Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4996/2025 10.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmək haqqının ödənilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı fəhlə vəzifəsinə işə götürülmüşdür.
2. Müqavilə xx.xx.2025-ci il tarixədək bağlanmış və əmək haqqı 345 manat müəyyən edilmişdir.
3. "xxxx" MMC-nin direktoruna Təsərrüfat şöbəsinin rəisi tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, işçi İddiaçı xx.xx.2024-cü il tarixdən işə çıxmır.
4. "xxxx" MMC-nin direktoruna Təsərrüfat şöbəsinin rəisi tərəfindən yazılan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, işçi İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək işə çıxmamışdır.
5. "xxxx" MMC tərəfindən tərtib edilən kartoçkadan görünür ki, İddiaçı ödənilməli əmək haqqı məbləği 2750,51 manat təşkil edir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 6232 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 500 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 82,32 manat məbləğdə pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddianın əsaslarına görə, 2022-ci ilin aprel ayından 2024-cü ilin fevral ayınadək əmək müqaviləsi bağlamadan qeyri-qanuni "xxxx" MMC-də mühafizəçi işləmişdir. Lakin 2024-cü ilin fevral ayında onun razılığı olmadan işinə xitam verərək onu işdən kənarlaşdırmışdır. İşlədiyi müddətdə onun maaş kartı olmayib, aldığı əmək haqqının bir hissəsi əlbəəl verilib. Yerdə qalan hissəsi tam ödənilməmişdir, ümumilikdə 5100 manat əmək haqqı, 3 gün əlavə işlədiyi üçün 102 manat, məzuniyyətsiz işlədiyi üçün 680 manat məzuniyyət pulu və 2024-cü ilin yanvar ayından 50 manat artım olduğuna görə 350 manat artım pulu almalıdır. Toplamda alacağı əmək haqqı 6232 manatdır.
b) iddiaya qarşı etiraz
8. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək iddianın qismən, yəni 2750 manat hissəsində təmin edilməsini xahiş etmişdir.
9. Etirazın əsaslarına görə, iddiaçı ilə ММС arasında xx.xx.2024-cü il tаriхdə əmək müqaviləsi bağlanmışdır. Həmçinin iddiaçı xx.xx.2024-cü il tаriхdən işə çıxmamışdır. MMC-nin iddiaçıya olan əmək haqqı borcu 2750 manat təşkil edir. Hazırda MMC fəaliyyəti dayandırıldığından və MMC-nin ödəmə qabiliyyəti olmadığından həmin borcun ödənilməsi qeyri-mümkündür.
c) məhkəmə icraat iştiakçılarının izahatları
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclası barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: ... b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;; Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır; Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir; Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
15. İşin faktiki hallarını maddi hüquqi əsaslar baxımından yoxlayan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
16. İşin mübahisəsiz hallarından da aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı fəhlə vəzifəsinə işə qəbul olunmuşdur.
17. İddiaçı hazırda ona ödənilməyən əmək haqqı məbləği olaraq 6232 manat pul vəsaitinin ödənilməsini xahiş etməklə cavabdeh MMC-də 2022-ci ilin aprel ayından etibarən əmək müqaviləsi bağlamadan faktiki işlədiyini bildirir.
18. Lakin, iddiaçının qeyd etdiyi faktiki hal - əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Bu barədə hər hansı sübut iş materiallarında mövcud deyil. Odur ki, həmin dövr üzrə hər hansı ödəncin cavabdehdən tutulması mümkün deyil.
19. Lakin, işdəki sübutlarla dəqiq olan odur ki, iddiaçı xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi bağlamaqla işçi olaraq işə götürülmüşdür və həmin əmək müqaviləsi üzrə ödənilməmiş əmək 2750 manat təşkil edir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla işdəki sübutlarla – müvafiq hesabdan çıxarış (kartoçka) və cavabdehin etirafı ilə təsdiqini tapan hissədə təmin edilməlidir.
21. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddiaçı tərəfindən məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumu aşkar edilmir, hüquqi xidmət haqqı olaraq qeyd edilmiş 500 manatın ödənilməsinə dair də hər hansı sübut mövcud deyil. Odur ki, bu hissələrdə tələb təmin edilməməlidir.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2750 manat məbləğdə əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqının əvəzi olaraq 2750 manat məbləğdə pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə