Məhkəmə qərarları › İş №2(004)-5115/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5115/2021

30.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5115/2021 30.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə 26.07.2021-ci il tarixdə məhkəmə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilən sənədlərı araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün Mediasiya Şurasına müraciət etməlidir. (Mediasiya Şurasının əlaqə vasitələri - əlaqə nömrələləri: +**********86; +**********87; +**********52, internet səhifə: mediasiya.org). Çünki, 29.03.2019-cu il tarixdə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) 01.07.2021-ci il tarixdən tam olaraq qüvvəyə minmişdir və artıq vətəndaşlar ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Eyni zamanda qeyd edilən qanunvericilik tələbini Mülki Prosessual Məcəlləsində də təsbit edilməsi ilə bağlı müvafiq qanun qəbul edilmiş və 23.07.2021-ci il tarixdən qüvvəyə minmişdir. Dəyişikliyə əsasən mediasiya prosesində tərəflərin iştirakı tələb olunduğu hallarda bu tələbə riayət edilməsi ilə bağlı müvafiq təsdiqedici sənəd iddia ərizəsinə əlavə edilməli, bu tələbə riayət olunmadıqda isə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Qanunun 28.2-ci və 28.3-cü maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qanunun 28.4-cü maddəsinə əsasən məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Məlumat üçün qeyd edirik ki, hazırda ölkədə hər hansı mediasiya təşkilatı Mediasiya Şurasının üzvlüyünə qəbul edilməmişdir. Bu baxımdan ilkin mərhələdə tərəflərin razılığa gəlmədiyi hallarda mediatorun Qanun 28.4-cü maddəsinə əsasən Mediasiya Şurası tərəfindən təyin edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçının “Mediasiya haqqında” Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, iddiaçı həmin tələbə riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Mediasiya haqqında” Qanunun 3.1.2-ci bəndinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 151.1, 152, 152.1, 152.1.6-1, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar