Məhkəmə qərarları › İş №2(004)-5102/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5102/2024

10.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5102/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı oğunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 41.670 manat pulun, 180000 manat əldən çıxmış faydanın və 50000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 270000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 55467 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə o, 2022-ci ilin iyul ayında yaşadığı evin qonşuluğunda müasir tipli yaşayış binaları inşa edərkən tanış olmuşdur. Ülvinin tikdiyi binaların layihəsini və formasını bəyəndiyi üçün oğlu Qurbana məxsus torpaq sahəsində eyni formada yaşayış binası tikməsinin mümkünlüyü məsələsinə baxmasını xahiş etmişdir. Cavabdeh həmin torpaq sahəsinə baxıb orada 4 ədəd müasir tipli yaşayış binasının tikilməsinin mümkün olduğunu ona bildirmişdir. Həmin zaman əmisi nəvəsi X4 da Qala qəsəbəsində yerləşən yeni yaşayış massivində 2 ədəd yaşayış bunası tikdirmək istəyirdi. Onun təklifi ilə Ülvi həmin yerə də baxıb iki yerdə inşa ediləcək 6 ədəd yaşayış binasının tikintisi üşün ilk olaraq 90.000(doxsan min) manat lazım olacağını bildirdi. Tikintinin layihələrini özü çəkəcəyi, tikinti üçün lazım olacaq bütün mal-materialı özü alacağı və işlərin gedişatı ilə mütəmadi olaraq onu məlumatlandıracağı, 2 ay müddətinə tikintini başa çatdırıb təhvil verəcəyi, tikdiyi evlərin satışından əldə olunan gəlirin 15 faizinin ona çatacağı şərtlərini irəli sürmüşdür. Ülvinin şərtlərini bəyənmişlər və bu işlərinin aparılması üçün Vüsal ona 78.000(yetmiş səkkiz min) manat pul verdi. Bu şərtlərlə podrat müqaviləsi bağlayıb işə başlamağa razılıq vermişlər. Həmin vaxt Ülvi müxtəlif yerlərdə çoxsaylı binaların tikintisi ilə məşğul olduğu üçün vaxtı olmadığından o, şəxsiyyyət vəsiqəsini ona tədim edib müqavilə formasının tərtib edilməsini ona tapşırmışdır. O, 12 iyul 2022-ci il tarixli “Tikinti üçün podrat müqaviləsi” hazırlayıb həmin axşam evinin yaxınlığındakı və daha sonra bir neçə dəfə başqa vaxtlarda və yerlərdə Ülviyə imzalaması üçün təqdim etsə də, Ülvi müxtəlif bəhanələrlə həmin müqaviləni imzalamaqdan yayınmışdır. 19 iyul 2022-ci il tarixində saat 19 radələrində Ülvi ona zəng edib tikinti işləri üçün ilkin olaraq 10.000(on min) pul verməyini tələb etmişdir. 19 iyul 2022-ci il tarixində saat təxminən 19 radələrində oğlanları Qurbanın, İbrahimin və qaynatası X1 yanında Ülviyə ilk ödəniş kimi 10.000 (on min) manat pul verib bu barədə özündə olan jurnalda qeydiyyat aparmışdır. Ülvi isə pulun ondan qəbul etməsi, 6 ədəd fərdi yaşayış evlərinin tikintisini 19 sentyabr 2022-ci il tarixədək tamamlayacağı, alacağı malmateriallara görə tam maddi məsuliyyət daşıyacağı barədə kitabda qeydiyyat aparıb imza etdi. Ülvi işlərin gedişatı ilə tanış olmaq üçün həftənin şənbə və ya bazar günləri tikinti sahəsinə gəlib baxa biləcəyini, amma tikintidə çalışan usta və fəhlələrlə ünsiyyətə girməməyini şərti ilə işə başladı. Ülvi günaşırı tikinti sahəsinin videoçəkilişini göndərməklə onu işin gedişatı ilə məlumatlandırırdı. İşlər o gözlədiyindən də sürətlə gedirdi. 23 iyul 2022-ci il tarixdə saat 15 radələrində Ülvinin tələbi ilə öz evində ailə üzvlərinin yanında ona daha 10.000(on min) manat pul vermişdir. Bu dəfə də Ülvidən müqaviləni tələb edəndə işlərinin çox olması bəhanəsi ilə Müqaviləni unudub evində saxladığını bildirdi. Onun tələbi ilə 28 iyul 2022-ci il tarixdə yenə öz evində kitaba imza etdirməklə bir daha 10.000(on min) manat pul vermişdir. Yenə müqavilə barədə soruşanda hiss etmişdir ki, rəsmiyyətdən yayınır. Amma ona 30.000(otuz min) manat məbləğində xeyli miqdarda pul verdiyi üçün ağır maddi vəziyyətə düşmüşdür. Bir sözlə aralarında olan danışıqlarda nəzərdə tutulmuş “Tikinti üçün podrat müqaviləsi” Ülvinin təqsirli hərəkəti nəticəsində onun tərəfindən imzalanmadı. Beləliklə, Ülvinin hərəkətləri nəticəsində düşdüyü ağır maddi vəziyyətdən çıxmaq üçün 30.000(otuz min) manatdan əlavə 05 avqust 2022-ci il tarixdə 10.000(on min) manat, 10 avqust 2022-ci il tarixdə 7.000(yeddi min) manat, 17 avqust 2022-ci il tarixdə 10.000(on min) manat nağd şəklində, 25 avqust 2022-ci il tarixdə 7.000(yeddi min) manat kartdan-karta köçürmə yolu ilə, 28 avqust 2022-ci il tarixdə 10.000(on min) manat, 05 sentyabr 2022-ci il tarixdə isə 4.000(dörd min) manat nağd ödəməklə Ülviyə cəmi 78.000(yetmiş səkkiz min) manat pul vermişdir. Tikintidə işləyən ustaların əmək haqqı Ülvi tərəfindən ödənilmədiyi üçün 2022-ci il avqust ayının əvvəllərində işlər dayandırıldı. Ülvi isə bunun mənə aidiyyəti olmadğını bildirərək tikintini vaxtında təhvil verəcəyinə söz verirdi. Sonradan işlər bərpa olunsa da çox zəif və fasilərlə gedirdi. Ülvi onunla ünsiyyətdən qaçmağa, telefon zənglərinə cavab verməməyə başladı. Çətinliklə onu tapanda isə yenə də ümidverici vədlər verirdi. 05 sentyabr 2022-ci il tarixdə Ülvinin tələbi ilə sonuncu dəfə ona 4.000(dörd min) manat nağd pul vermişdir. Pulu qəbul edəndən sonra Ülvi əlavə 15 gün vaxt istədi. Bundan sonra işlər dayandırıldı. Təxminən 10 gün axtarandan sonra Ülvi tikinti sahəsinə bir kub taxta boşaldıb tikintini aparmağa maddi imkanı olmadığını, onun təxminən 5-6 min manat borcu qaldığını bildirib ayda 100-200 manat ödəmək üçün bir-iki il möhlət istədi. Bunu nəzərə alaraq Cavabdeh barəsində Qaradağ RPl-nin 10-cu PB-nə şikayət etmişdir. Polis Bölməsində təhqiqat formasında HK-1-3803 nömrəli material araşdırılımaqla kifayətlənilib Ülvinin əməlində cinayət təkibinin olmaması qənaətinə gəlinərək 06.01,2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermiş və qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmiş, lakin o, hazırda AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəsissəsində cəza çəkdiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı tələbi mülki xarakterli mübahisə olduğuna görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Xidməti və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. “Qobu iş” başlıqlı qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ümumilikdə 78000 manat məbləğində pul cavabdehə verilmişdir. xx.xx.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, Cavabdeh barəsində AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmış və ona həmin maddəllərdə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 1(002)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-923/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. AR Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-1888/2024 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9056 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən Qobu qəsəbəsində 4 ədəd yarımçıq inşa olunmuş tikililərdə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2022-ci ilin bazar qiymətlərinə uyğun olaraq 14541 manat məbləğində, Qala qəsəbəsində 2 ədəd yarımçıq inşa olunmuş tikililərdə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2022-ci ilin bazar qiymətlərinə uyğun olaraq 7992 manat məbləğində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iddiaçının izahatının və işdə olan sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, tikinti işlərinin görülməsi üçün iddiaçı ilə cavabdeh arasında yaranan mülki hüquq münasibətləri inkişaf edərək öhdəlik hüquq münasibətlərinə çevrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Abşeron rayonu, Qobu və Qala qəsəbələrində yerləşən torpaq sahələrində fərdi yaşayış evlərinin tikilməsi üçün tikinti işlərinin aparılması məqsədiylə cavabdehlə şifahi şəkildə podrat müqaviləsi bağlamaqla ona ümumilikdə 78000 manat məbləğində pul vermişdir. Cavabdeh isə şərtləşdikləri məbləğdə pulu iddiaçıdan almış, lakin öhdəliyini tam olaraq icra etməmişdir. Belə ki, Cavabdeh tərəfindən Qobu qəsəbəsində 4 ədəd yarımçıq inşa olunmuş tikililərdə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin aparılması üçün 14541 manat məbləğində, Qala qəsəbəsində 2 ədəd yarımçıq inşa olunmuş tikililərdə aparılmış yenidənqurma və tikinti-təmir işlərinin aparılması üçün isə 7992 manat məbləğində vəsait sərf edilmişdir. Qalan pul vəsaitləri ilə isə heç bir yenidənqurma və tikinti-təmir işləri aparılmamışdır. Bundan sonra iddiaçı muzd olaraq ödədiyi 78000 manat puldan, cavabdeh tərəfindən görülmüş işlər üçün sərf edilmiş vəsaiti çıxmış, qalan 55467 manat məbləğində pulu ondan tələb etmişdir. Cavabdeh isə həmin məbləğdə pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə, iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1–ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1–ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Məhkəmə araşdırması zamanı, müəyyən edilmişdir ki, tərəflər arasında yenidənqurma və tikinti-təmir işlərinin görülməsi ilə bağlı yaranmış podrat hüquq münasibətləri cavabdehin işləri yerinə yetirməməsi nəticəsində pozulmuş, ondan sonra cavabdeh iddiaçıya məxsus pul vəsaitini heç bir hüquqi əsas olmadan özündə saxlamaqla faydalanmışdır. Bununla da cavabdeh əsassız varlanmışdır. Hazırda cavabdehin həmin pul məbləğini əldə etməsi və özündə saxlaması üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda tərəflər arasında mövcud olmuş podrat hüquq münasibətləri cavabdehin hərəkətsizliyi nəticəsində, qanundan irəli gələn öhdəlik hüquq münasibətlərinə çevirilmişdir. Ona görə tərəflər arasında yaranmış mülki hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdeh iddiaçının hesabına əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1–ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə işdə olan sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı cavabdehdən əsassız saxladığı pul vəsaitini tələb etmək hüququna malikdir. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı aralarında olan şifahi podrat müqaviləsi üzrə 55467 manat məbləğində pulun alınaraq ona verilməsi tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 55467 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. AR Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə hesab edir ki, keçirilmiş mühəndis-texniki ekspertizanın xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X2; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. AR Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət Rüsumu haqqında AR Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki iş materiallarında olan iddiaçıya məxsus 050381 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranları üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia üzrə ödənilməli olan 256.4 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 55.467 (əlli beş min dörd yüz altmış yeddi) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Dövlət rüsumu olaraq 256.4 (iki yüz əlli altı manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE0000**********088501 hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar