Məhkəmə qərarları › İş №2(004)-5146/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5146/2023

16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5146/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları olmuşdur. Cavabdeh hazırda X1 xidmət edir və 694 manat rəsmi əmək haqqı almaqdadır. Lakin cavabdehin əmək haqqının hara xərclənməsi barədə heç bir məlumatı yoxdur. Cavabdeh uşaqların saxlanılması ilə maraqlanmır. Lakin cavabdehlə aralarında olan nikahı qorumağa çalışır. Uşağın təlimtərbiyəsi və böyüməsi ilə bağlı tələb olunan xərclər hər il artır, cavabdeh isə bir dəfə də olsa uşaqları ilə maraqlanmamışdır. İddiaçı isə uşaqların saxlanılmasında böyük çətinliklərlə üzləşir. Ona görə də uşaqların saxlanılması üçün alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı etiraf edir. Ailəsinin qorunması və nikahın pozulmaması üçün aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 078757 nömrəli nikah haqqında şəhadəətnamənin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə 518 nömrəli akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 346903 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladı vardır. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 900591 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 adlı övladı vardır. İş materiallarında olan AR FHN Nəsimi rayon DYMH tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən X1 xidmət edir. Hal-hazırda Nəsimi rayon X5 Hissəsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürən vəzifəsində işləyir və aylıq əmək haqqı 694,84 qəpik təşkil edir. İşin mübahisəsiz halı odur ki, Cavabdeh və İddiaçı rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları var və uşaqlar hazırda ananın yanında qalır. Tərəflər arasında faktiki olaraq ailə münasibətləri olmasa da, rəsmi nikahları hazırda pozulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”. AM-nin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Beləliklə, məhkəmə cavabdehin aylıq əmək haqqı məbləğini və yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin iddiaçının cavabdehin gəlirlərinin 1/3 hissəsi məbləğində aliment tələbini və cavabdehin aliment tələbi ilə razı olmasını nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Cavabdeh hər ay qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay Cavabdeh aylıq qazancı və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar