Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5354/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə nikahları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 yanvar 2011-ci il tarixli, 2(004)-552/2011 saylı qətnaməsi ilə pozulmuş və bu barədə Yasamal Rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də vermişdir. Cavabdehlə birgə nikah münasibətlərindən bir uşaqları X4 (xx.xx.2011-ci il təvəllüdlü) vardır. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş edir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. Çünki hazırda da onun qazancı aylıq olaraq 350-400 manat təşkil edir. Evdə 2 xəstəsi var, onlara o baxır. Belə vəziyyətdə aliment ödəmək imkanına sahib deyildir. Aylıq olaraq 100 manat ödəməyə gücü çatır.
İİİ Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-cü il tarixli, 2(004)-552/2011 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X3 (Kərimova) arasında 10 iyul 2010-cu ildə Bakı şəhər Sabunçu Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 757 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
7. Bakı şəhər Yasamal Rayon Qeydiyyat şöbəsinin xx.xx.2011-ci il tarixli AZ-İİ 679120 seriya nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən edilir ki, X4 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. Elektron Məhkəmə Sistemindən çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh oğlunun rəsmi əmək müqaviləsi üzrə işləmir.
9. Məhkəmə tərəflərin izahatlarını materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.
11. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur.
13. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
14. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
15. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
18. Məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini əsas götürür.
19. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə nikahın pozulması barədə qətnamə qəbul edilərkən cavabdehə qarşı aliment tələbindən imtina etmişdir. Nikah pozulduqdan etibarən övladları anasının himayəsində qalır. Qanunvericiliyin tələbinə əsasən hazırda alimentin tutulması üçün yeni əsaslar yarandığından məhkəmə iddiaçının aliment tələbini əsaslı hesab edərək cavabdehdən 235 manat sabit pul məbləğində alimentin tutulmasının müəyyən edilməsini məqsədəmüvafiq hesab edir.
20. Bundan əlavə, məhkəmə qeyd edir ki, uşaqların xərclərini qarşılamaq hər iki valideynin borcudur, birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla müəyyən edilməmişdir.
21. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
22. Alimentin tutulması iddiaçının alimentin tutulması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyi dövrdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanılmalıdır. V.Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil