Məhkəmə qərarları › İş №2(004)-5125/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5125/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5125/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin mediasiya qaydasında cavabdehə təklif verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, xx.xx.2019-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh rəsmi əmək müqaviləsi üzrə işləmir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh faktiki münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X3 anadan olmuşdur. X1 anası İddiaçı yanındadır. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Uşağın üstün mənafeyi əsas götürülməklə onun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsini məhkəmə əsaslı və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, uşağın valideynlərin birinin yanında saxlanılması digər valideynin uşaqlarla ünsiyyət hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsində müəyyən edilmiş hallar istisna olmaqla valideyn-övlad münasibətlərinə əsassız, qeyri-legitim məhdudlaşdırmaların tətbiq edilməsi yolverilməzdir. Lakin, məhkəmə hesab edir ki, alimentin tutulması müddəti mediasiya qaydasında cavabdehə təklif verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən deyil, məhz məhkəməyə müraciət edildiyi tarixdən hesablanmalıdır. Belə ki, əvvəla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsi aydın, anlaşılan və konkretdir. Məhkəmə dedikdə, ədalət mühakiməsini həyata keçirən qanunla müəyyən edilmiş qaydada yaradılmış birinci instansiya, apellyasiya və kassasiya instansiya məhkəmələri nəzərdə tutulur. Mediasiya institutu isə məhkəmə deyil, məhkəmədənkənar həll üsuludur (barışdırıcı vasitə). Yəni, mediasiya anlayışı hüquqi və faktiki baxımdan məhkəmə anlayışının tərkibinə daxil deyildir. Bundan əlavə, iddiaçı mediasiyaya müraciət etdikdən təxminən 1 il sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə izah edir ki, pozulmuş hüquqların bərpası üçün subyektlər prosessual hüquqlarından dərhal operativ qaydada istifadə etməkdə azaddırlar. Analoji mübahisələrin mövcudluğu ehtimalı nəzərə alınaraq göstərilən hal yuxarı instansiya məhkəməsinin təcrübəsi ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş manat) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti iddiaçının məhkəməyə müraciət etdiyi gündən yəni, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulmasə dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş manat) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar