Məhkəmə qərarları › İş №2(004)-5337/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5337/2020

03.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5337/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahında doğulmuş uşağı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş verilmiş, həmçinin “AZEMİS” vasitəsilə +**********433 mobil nömrəsinə SMS bildiriş göndərilməklə xəbərdarlıq edilmiş. İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir uşağı var. Hazırda tərəflər arasında bağlanmış nikah pozulmamışdır. Cavabdehin hazırda rəsmi iş yeri olmadığından və sonuncu iş yeri üzrə vəzifəsindən azad olunduğundan iddia tələbində göstərilən aylıq qazancının ¼ (dörddə bir) hissəsi miqdarında aliment ödənilməsinə etiraz edir və bildirir ki, cavabdeh uşağın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsini, cavabdehdən iddiaçının xeyrinə uşağın saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddiaçının iddiasını müdafiə etməsinə dair ərizəsini, təqdim edilmiş və iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ 306262 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh və xx.xx.1995-ci ildə Şəmkir şəhərində doğulmuş X7 xx.xx.2019-cu ildə 13 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Nikah bağlanandan sonra qadına Hüseynova soyadı verilmişdir. 1 saylı “Asan Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İV №424965 seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir uşağı var. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli 4/17-312/17/20 nömrəli arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin üçüncü katibi vəzifəsinə təyin edilərək Cenevrə şəhərinə göndərilmiş və xx.xx.2020-ci il tarixdən tutuduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılmışdır. “AZEMİS” sistemindən xx.xx.2020-ci il tarixdə çıxarılmış məlumatlara əsasən İddiaçı “xxxxxxxxx” MMC-də məsləhətçi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 260 manat təşkil edir. Elektron məhkəmə sistemi vasitəsilə yoxlama zamanı Cavabdeh iş yeri üzrə məlumat tapılmadı. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflər arasında aliment ödənilməsi barədə razılıq olmadığına görə və cavabdeh uşağın saxlanmasına iddiaçıya maddi köməklik etmədiyinə görə, tərəflərin birgə nikahından doğulmuş uşağı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflərin birgə nikahında doğulmuş uşağı - xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar