Məhkəmə qərarları › İş №2(004)-5105/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5105/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5105/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 08 iyun 2007-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Həmin nikahdan dörd uşağı - xx.xx.2008-ci il təvəllüdlü X3,xx.xx.2010-cu il təvəllüdlü X7, 18 07 2012-ci il təvəllüdlü X8 və 05 05 2016-cı il təvəllüdlü X4 doğulmuşlar. Onu da bildirmək istəyir ki, cavabdeh demək olar ki, birgə nikahdan olan uşaqları ilə maraqlanmır və onların normal, sağlam böyüməsi, habelə maddi tələbatlarının ödənilməsi üçün ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, uşaqların qayğısına qalmaq bır valideyn kimi cavabdehin də borcudur. Bildirmək istəyir ki, uşaqlarını tək başına böyütmək onun üçün olduqca çətindir. Hesab edir ki, X3, X7, X8 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməlidir. Göstərilənlərə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3,xx.xx.2010-cu il təvəllüdlü X7, 18 07 2012-ci il təvəllüdlü X8 və 05 05 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh uşaqların saxlanılması üçün ona maddi köməklik göstərmir. Belə ki, onunla cavabdeh arasında olan nikah pozulmasa da, onlar ayrı yaşayırlar. Bir müddət uşaqlarının saxlanılmasında valideynləri ona köməklik göstərmişdir. Hazırda isə uşaqları balaca olduğu üçün işləyə bilmir. Bu səbəbdən də, cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulması zəruridir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək iqtidarında deyildir. Belə ki, uşaqları saxlamaq hər iki valideynin öhdəliyidir. O, hazırda poçtalyon işləyir və aylıq gəliri 260 manat civarındadır və qanunvericiliklə müəyyən edilmiş miqdarda maaşının yarısını uşaqların saxlanılması üçün ödəməyə razıdır. Odur ki, məhkəmədən qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı dörd uşaqları olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və uşaqlar anasının himayəsində qalır. Cavabdeh uşaqların saxlanılması üçün hər ay aylıq qazancının yarısı miqdarında aliment ödəməyə razı olduğunu bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3.-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Qanunvericiliyin mənasına görə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) müntəzəm olarsa, uşağın saxlanılması üçün tutulacaq alimentin ilk növbədə aliment verməyə borclu olan valideynin qazanc və (və ya) başqa gəlirlərinə yönləndirilməsi ilə şərtləndirilmişdir. İş materiallarına əlavə edilmiş gəlir məlumatları çıxarışından görünür ki, Cavabdeh "xxxx" MMC-də poçtalyon vəzifəsində işləyir və orta aylıq əmək haqqı 300 manat təşkil edir. Göründüyü kimi aliment verməyə borclu olan valideynin (cavabdehin) qazancı 300 manat təşkil etdiyindən və həmin qazancın yarısı (150 manat) uşaqlar üçün yaşayış minimumundan çox aşağı olduğundan, uşaqları saxlamaq hər iki valideynin öhdəliyi olduğundan, eləcə də iddiaçı tərəfindən cavabdehin kifayət qqədər gəlirə malik olması barədə mötəbər sübutlar təqdim edilmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün iddiaçı X6 qazancın (başqa gəlirlərin) yarısı miqdarında və hər bir uşağa ayrı-ayrılıqda 80 (səksən) manat (ümumilikdə 320 manat) əlavə sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsi uşağın saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini və uşaqların mənafeyini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər bir uşağa ayrı-ayrılıqda 80 (səksən) manat (ümumilikdə 320 manat) əlavə sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə ərizə ilə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı miqdarında və hər bir uşağa ayrı-ayrılıqda 80 (səksən) manat (ümumilikdə 320 manat) əlavə sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən müəyyən edilsin. Qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar