Məhkəmə qərarları › İş №2(004)-5301/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5301/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5301/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin açıq hərracdan satılmasına dair "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında bağlanmış 18.12.2020-ci il tarixli əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi və həmin əmlakın Cavabdeh2 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(104)- 4029/2018 saylı icra sənədinə əsasən İddiaçı qızna məxsus olmuş və Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanda yerləşən qeyri yaşayış sahəsinin açıq hərracdan satılması qət olunmuşdur. Qeyd olunan əmlakın hərracdan satılması ilə bağlı bildirişdə hərracın 01 iyul 2020-ci il tarixdə keçiriləcəyi qeyd olunmuşdur. Cavabdeh2 ASC-nin İddiaçı ünvanladığı 14 iyul 2021-ci il tarixli məktubunda isə sözügedən qeyri yaşayış sahəsinin 18.12.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən Bank tərəfındən əldə olunduğu bildirilir. Əmlakın satılması üzrə ilkin hərrac tarixi olan 01.06.2020-ci il tarixindən əmlakın cavabdeh tərəfindən əldə edilməsi tarixi olan 18.12.2020-ci il tarixinədək altı aya yaxın müddət ötmüşdür. Bu isə hərracın keçirilməsi və əmlakın tələbkar tərəfindən əldə olunması üçün qanunvericiliklə müəyyən olunmuş müddətin pozulmasına dəlalət edir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh2 ASC -nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsi 21.05.2020-ci il tarixdə icra sənədinin icra edilməsi üçün "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Lakin, həmin məktubda icra edilməli olan icra sənədi səhv göstərilmişdir. Onlar bu halın aradan qaldırılması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət etmiş və bu səhv aradan qaldırılaraq yenidən sifariş məktubu göndərilərkən artıq "xxxx" MMC-nin faəliyət göstərmədiyindən hərracın keeçirilməsi Külək MMC-yə həvalə edilmişdir. Həərac "xxxx" MMC tərəfindən keçirilmiş, hərrac iki dəfə baş tutmadığından ipoteka predimeti banka təklif edilmişdir. Hərrac qanuna uyğun keçirilmiş və müddətlər pozulmamışdır. Həmçinin iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsi "xxxx" MMC ilə deyil, "xxxx" MMC ilə bağlanılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi göndərilsə də, zərfin üzərində “yoxdur” qeyd yazılmaqla məhkəməyə geri qayıtmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Ağdam Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(013)-106/2018 nömrəli qətnaməsi ilə X4 və X1 müştərək qaydada Cavabdeh2 ASC-nin xeyrinə 258744,96 manat əsas borc, 58158,58 manat faiz borcu, 70000 manat cərimə borcu olmaqla, cəmi 386903,54 manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi raqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 80 manat xidmət haqqının tutulması; tələbin İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə və X3 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və qeyd edilən daşınmaz əmlaklar açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait cavabdehlər X5 və X2 iddiaçı Cavabdeh2 ASC-yə olan borclarının ödənilməsinə yönəldilməsi; ipoteka predmetlərinin satışından əldə olunan məbləğ cavabdehlərin iddiaçı Cavabdeh2 ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalan borcun X4 və X1 müştərək qaydada tutulması; ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 226,3 kv.m- dən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 540000 manat müəyyən edilməsi və ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 80000 manat müəyyən edilməsi və əmlaklar açıq hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(104)-4029/2018 nömrəli qətnaməsi ilə cavabdeh X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(013)-106/2018 nömrəli qətnaməsinin cərimə borcunun tutulması ilə bağlı hissədə dəyişdirilmişəsi, cavabdehlər X7 və X1 müştərək qaydada 50000 manat cərimə borcunun tutularaq, Cavabdeh2 ASC-nin xeyrinə ödənilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Gəncə Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(104)-4029/2018 nömrəli qətnaməsi 10.03.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş və 15.03.2019-ci il tarixdə icra vərəqəsi verilməklə icra edilməsi üçün Sumqayıt İcra İdarəsinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21.05.2021-ci il tarixli 25/22 nömrəli sifariş məktubu ilə Ağdam Rayon Məhkəməsinin 05.07.2018-ci il tarixli 2(013)-106/2018 tarixli icra sənədinin icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 21.05.2021-ci il tarixli 25/22 nömrəli sifariş məktubu ilə Gəncə Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(104)-4029/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş icra sənədini "xxxx" MMC-yə göndərməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 540000 manat müəyyən edilməklə hərracdan satılmasını sifariş vermişdir. 01 iyul 2020-ci il tarixə təyin edilmiş hərrac Covid-19 ilə bağlı təxirə salındığından 08 iyul 2020-ci il tarixə təyin edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05.10.2020-ci il tarixli 42/42 nömrəli sifariş məktubu ilə Gəncə Apellyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(104)-4029/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən verilmiş icra sənədini "xxxx" MMC-yə göndərməklə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 540000 manat müəyyən edilməklə hərracdan satılmasını sifariş vermişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05.10.2020-ci il tarixli 42/42 nömrəli sifariş məktubu əsasında Gəncə Apelyasiya Məhkəməsinin 06.12.2018-ci il tarixli 2(104)-4029/2018 nömrəli qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi satılması üçün hərraca çıxarılmışdır. İcra tədbirləri nəticəsində İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC tərəfindən 11 noyabr 2020-ci il tarixdə ilkin hərrac, 27 noyabr 2020-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Təkrar hərrac baş tutmadığından əmlak 344250 manata Cavabdeh2 ASCyə təklif edilmişdir. İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC-nin direktoru X6 ipoteka saxlayan və əldə etmək hüququna malik olan Cavabdeh2 ASC arasında ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi barədə 56/04 saylı, 18.12.2020-ci il tarixli hərracın yekunları barədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər. “İpoteka haqqında” Qanununun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. “İpoteka haqqında” Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Mülki Məcəllənin 414.3-cü maddəsinə əsasən bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin forması və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair hərrac İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC tərəfindən keçirilmiş, hərracın yekunları barədə protokola əsasən alqı-satqı müqaviləsi 18.12.2020-ci il tarixdə İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında qeyd edilən əmlak barəsində hərracın yekunları barədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məxsus olan ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac, “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, əmlak barəsində hərracın yekunları barədə protokola əsasən bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Belə ki, əmlak barədə hərracın keçirilməsi əvvəl "xxxx" MMC-yə sifariş edilsə də, "xxxx" MMC tərəfindən hərrac keçirilə bilmədiyindən, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 05.10.2020-ci il tarixli 42/42 nömrəli sifariş məktubu əsasında hərracın keçirilməsi İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC-yə həvalə edilmişdir. İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC tərəfindən 11 noyabr 2020-ci il tarixdə ilkin hərrac, 27 noyabr 2020-ci il tarixdə təkrar hərrac olmaqla iki dəfə keçirilmişdir. Təkrar hərrac baş tutmadığından əmlak 344250 manata ipoteka saxlayan Cavabdeh2 ASC-yə təklif edilmiş, 18.12.2020-ci il tarixdə İxtisaslaşdırılmış Təşkilat "xxxx" MMC ilə Cavabdeh2 ASC arasında əmlaka dair alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hərracın 2 dəfədən artıq keçirilməsini qeyd etsə də, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, iddiaçının iddia tələbinin “həmin əmlakın Cavabdeh2 ASC-nin xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi hissəsində iddia tələbi təmin edilmədiyindən, həmin hissədə də iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar