Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-507/2025 18.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə ödənilmiş 22800 manat, 5000 manat maddi zərərin tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə ödənilmiş 22800 manat, 5000 manat maddi zərərin tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 avqust 2023-cü il tarixdə bankdan 23000 manat kredit götürmüş, təxminən 1 ay sonra isə Cavabdeh2 məxsus 2006-cı il buraxılışlı “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili xarici görünüşündən bəyənib almışdır. Həmin avtomobili almazdan əvvəl Cavabdeh2 oğlu Hafizlə danışmış, ilkin satış qiyməti 23.000 manat dəyərinin 22.800 manata endirilməsinə razılaşmışlar. İddiaçı əhəmiyyətli endirim edilməsini xahiş etsə də, cavabdehlər bildirmişlər ki, avtomobil əla vəziyyətdə olduğundan ciddi endirim mümkün deyildir. Avtomobilin rəsmi mülkiyyətçisi Cavabdeh3 adından iddiaçı ilə xx.xx.2023-cü il tarixdə muqaviləni bağlayan Cavabdeh2 olmuş, 22800 manat pul vəsaiti isə Cavabdeh2 oğlu Cavabdeh1 BDYPİ-də elə həmin gün verilmişdir. Həmin avtomobilin mühərriki servisdə yoxlanılarkən iddiaçıya bildirilmişdir ki, mühərrikin yağ sərfiyyatının normadan artıq olub-olmamasını vizual baxışdan müəyyən etmək mümkün deyildir, elə cihazlar mövcud deyildir, bunun üçün mühərrik sökülməli və yoxlanılmalıdır. Avtomobil dizel yanacaqla işlədiyindən həmin işlərin görülməsi üçün kifayət qədər ciddi məbləğdə pul və vaxt tələb edilir. Cavabdeh2, onun oğlanları Hafiz Behbudov və Cavabdeh1 ayrı-ayrılıqda iddiaçını əmin etmişlər ki, avtomobil saz vəziyyətdədir, iddiaçı onlara inanıb avtomobili almaq qərarına gəlmişdir. Sözügedən avtomobilin mühərrikinin yağı sonuncu dəfə 312.800 km yürüşdə, yəni, avtomobil alınan ərəfədə dəyişdirilmişdir. Lakin, cəmi 10-15 gün sonra “yağ azalması” işarəsi yandığından iddiaçı avtomobili servisə aparmış və müəyyən edilmişdir ki, avtomobildə 2 litr miqdarında yağ əskikdir. İddiaçı tərəfindən sürülən cəmi 2000 km məsafəyə 2 litr yağ yeyilmişdir. Yağ azalmasının avtomobil əvvəlki sahibi, yəni, cavabdehlər bilə bilərdi. Bundan sonra, əlavə xərcləri çəkməyə məcbur olaraq iddiaçı avtomobili yoxlatdırmış və məlum olmuşdur ki, avtomobilin digər hissələri- sürət qutusu, amortizator, yastıq və digər hissələrdə problemlər mövcuddur və avtomobili tam saz vəziyyətə gətirmək üçün 24616 manat vəsait tələb olunur. Həmçinin, avtomobil satılarkən qət etdiyi ümumi məsafə 312800 km göstərilsə də, xüsusi cihazlar vasitəsilə yoxlama zamanı müəyyən edilmişdir ki, avtomobilin yürüşü 465.000 km-dir. İddiaçı bundan sonra cavabdehlərə zəng edərək iradını bildirmiş və pulu geri qaytarılmasını xahiş etmişdir. Lakin, cavabdehlər buna məhəl qoymamışlar. Avtomobilin ciddi qüsurları olduğundan eyni məbləğə satmaqda çətinlik yaradır. Cavabdehlər avtomobilin real vəziyyətini, texniki nöqsanlarını iddiaçıdan gizlətmişlər. Həmin avtomobilə iddiaçı tərəfindən 5000 manat xərc qoyulmuşdur. Tam saz vəziyyətə gətirmək üçün iddiaçının maddi imkanı yoxdur. BDYPİdən təqdim edilən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsindən , həm də müqaviləyə əlavə edilmiş həmin tarixli ərizələrdən görünür ki, sözügedən avtomobilin texniki vəziyyətində olan nasazlıqlarla bağlı cavabdehlər tərəfindən hər hansı qeyd aparılmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və tələbin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan “X1” Mercedes-Benzin Azərbaycandaki rəsmi dileri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən müəyyən edilir ki, yürüşü 314920 km olan “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24616 manat təşkil edir. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki (mübahisə əvvəllər məhkəmənin icraatında olmuş, iddiaçının ərizəsi əsasında iddia geri götürülmüş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə MPMin 259.0.11-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır), “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 mülkiyyətinə keçmiş, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə əsasında Cavabdeh2 verilmiş, xx.xx.2023-cü il tarix Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. xx.xx.2023-cü il tarix Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən avtomobilin alqı-satqı qiyməti 22500 manat qeyd edilmişdir. İş materiallarına cavabdeh tərəfindən “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Bakı Avtomobil Bazarındakı fotoşəkilləri (ümumi, salon, mühərrik və s.) əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsas qismində aqşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələblərinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, “Mercedes-Benz E-320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh3 mülkiyyətinə keçmiş, mülkiyyətçi tərəfindən xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə əsasında Cavabdeh2 satılmış, sonuncu həmin avtomobili mülkiyyət hüququ əsasında təxminən 18 ay idarə etmiş, daha sonra avtomobil Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarix Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır və hazırda sonuncunun mülkiyyətindədir. İddia ərizəsində qeyd edilmişdir ki, alqı-satqı zamanı sözügedən avtomobil iddiaçı tərəfindən servisə aparılmaqla yoxlanılmış, lakin mühərrikə dair hissədə servis xidmətindən bildirilmişdir ki, mühərrikin yağ azaltmasını vizual qaydada müəyyən etmək mümkün deyildir. Yəni, avtomobil alınan zaman iddiaçının onu yoxlatmaq imkanı olmuş, avtomobilin bütün texniki qüsurlarını (mühərrik nəzərə alınmasa da) müəyyən etmək imkanı olmuşdur. Avtomobilin fotoşəkilləri, buraxılış ili, markası nəzərə alınmaqla 22.500 manat dəyərində alqı-satqı predmeti olması ağlabatandır. Lakin, avtomobilin 0 km yürüşü olan yeni avtomobil deyil, 2006-cı il buraxılışlı, 17 il istismar edilmiş avtomobil olması, alqısatqıdan sonra avtomobil iddiaçı tərəfindən 2000 km idarə edildikdən sonra müvafiq problemlərin aşkar edilməsinin iddia edilməsi, alqı-satqının üzərindən hazırki vaxtda qədər 18 aydan çox müddətin keçməsi, həmin vaxt ərzində (hazıradək) avtomobilin iddiaçının sahibliyi və istifadəsində olması xüsusatı nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nəzərə alınır ki, cavabdeh məhkəmə iclaslarında iddia tələbinə etiraz edərək bildirir ki, avtomobilin hər hansı texniki probleminin olması iddiaçının mühərrikə keyfiyyətsiz yağ əlavə etməsi və ya avtomobilin kobud formada idarə edilməsi, ona lazımi qulluq etməməsi səbəbindən baş verə bilər. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatlar sübuta yetirilmir, bu barədə əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Avtomobilin iddiaçının özü tərəfindən uzun müddətdir istifadə edilməsi səbəbindən hazırda avtomobilin texniki qüsurların mövcud olub-olmaması barədə müvafiq ekspertizanın təyin edilməsi mübahisə üzrə hər hansı nəticəyə gəlmək üçün əsas verməyəcəkdir. Yəni, hər hansı qüsur olsa da, həmin qüsurun məhz cavabdehin təqsiri ucbatından baş verdiyini, avtomobil satılarkən həmin qüsurların mövcud olub-olmadığını müəyyən etmək mümkün olmayacaqdır. İddiaçının MM-in 587-ci maddəsinin şərtləri nöqteyi-nəzərdən iddia irəli sürməsi yolveriləndir. Hazırki situasiyada isə müqavilənin ləğv edilməsinin dispozitiv şərtləri müəyyən edilmir. “X1” Mercedes-Benzin Azərbaycandaki rəsmi dileri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən mübahisə predmeti olan “Mercedes-Benz E- 320 CDİ” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 24616 manat olmaqla avtomobilin öz dəyərindən artıq məbləğ təşkil etməsi ağlabatan deyildir. Odur ki, sözügedən qüsur aktı mötəbər sübut kimi qiymətləndirilmir. Əgər avtomobilin sözügedən xərcləri var idisə, vizual müşahidə edilə bilən həmin xərclərin (mühərrik xaric) iddiaçı tərəfindən avtomobilin alqı-satqı zamanı servisdə yoxlanılmaqla müəyyən edilməsi mümkün idi. Yəni, satıcı tərəfindən alıcıya avtomobilin yoxlanılması məqsədilə hər cür şərait yaradılmışdır. Cavabdeh tərəfindən avtomobili satarkən mühərrikin yağ azaltması barədə məlumata sahib olması, əşyanın qüsuru barədə alıcıya qəsdən məlumat verməməsi sübuta yetirilmir. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında bildirmişdir ki, iddiaçı ilə cavabdehlər Bərdə rayonundan olduğundan iddiaçı cavabdehlərə güvənərək avtomobili yoxlatmaq üçün ustaya aparmasına baxmayaraq ətraflı yoxlatmadan almışdır. Məhkəmə qeyd edir ki, bu səbəbdən qanuni baxımdan sözügedən risk iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən avtomobilin qüsurlarının aradan qaldırılması məqsədilə 5000 manat xərc çəkməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Avtomobil Cavabdeh2 hüquqi baxımdan mülkiyyətində olmaması, avtomobilin etibarnamə əsasında cavabdeh tərəfindən idarə edilməsi və onun faktiki mülkiyyətində olması diqqətə alınır. Belə ki, oxşar situasiyalar cəmiyyətdə yayqın olduğundan məhkəmə hesab edir ki, tərəflərin niyyəti və daxil olmaq istədikləri müqavilə şərtləri əsas götürülməklə formal əsaslarla alqı-satqının Cavabdeh3 ilə bağlanmış hesab edilməsi məqsədə uyğun deyildir. Müqavilənin pərdələnməsi və ya etibarnamə üzrə nümayəndənin (təmsilçi) mülkiyyətiçınin adından (təmsil edilən) sonuncunun maraqlarına zidd müqavilə bağlaması səbəbindən etibarsızlığı xüsusatının mövcudluğu müəyyən edilmir. Cavabdehlər Cavabdeh1 hüquqi baxımdan və Cavabdeh3 isə faktiki baxımdan alqısatqı müqaviləsinin tərəfi olmamışlar, iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmamışlar. Odur ki, iddia tələbi həmin cavabdehlərə aid hissədə əsassızdır. MM-in 423.2-ci maddəsinin tələblərinə əsasən yazılı pretenziya qaydasına əməl edilməməsi hazırki tələbin baxılmamış saxlanılması üçün əsas deyildir. Belə ki, tərəflər arasında eyni mübahisə 2024-cü ildə məhkəmə müstəvisində yaranmış, bir neçə məhkəmə iclası keçirilmiş, cavabdehlər məhkəmə iclasında iştirak etmiş, daha sonra isə iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüşdür. Faktiki olaraq iddiaçı tərəfindən cavabdehlərə məhkəmədən kənar və məhkəmə müstəvisində müqavilənin ləğvi ilə bağlı bir neçə dəfə iradə ifadəsi bildirilmişdir. Qanunun şərtlərinin hərfi mənada olduğu kimi tətbiq edilməsi normanın qarşısına qoyduğu məqsədlərə uyğun olduqda tətbiq edilməsi məqsədə müvafiqdir. Bundan əlavə, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən yalnız kommersiya mübahisələri üzrə yazılı pretenziya qaydasına əməl edilməsi imperativ xarakter daşıyır. Hazırki mübahisə isə kommersiya mübahisəsi deyildir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində müqavilə azadlığı və mülki hüquq münasibətlərinin subyektlərinin iradə sərbəstliyi prinsipləri müəyyən edilmişdir. Prinsip “rəhbər, başlanğıc müddəa” mənasını verir. Hüquq sahəsinin prinsipilərinə zidd olan hüquq normaları etibarsızdır, hüquqi əhəmiyyət kəsb etmir. Məhz qeyd olunan prinsiplər rəhbər tutulmaqla tərəflər arasında etibarlı alqı-satqı müqavilə bağlanmışdır. İddia tələbi üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mülki iş üzrə ödənilmiş 159 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, avtomobilə ödənilmiş 22800 manat, 5000 manat maddi zərərin tutulması, avtomobilin cavabdehlərə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 159 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-507/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-507/2025
18.04.2025 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver