Məhkəmə qərarları › İş №2(004)-529/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-529/2023

24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-529/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, X1, İddiaçı, Cavabdeh iştirakları, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə təyin edilmiş 180(yüz səksən) manat məbləğində aliment ödəməkdən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi üzrə yığılmış aliment borcundan azad olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o Cavabdeh ilə xx.xx.1979-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur və rəsmi nikahlarından iki qız övladları olmuşdur. Uzun müddət Rusiya Federasiyasında yaşaymışlar.Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra cavabdeh bir müddət işləməmişdir. Lakin cavabdeh 2007-ci ildə Azərbaycan Respublikasının ərazisini tərk edərək Rusiya Federasiyasında getmiş və orda yaşamışdır. Cavabdeh əvvəl Rusiya Federasiyasının Vladimir vilayətinin, Murom şəhəri, Melinki rayonu, Voynovo kəndində yaşamış və orada təqaüdə çıxmışdır. Cavabdehlə aralarında olan nikah Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ləğv olunmuşdur. Cavabdeh Rusiya vətəndaşıdır. O, 2018-ci ilin dekabr ayında Yasamal rayon məhkəməsinə iddiaçıdan aliment alınması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş və iddiaçıdan Cavabdeh xeyrinə 180 (yüz səksən) manat məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh iddiaçıya qarşı alimentin tutulması barədə iddiasını onunla əsaslandırmışdır ki, güya ki təqaüd almır, sosial vəziyyətdi çox aşağıdır. Əslində cavabdeh Rusiya Federasiyasında Moskva şəhəri üzrə pensiya alır. Cavabdeh pensiya aldığı halda, məhkəməni aldatmış və iddiaçıdan əlavə olaraq hər ay 180 (yüz səksən) manat aliment ödənilməsinə nail olmuşdur. Rusiya Federasiyası Pensiya Fondu Moskva vilayəti üzrə dövlət müəssisəsi X15 verilmiş 13 avqust 2020-ci il tarixli, xx/xx/17197 saylı Cavabdeh aid olan məlumatın təqdim edilməsi haqqında sənədə qeyd edilir ki, “Moskva şəhəri və Moskva vilayəti üzrə Pensiyanın ödənilməsi üzrə Mərkəz bildirir ki, PTK TTÖ məlumat bazasına əsasən, xx.xx.1954-il təvəllüdlü, FSHSN 155-019-613 47, 108827, Moskva şəhəri, Kurilovo qəsəbəsi, Lesnaya küçəsi, ev 4, mənzil 26 ünvanında qeydiyyatda olan X11 xx.xx.2015-ci ildən (pensiyanın ilkin təyinat tarixi: xx.xx.2009 il) Moskva şəhəri və Moskva vilayəti üzrə 4 saylı RPF Baş idarəsindən qocalığa göra sigorta pensiyası alır. Pensiyanın aylıq məbləği 19500.25 (on doqquz min beş yüz rubl iyimi beş qəpik). İddiaçının 93 yaşında Ağdam rayonundan olan xəstə anası onun himayəsindədir, anası ağır xəstədir, ona baxır və müalicəsi, xərclərinə köməklik edir.İddiaçı Qarabağ döyüşlərində iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. Onun uzun illərdi ayaqları xəstədir və mütamadi olaraq müayinə, müalicə olunur hər ay müalicəsi üçün ailə büdcəsindən müvafiq məbləğdə xərci çıxır. İddiaçı ailə həyatı qurmuşdur, həyat yoldaşı X4 insulindən asılı şəkərli diabet İİ tip diaqnozu ilə ağır şəkər xəstəsidir,onun mayinə - müalicəsi üçün hər ay təqribən 250-300 manat məbləğində xərc çəkilir, o, heç bir yerdə işləmir və təqaüdə çıxmamışdır. Özünü təqaüd almayan şəxs kimi qələmə verən cavabdeh əsassız olaraq iddiaçının ailə büdcəsindən hər ay 180 (yüz səksən) manat pulu aliment kimi öz xeyrinə tutdurmuşdur. Rusiya Federasiyasının Pensiya Fondundan təqdim olunan sənədə aydın yazılır ki, cavabdehin aylıq pensiya məbləği 19.500.25 (on doqquz min beş yüz rubl 25 qəpik) rus rubulu təşkil edir. Cavabdehin gəliri və təqaüdü kifayət qədərdir ki, ondan aliment tələb etməsin. Cavabdeh qərəzli formada iddiaçıya qarşı aliment iddiasından istifadə etmişdir. Cavadeh bir tərəfdən kifayət qədər yaxşı təqaüd aldığını gizlətmiş və digər tərəfdən isə özünü kasıb kimi göstərməyə nail olmuşdur.Yuxarıda qeyd edilən arayış alınandan sonra, yəni bu günə kimi cavabdehin aldığı 19.500.25 (on doqquz min beş yüz rubl 25 qəpik) rus rubul pensiya məbləği altı dəfə Rusiya Federasiyasının höküməti tərəfindən qaldırılmışdır.İddiaçı Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə X6 təyin edilmiş 180 (yüz səksən) manat məbləğində aliment ödəməkdən və aliment üzrə yığılmış borclardan azad olumağım barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsi ilə təyin edilmiş 180 (yüz səksən) manat məbləğində alimentin azaldılaraq Cavabdeh xeyrinə 100 (yüz) manat məbləğində ondan tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ondan tutulan alimentinin miqdarının azaldılaraq 100 (yüz) manat təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 iddia ərizəsinə etiraz edərək izahatında göstərmişdir ki, iddiaçını onun Rusiya Federasiyasından aldığı pensiya narahat edir. İddiaçı hərbi xidmətdə olduğu vaxtı, cavabdeh işləməyi ilə yanaşı iddiaçıya istənilən dəstəyi göstərmişdir və onun hərbi xidmətinin rahat keçməsi üçün bütün şəraitləri yaratmışdır. İddiaçı hərbi xidmətdə olan zaman cavabdeh onun qayğısına qalmış, iddiaçı hərbi xidməti bitirdiyindən sonra, dövlət onun qayğısına qalıb və yaxşı pensiya ilə təmin etmişdir. 37 il davam edən nikahlarının bitməsini o təsadüfən öyrənmişdir. Bundan əlavə hal-hazırda yaşlı anasının da qayğısına qalır və belə olan halda Azərbaycan Respublikasında pensiya almamağı səbəbindən, yaranmış vəziyyət və əlacsızlıqdan, məcbur olmuşdur ki, Rusiya Federasiyasına müraciət etsin və ordan heç olmasa az məbləğdə də olsa sosial müavinat alsın. İddiaçı isə bütün bunlara baxmayaq, cavabdehin keçmiş həyat yoldaşı kimi, ona köməklik göstərməkdən imtina etmiş, və həmin öhdəliyi dövlətin üzərinə qoymaq istəyir. Bundan əvvəl də o bir neçə dəfə onu məhkəməyə vermiş və onun sağlamlıq vəziyyəti imkan vermədiyindən Rusiyada xəstəxanadan çıxaraq Bakıya gəlmiş, gəlib getməyi isə ona 1500 manata başa gəlmişdir. Hal-hazırda 10.000 rus rublu məbləğində müavinət alır. Qocalığa görə 2,800 rubl müavinət və ona sosial əlavə 7800 rublla birlikdə cəmi 10000 rubl alır. Hər ay Rusiya Federasiyasının bankından ona məxsus hesab kartına keçən məbləğ 10000 rubldur, bundan əlavə heç bir ödəniş almır. Bu isə həqiqətən də çox az məbləğ edir. Onun yaşam şəraiti çox aşağıdır. Burdakı 180 manat aliment də 100 manata qədər azaldılarsa, vəziyyəti lap da pisləşəcəkdir. Odur ki, iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia təqdim olunmuş yazılı sübutlar əsasında rədd edilməməlidir. Belə ki iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-725/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh X8 qarşı aliment tələbinə dair iddia tələbi qismən təmin olunmuş, cavabdeh X5 hər ay 180 (yüz səksən) manat məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməsi və alimentin tutulma müddətinin 28 noyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixində verilmiş AZ-İ 215450 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 və Cavabdeh nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 139 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan 19 nömrəli Səhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il traixli “xəstənin tibbi kartasından çıxarışda” qeyd olunur ki, X7 revmatizm və yanaşı olaraq poliaruit xəstəliyi müəyyən olunmuşdur. İş materiallarında olan 19 nömrəli Səhər poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il traixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçasından (xəstəlik tarixindən) 027 nömrəli çıxarışda qeyd olunur ki, X8 xx.xx.2020-ci il tarixində sağ diz oynağının və sol pəncənin xırda oynaqlarının artrozu diaqnozu goyulmuşdur. xx.xx.2020-ci il tarixində “asteno-nevrotik vəziyyət” diaqnozu oyulmuşdur. İş materiallarında olan 4 saylı Bakı asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyul 2022-ci il tarixli AZ-İİ 519917 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Xəlilov Rafail Yusif oğlu və X3 arasında 30 iyul 2022-ci il tarixdə nikah bağlanmış və 1588 nömrə ilə akt qeydləri kitabında eyni tarixdə qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(004)-4934/2019 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı X10 Cavabdeh qarşı aliment və alimen üzrə borcları ödəməkdən azad edilmə tələbinə dair iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il 2(004)-725/2019 saylı qətnaməsi ilə Cavabdeh aliment ödənilməsindən azad olunması, iddianın xx.xx.2018-ci il tarixindən məhkəmə qətnaməsi icra olunana qədər yığılmış aliment borcunun ödənilməsindən azad olunması hissəsində rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 fevral 2020-ci il tarixli 2(103)-1003/2020 saylı saylı qətnaməsindən müəyyən olunur ki, Yasamal Rayon məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(004)-4934/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(004)-4934/2019 saylı qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv olunmuş, iddianın həmin hissədə rədd olunması, qətnamənin qalan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Flialı tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, **********6 saylı arayışdan görünür ki, X8 980,87(doqquz yüz səksən manat səksən yeddi qəpik) manat məbləğində yaşına görə pensiya ödənilir. Əlavə olaraq pensiya məbləğinin 10 faizi- 98,09(doxsan səkkiz manat doqquz) manat miqdarında hər ay maddi yardım göstərilir. İş materiallarında olan X16 X2 tərəfindən verilmiş Cavabdeh dair xx.xx.2022-ci il tarixli “təyin edilən təqaüdlər və sosial ödəmələr” haqqında arayışın notarial qaydada təstiq olunmuş tərcüməsindən görünür ki, Cavabdeh müəyyən edilmiş sığorta təqaüdünün və sığorta təqaüdünə fiksə edilmiş ödəmənin cəmi ölçüsü 10034 rubl 83 qəpik təşkil edir. İş materiallarında olan Moskva və MV üzrə RTF Bİ 4 saylı DM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 100-22-004-4533-3927 nömrəli dövr üzrə ödəmələr haqqında arayışın notarial qaydada təstiq olunmuş tərcüməsindən görünür ki, Cavabdeh müəyyən edilmiş qocalığa görə sığorta təqaüdü və qocalığa görə sığorta təqaüdünə göstərilən sığorta təqaüdünə fiksə edilmiş ödəmənin artması nəzərə alanmaqla fiksə edilən ödəmə xx.xx.2009cu ildən müddətsiz olaraq müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli 2(103)-5186/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Xəlilov Rafail Yusif oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-725/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-6450/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə cavabdeh Xəlilov Rafail Yusif oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1003/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (004)-4934/2019 saylı qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv olunması, iddianın həmin hissədə rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 (102)-3825/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı Xəlilov Rafail Yusif oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2 (103)-1003/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.4-cü maddəsinə əsasən ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı madəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ərarvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Məhkəmə qeyd edir ki iddiaçı cavabdehin Rusiya Federasiyasında pensiya almasını, “Cavabdeh Rusiya Federasiyasında müavinət aliment alması onun maddi yardıma ehtiyac olmamasına dəlalət etmir. İş materiallarında olan X16 X2 tərəfindən verilmiş Cavabdeh dair xx.xx.2022-ci il tarixli “təyin edilən təqaüdlər və sosial ödəmələr” haqqında arayışın tərcümə olunaraq notarial qaydada təstiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh qocalığa görə sosial əlavələrlə birlikdə birlikdə cəmi 10034 rubl 83 qəpik (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 243,61 manat təşkil edir). müavinət alır. Moskva şəhərinin 12 oktyabr 2021-ci il tarixli 1597 saylı “Pensiyaya regional sosial əlavələrin müəyyən edilməsi məqsədilə pensiyaçının yaşayış minumumunun həddinin müəyyən edilməsinə dair” Qanununa əsasən 2022-ci il üçün Moskva şəhərində pensiyaçılar üçün yaşayış minumumu üçün 15.410 rubldur. (Rusiya rublunun Azərbaycan manatı ilə məzənnəsinə əsasən həmin məbləğ 374.36 manat təşkil edir). Göründüyü kimi, cavabdehin Rusiya Federasiyasından aldığı qocalığa görə müavinət 2022-ci il üçün pensiyaçılar üçün yaşayış minumumundan da aşağıdır. Cavabdeh hal-hazırda özünün də qeyd etdiyi kimi 10034 rubldan (243 manatdan) artıq müavinət almır. Bundan əlavə məhkəmə zamanı iddiaçı özünün müharibə veteranı olmasının, himayəsində xəstə anası və 2-ci nikahdan olan və işləməyən həyat yoldaşının olmasını əsas gətirərək alimentin miqdarının 100 (yüz) manata qədər azaldılmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən hallar qocalığa görə müavinət təyin edilmiş keçmiş həyat yoldaşının maddi yardıma ehtiyacı olmaması kimi qiymətləndirilməməlidir. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə olunan Cavabdeh dair xx.xx.2020ci il tarixli “təyin edilən təqaüdlər və sosial ödəmələr” haqqında arayışın kserosurəti ilə bağlı qeyd edir ki, göründüyü kimi arayış üç il bundan əvvələ, 2020-ci il tarixinə aiddir. Eyni zamanda arayışın məzmunundan regional sosial əlavənin və yaxud aylıq müavinətin regional sosial əlavələrlə birlikdə 11.598 rubl təşkil edib-etməməsi və həmin məbləğin cavabdeh tərəfindən alınması dəqiq müəyyən edilmədiyindən həmin sübutu mötəbər hesab etmir. Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360- cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar