Məhkəmə qərarları › İş №2(004)-5017/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5017/2023

27.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5017/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə aylıq 446,46 manat olmaqla üç ay üzrə (2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları) ödənilməmiş cəmi 1339,38 (Min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat əmək haqqının, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan 50 manat ilkin mediasiya sessiyası xərcinin ona ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 02 mart 2021-ci ildə "xxxx" MMC-yə kredit üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. (əmr № 25/k). 19 may 2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir. (əmr № 62/k). 20 may 2021-ci ildə Cavabdeh MMC-yə kredit üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. (əmr № 725/k). 03 oktyabr 2022-ci il tarixdə həmin müəssisədə inzibatçı vəzifəsinə keçirilmiş, (əmr № 1259/k) 28 fevral 2023-cü ildə AR Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndi ilə öz xahişi ilə işdən azad edilmişdir. (əmr № 401/k) Cavabdeh MMC-də (bundan sonra cavabdeh) inzibatçı vəzifəsində çalışdığı zamanı əmək haqqı 500 manat olub, vergi, sosial sığorta haqqı və icbari ödəmələr tutulandan sonra kart hesabıma aylıq olaraq 446,46 manat əmək haqqı köçürülüb. Onunla bağlanmış əmək müqaviləsinə 28 fevral 2023-cü ildə xitam verildikdə ona son haqq-hesab ödənilərkən yalnız istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilmişdir. Üç ayın, yəni 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə əmək haqqı ona ödənilməmişdir. Pozulmuş əmək hüququnun bərpası üçün üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə şikayət ünvanlamışdır. Lakin, şikayətinə baxılmamışdır. Bundan sonra, ödənilməmiş əmək haqqının mənə ödənilməsi üçün cavabdehə 18 iyul 2023-cü il tarixli mediasiya təklifi göndərilmiş, lakin təklifə cavab verilməmişdir. Daha sonra ilkin mediasiya sessiyası üçün Bakı 12 saylı Mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Mediasiya təşkilatı tərəfindən 11 avqust 2023 tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Cavabdehlə mübahisənin məhkəməyə qədər həlli mümkün olmadığından pozulmuş əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə və üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı 2023-cü ilin fevral ayında işdən azad edilmişdir. Həmin vaxt mağazaların fəaliyyəti dayandırılmışdı. Cavabdeh MMC-nin az sayda əməkdaşları qalmışdır. Onlar işçilərin bəzilərinin yeni yaradılmış "xxxx" MMC-yə işə götürülməsini təklif etmişlər. İddiaçı 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral aylarında işləməmiş, işə gəlməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə1 iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1259/K nömrəli xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh MMC-də inzibatçısı vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli 401/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 446,46 manat əmək haqqı, xx.xx.2023-cü il tarixdə 163,98 manat son haqq-hesab ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, vətəndaşlar Qululu Rövşən Hicran oğlu, X1 və İddiaçı əmək müqavilələrinə xitam verilən zaman son haqq-hesablarının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin pozulmuş, buna görə də Cavabdeh MMC-nin direktoru X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 tərəfindən Qululu Rövşən Hicran oğlu, X1 və İddiaçı əmək müqavilələrinə xitam verilən zaman son haqq-hesablarının ödənilməsində qanun pozuntularına yol verilməsinə görə, sonuncu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(006)-2257/2023 nömrəli qərarına əsasən, X2 şikayətinin təmin olunması və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati iş üzrə icraata xitam verilməsi qərara alımışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək xx.xx.2022-ci il tarixli əmrlə Cavabdeh MMC-də inzibatçısı vəzifəsinə keçirilmiş və xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, öz təşəbbüsü işdən azad edilmişdir. İddiaçı cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixdə 446,46 manat əmək haqqı, xx.xx.2023-cü il tarixdə 163,98 manat son haqq-hesab ödənilmiş, iddiaçının iddia etdiyi kimi 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral aylarının əmək haqqısı ona ödənilməmişdir. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddiaçıya əmək haqqının ödənilməməsini inkar etməmiş, bunu iddiaçının həmin aylarda işləməməsi ilə bağlı olmasını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf əmək haqqının ödənilməməsini iddiaçının həmin aylarda işləməməsi ilə bağlı olmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, MPMin 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərindədir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan lakin ödənilməyən əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya ödənilməli olan lakin ödənilməyən əmək haqlarının məbləği isə İddiaçı hesabından çıxarışa əsasən, cəmi 1339,38 manat (446,46 + 446,46 + 446,46 = 1339,38) təşkil edir. Ona görə də, iddiaçıya ödənilməmiş 1339,38 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı bir faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələblər də əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. İddiaçıya 2022-ci ilin dekabr ayı üçün ödənilməli olan 446,46 manat əmək haqqının 05 yanvar 2023-cü il tarixdə verilməli olduğunu nəzərə aldıqda və həmin tarixdən hazırkı qətnamənin qəbul edildiyi tarixə, yəni 23 noyabr 2023-cü il tarixə hesablandıqda müəyyən olunur ki, 2022-ci ilin dekabr ayı üçün iddiaçıya ödənilməli olan əmək haqqı 264 gün gecikdirilmişdir. Eyni qayda ilə hesabladıqda müəyyən olunur ki, 2023-cü ilin yanvar ayı üçün iddiaçıya ödənilməli olan 446,46 manat əmək haqqı (01 fevral 2023-cü il tarixdə verilməli olan) 236 gün, 2023-cü ilin fevral ayı üçün iddiaçıya ödənilməli olan 446,46 manat əmək haqqı (01 mart 2023-cü il tarixdə verilməli olan) 208 gün gecikdirilmişdir. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq və Əmək Məcəlləsinin 172 və 195-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində ödənc hesablanmaqla, vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi cəmi 4000,26 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin məbləğ isə aşağıda göstərilən qaydada hesablanmışdır:

1. 264 gün x 446,46 manat = 117865,44 x 1% = 1178,65 manat;

2. 236 gün x 446,46 manat = 105364,56 x 1% =1053,64 manat;

3. 208 gün x 446,46 manat = 92863,68 x 1% = 928,63 manat;

4. 1178,65 + 1053,64+ 928,63= 4000,26 manat. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə - 3 ay üçün hər ay 446,46 (dörd yüz qırx altı manat qırx altı qəpik) manat olmaqla, cəmi 1339,38 (bir min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 4000,26 (dörd min manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: İddia təmin olunsun. 2022-ci ilin dekabr, 2023-cü ilin yanvar və fevral ayları üzrə - 3 ay üçün hər ay 446,46 (dörd yüz qırx altı manat qırx altı qəpik) manat olmaqla, cəmi 1339,38 (bir min üç yüz otuz doqquz manat otuz səkkiz qəpik) manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 4000,26 (dörd min manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar