Məhkəmə qərarları › İş №2(004)-4963/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4963/2025

25.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4963/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdan sonrakı artımlarda nəzərdə tutulmaqla hər ay hər uşaq üçün ölkə üzrə müiəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddində sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə tarixdə nikahları rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 adında iki uşaqları doğulmuşdur.Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması onların tamamilə başqabaşqa adamlar olmaqlarını sübut etdi. Cavabdeh ailəsinə qarşı laqeyd yanaşır va övladlarının təminatını təmin etmir, onlara mənəvi belə dəstək göstərmir. Hazırda ayrılmışdırlar və o, övladları ilə birlikdə yaşayır. Cavabdeh mənzili tərk edərək getmişdir. Hazırda uşaqlarının maddi cəhətdən təmin olunması üçün çətinlik çəkməməyim və onların gündəlik tələbatı, sağlamlığı və ümumiyyətlə cəmiyyətə layiqli bir insan kimi yetişməsi üçün kifayət qədər vəsait tələb olunacaq ki, təkbaşına bunu etmək mümkün olmayacaq. Bütün öhdəliklər özünün üzərində qalacaqdır. Halbuki, uşaqlarının saxlanılması üçün onun tələbatını ödəmək bir valideyin kimi cavabdehin də üzərinə düşür ki, gələcəkdə hazırki vəziyyətdə böyüdə bilsin. Bu səbəbdən də hesab edir ki, hazırda himəyəsində olan va yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün cavabdehdən sonrakı artımlarda nəzərdə tutulmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,87 misli həddində sabit pul məbləğində aliment tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2 ildir ki, birgə yaşamırlar.Cavabdeh keçmiş polis işçisi olmuşdur.Onun başqa şəxslərlə münasibəti var. Qayınanası onu istəməyib və nikahları pozulmadan cavabdehin 2-ci dəfə ailə quracağını bildirmişdir. Hətta onu evdən çıxarmaqla, cavabdeh də içkili halda pəncərələri sındırıraraq onu öldürməklə hədələmişdir. Evi əmisi almışdır, lakin qardaşının adınadır. Cavabdeh onu işdən çıxartdığını iddia edir. Lakin bu doğru deyildir. Verilən suala isə cavab olaraq bildirimişdir ki, cavabdeh hər ay 500 manat məbləğində maddi yardım göstərmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı tərəfdindən işdən çıxarılmışdır. Hər ay 500 manat pul vermişdir. İşsiz qaldığı üçün çətinlik yaşamış və pul verə bilməmişdir. Uşaqlarla bağlı hər bir öhdəliyi üzərinə götürə bilər. Müəyyən edilən aliment məbləğini də verə bilər. Hazırda barışmağa da razıdır. Onu da qeyd etdi ki, ailəsi üçün həmişə bahalı əşyalar almışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, Hal-hazırda işsizdir, işdən 2025-ci ilin iyul ayında çıxmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-l seriyalı 550699 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 08 yanvar 2010-cu il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında 09 saylı akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 102574 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1700 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. 3 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı 921462 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1279 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00847 nömrəli “İlkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışından görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “AZEMİS” Elektron İnformasiya sistemindən cavabdehin iş yeri barədə məlumat əldə oluna bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4- 1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qeyd edilən Qanunvericilik normalarına əsaslanaraq və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqeni, uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlanılması atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə eyni zamanda hesab edir ki, alimentin tutulması 15 avqust 2025-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 15 avqust 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar