Məhkəmə qərarları › İş №2(004)-4956/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4956/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4956/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 20 nömrəli “Təmir-tikinti podrat müqaviləsi”nə xitam verilməsi və həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ödənilmiş 6000 manat pulun, ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə Cavabdeh MMC ilə onun arasında №20 saylı Təmir-Tikinti Podrat müqaviləsi bağlanmışdır. Müqavilə predmetinə əsasən “Podrarçı” “Sifarişçi” nin tapşırığı üzrə bu müqavilənin 1.2 bəndində göstərilmiş işləri yerinə yetirməyi və onun nəticələrini “Sifarişçi” yə təhvil verilməsini öhdəsinə götürür. “Sifarişçi” isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən “Sifarişçi” ünvan 1 ünvanında olan tikintinin sifarişini “Podratçı”ya həvalə edir. Müqavilənin 1.4-cü bəndinə əsasən təmirin qiyməti 14145 manat müəyyən olunmuşdur. Müqavilənin 3.2-ci bəndinə əsasən “Sifarişçi” “Podratçıya” 6000 (altı min) manat ödəniş etməsini öz öhdəsinə götürür. Onun tərəfindən müqavilə şərtlərinə tam əməl olunmuş və 27 iyun 2023-cü il tarixdə işlərin başlaması məqsədilə cavabdehə 6000 (altı min)manat ödəniş edilmişdir. Müqavilə şərtlərinə əməl etsə də cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Müqavilənin 4.1.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi üçün müddət 90 gün müəyyən olunmuşdur. Lakin, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş və təmir işlərinə başlamamışdır. Bununla bağlı cavabdehə rəsmi və qeyri rəsmi müraciət etsə də cavabdeh müraciətlərinə müsbət cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC ilə aramızda təmir-tikinti podrat müqaviləsi imzalanmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Müqaviləni şərtlərinə görə mən cavabdeh tərəfə 6000 manat ilkin ödəniş etməli, qalan məbləği isə bir il ərzində hər ay 678 manat olmaqla ödəməli idi. O, cavabdehə işlərin başlanması üçün 6000 manat ödəniş etsə də, cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Müqavilədə işlərin təhvil verilməsi üçün müddət 90 gün müəyyən edilmişdir. Cavabdeh şirkət 29-30 iyun tarixində işə başlamalı idi. Dəfələrlə cavabdeh şirkətlə əlaqə saxlamış, cavabdeh şirkət yalnız vaxt uzatmışdır. Cavabdeh şirkətə bildiriş göndərsə də, bildiriş geri qaytarılmışdır. Cavabdeh şirkətə sonuncu dəfə iyul ayında müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, cavabdeh işlərə ağlabatan müddətdə başlamalı idi. Lakin həmin vaxt materialların qiymətində kəskin bahalaşma olmuşdur. Sonrdan şirkət işə başlamaq istəsə də, iddiaçı özü razı olmamış, işin ləngidildiyini bildirmişdir. Həmin müddət ərzində lazım olan materiallar alınmışdır. Tərəflər arasında məbləğdə razılıq olmamışdır. Materialların alınması, gətirilməsi xərcləri, qiymətlər arasında fərq olmuşdur. Cavabdeh şirkət iddiaçıdan alınmış pulun qaytarılmasından imtina etmir. Lakin qarşı tərəfin səbirsizliyi ucbatından şirkət də ziyana düşmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-ci il tarixli “Təmir-tikinti podrat müqaviləsi”nə əsasən, “podratçı” “Sifarişçi”nin tapşırığı ilə Qaradağ ravonu, Sahil qəsəbəsi, İİ yaşayış massivi, blok A ünvanında yerləşən 1 nömrəli mənzili təmir etməyi və onun nəticələrini "Sifarişçi”yə təhvil verilməsini, "Sifarişçi" isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən, müqaviləyə əsasən, 69 kv.m olan təmirin qiyməti 14145 manat müəyyən edilmişdir. Müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən, sifarişçi” "Podratçıya” 6000 manat ilkin ödəniş və hər ayın 27 –i tarixinədək müqavilənin hissəvi ödəniş şərtlərinə əsəsən aylıq ödənişin ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, İddiaçı 6000 manat ilkin ödəniş olmaqla, qalıq 8145 manat borcu hər ay 678 manat olmaqla xx.xx.2024-cü il tarixədək, ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa xx.xx.2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2023-ci il tarixli “Təmir-tikinti podrat müqaviləsi” üzrə 6000 manat ödəniş etmişdir. İş materiallarında olan bildirişdən və poçt qaiməsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü ildə təmir üçün bağlanmış müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən işə başlanılmaması, bağlanmış müqaviləyə əsasən işin nə zaman başlayacağına qərar verilə bilinməməsi, dəfələrlə əlaqə üçün edilən zənglərə cavab verilməməsi, artıq müqavilə müddətinin 1/6 hissəsinin keçməsinə baxmayaraq hələ də təmir üçün heç bir iş görülmədiyindən, bunun üçün üzrlü səbəb göstərilmədiyindən, yaranan anlaşılmazlığı nəzərə alaraq, onun tərəfindən xx.xx.2023 ildə təmir üçün bağlanmış müqaviləyə xitam vermək istəməsi qeyd edilmiş və təmir üçün ödənilən ilkin ödənişiin (6000 AZN) geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC (podratçı) İddiaçı (sifarişçinin) sifarişinə əsasən Qaradağ ravonu, Sahil qəsəbəsi, İİ yaşayış massivi, blok A ünvanında yerləşən 1 nömrəli mənzili təmir etməyi öz öhdəsinə götürür. Sifarişçi işlərin yerinə yetirilməsinin əvəzində podratçıya bu ilkin ödəniş 6000 manat, xx.xx.2024-cü il tarixədək hər ay 678 manat olmaqla, cəmi 14145 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh MMCyə xx.xx.2023-ci il tarixdə “Təmir-tikinti podrat müqaviləsi” üzrə 6000 manat ödəniş etmişdir. Cavabdeh MMC tərəfindən iddiaçının məznilində heç bir təmir işləri görülməmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə əsasında podrat münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən cavabdeh iddiaçıya aid mənzildə təmir-tikinti işlərini aparmağı, iddiaçı isə xidmətin dəyərini ödəməli olmuşdur. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilədən imtina etməkdə və ödənilmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında müqaviləyə xitam, ləğvetmə və müqavilədən imtina anlayışlarına aydınlıq gətirərək vurğulamışdır ki, nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Nəzəriyyədə “müqavilədən imtina” əsasən öhdəliklərin qarşılıqlı icrasını nəzərdə tutan (sinallagmatic) müqavilələrdə öhdəliklərin icrasının gecikdirilməsi səbəbilə kreditorun müqaviləyə onun bağlandığı andan, yəni geriyə şamil olunan şəkildə (ex tunc) xitam verməsi hallarını ehtiva edir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırkı iddia ərizəsindən, tələbin mahiyyətindən, iddiaçının izahatından görünür ki, iddiaçının iddia ərizəsinin verilməsində əsas məqsədi cavabdeh tərəfindən mənzili təmir edilmədiyindən, yəni müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyinə əsaslanmaqla əqddən – xx.xx.2023-cü il tarixli müqaviləsindən irəli gələn hüquqi münasibətlərin birtərəfli qaydada aradan qaldırılması, yəni müqavilədən imtina etməklə ona xitam verilməsidir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda şərh edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq belə qənaətə gəlir ki, hazırkı işdə iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin podrat müqaviləsinə dair yuxarıda qeyd edilən maddələri ilə yanaşı, 421.3-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 447.2-ci maddəsinə uyğun olaraq, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırılırsa tərəf müqavilədən əlavə müddət təyin edilmədən və ya xəbərdarlıq edilməsi zərurəti olmadan imtina edə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından və Konstitusiya Məhkəməsi Plenumunun Qərarından da göründüyü kimi, digər tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etmədikdə müqavilənin tərəfi müqavilədən birtərəfli qaydada imtina etməklə müqaviləyə xitam verə bilər və bu halda müqavilə Mülki Məcəllənin 423.3-cü maddəsinə uyğun olaraq ləğv edilmiş hesab olunur. Hazırki iş üzrə cavabdeh tərəfindən öz öhdəliyinin qanunauyğun şəkildə icra edilmədiyi müəyyənləşdirilmişdir. Qeyd olunanlar mülki işin materialları öz təsdiqini tapmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 20 nömrəli “Təmir-tikinti podrat müqaviləsi”nə xitam verilmiş hesab edilməli, Cavabdeh MMC-dən 6000 (altı min) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumu da cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 20 nömrəli “Təmirtikinti podrat müqaviləsi”nə xitam verilmiş hesab edilsin. Cavabdeh MMC-dən 6000 (altı min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80 (səksən) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar