara xərclədiyi barədə məlumat verməli deyil. Kredit götürmək üçün artıq banka müraciət etmiş, ola bilsin ki, aprel ayından da tez borcunu qaytaracaq. Ona verilən suallara cavab olaraq bildirdi ki, danışıqlar zamanı o, demişdir ki, çalışacaq ki, pulu tez versin, alınmasa 12 aprel 2026-cı il tarixində tam şəkildə verəcək. Bugünkü gün pulu tam qaytara bilmir. Çünki, işlərinə görə xərcləmişdir. Əgər işlərinə görə gəlir əldə edə bilməsə, özünə məxsus 2 mənzili var. Onu satıb, borcunu ödəyəcək. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 071438 saylı, 09 oktyabr 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 09 oktyabr 2015-ci il tarixdə nikah bağlanmış və həmin nikah 183 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Həsənov”, arvada “Həsənova” soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 37 saylı mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024cü il tarixli borc müqaviləsinə əsasən “borc verən” “borc alana” 100000 manat məbləğində pul borca vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” borcu xx.xx.2026-cı il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 6-cı bəndinə əsasən borc alan müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirilir. Müqavilənin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçməsi haqqında borcluya yazılı bildiriş göndərilməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. - İddiaçı (ipoteka saxlayan) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 67,70 kv.m. ümumi sahədən ibarət 37 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, öhdəliyin yaranması əsası İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsi. Müqavilənin 3.2-ci bəndinə əsasən ğhdəliyin ölçüsü illik 0 faiz dərəcəsi ilə verilmiş 100 000 manatdır. Müqavilənin 3.3-cü bəndi öhdəliyin icra müddəti: borc müqaviləsinə uyğun olaraq vəsaitin borcluya təqdim edildiyi tarixdən xx.xx.2026-cı il tarixinədək. Müqavilənin 9.1-ci bəndi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda. - Bakı şəhəri 32 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş X1 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini bildirmişdir. - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən onların arasında 12 oktyabr 2024-cü il tarixdə reyestrdə 3M-2412 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinin 7.1 saylı bəndinə əsasən ipoteka predmetinə baxış keçirə bilər. Ona görə də o, ipoteka predmetinin hal-hazırdakı vəziyyətini bilmək üçün mənzilə baxış keçirmək istəyir. Ona görə də, xx.xx.2025-ci il tarixdə saat 18:00-da ipoteka predmeti olan həmin evə baxmağa gələcəyini bildirmiş və onun evə baxmaq üçün şərait yaratmaqlarını xahiş etmişdir. - İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən ondan götürdükləri 100.000 (bir yüz min) manat məbləğində borc pulun xx.xx.2025-ci il tarixə kimi qaytarmaqlarını, o vaxta kimi pul öhdəliyini yerinə yetirməsələr, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan 100000 manat məbləğində pul vəsaiti almışdır. Müqavilənin 2-ci bəndinə əsasən borcun xx.xx.2026-cı il tarixinədək qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı cavabdehin maliyyə vəziyyəti pisləşdiyi üçün borcu qaytara bilməyəcəyi qənaətinə gəlmiş, bu səbəbdən də müqavilənin AR Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən ləğv edilməsini və ipoteka predmetinin (mənzilin) satılaraq əldə olunan məbləğdən borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin maddənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. İşin faktiki halı odur ki, iddiaçı ilə cavabdeh arasında 100000 manat məbləğində borcun xx.xx.2026-cı ilədək qaytarılması şərti ilə xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmış, eyni zamanda müqavilənin icrası üçün cavabdehə məxsus mənzil ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Müqavilənin qüvvədəolma müddəti hələ başa çatmamışdır (xx.xx.2026-cı ilədək), yəni müqavilə müddətinin bitməsinə təxminən 7 ay vardır. İddiaçı tərəfindən təqdim olunan sübutlar əsasında cavabdehin maliyyə vəziyyətinin borcun qaytarılmasına real maneə yaratdığı, yaxud müqavilənin icrasının mümkün olmayacağı məhkəmə tərəfindən təsdiqlənməmişdir. Həmçinin cavabdeh müqavilə müddəti bitəndə öhdəliyini icra edəcəyini bildirmişdir. İddiaçı şəraitin dəyişməsi səbəbindən müqavilənin vaxtından əvvəl ləğvini tələb etsə də, cavabdehin müqavilə bağlanmamışdan əvvəlki vəziyyətinə (şəraitə dair) dair, eləcə də əvvəlki vəziyyətinə nisbətdə hazırki halda vəziyyətinin pisləşməsinə (şəraitin dəyişməsinə) dair sübutlar təqdim edilməmişdir. Belə ki, AZEMİS məlumatlarından və işdə olan sübutlardan da cavabdehin mülkiyyətində daşınar və daşınmaz əmlaklar olduğu müəyyən edilir. Eləcə də, məhkəmə qeyd edir ki, borcun qaytarılması öhdəliyinin icrası üçün əlavə öhdəlik barədə müqavilə bağlanmış - cavabdehə məxsus mənzil ipoteka ilə yüklü edilmişdir, hansı ki, həmin müqavilədə də öhdəliyin icra müddəti xx.xx.2026-cı il tarixinədək göstərilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, müqavilə müddəti hələ bitmədiyindən və cavabdehin müqaviləni yerinə yetirmək niyyəti və imkanı olduğu təsdiqləndiyindən, iddiaçının “şəraitin dəyişməsi” (AR MM-nin 422-ci maddəsi) əsasına istinadla müqavilənin ləğv edilməsi barədə tələbi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80 və 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Anatolyeçivin Cavabdeh qarşı “borc müqaviləsinin ləğvi, ipoteka predmetinin boşaldılması, mənzilin satılaraq həmin vəsaitdən pulun ödəilməsi” tələbinə dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4832/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4832/2025
14.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver