Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5196/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü Rasim adlı uşağının saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 200 manat alimentin tutulması, ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 04 aprel 2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Rasim adlı oğulları dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-3472/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, aralarında olan nikah pozulmuş və birgə nikahından olan xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılmışdır. Aralarında olan münasibətlər pozulduğu vaxtdan cavabdeh qarşılıqlı razılıq əsasında uşağın saxlanılması üçün 170 manat aliment ödəyir. Hazırda uşağın saxlanılması üçün xərclər artmış, o, cavabdehdən 200 manatadək alimentin artırılmasını xahiş etsə də, o bundan imtina etmişdir. Bundan başqa, 2022-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-2877/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən uşağın saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq 200 manat müəyyən edilməsini və cavabdehdən ilkin mediasiya sessiyasında ödənilmiş 50 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verəmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-2877/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün ondan tutulan alimentin artırılaraq 200 manat məbləğində müəyyən edilməsinə etiraz etmədiyini bildirmiş, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmiş, eyni zamanda ilkin mediasiya sessiyasında iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumunun ondan tutulmasına etiraz etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə ona məxsus mobil telefon nömrəsinə SMS bildiriş göndərilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 714913 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 2877/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)- 3472/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı X4 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə 185 saylı akt qeydi ilə Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 cavabdeh X2 yanında saxlanılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X5 ananın yanında saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(001)-2877/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (170 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, uşağın yaşına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8- 2/2016 nömrəli qərarın 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumunu, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu, cavabdehin razılıq ərizəsini nəzərə alıb, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2877/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunduğundan, iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-2877/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5196/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5196/2022
17.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver