Məhkəmə qərarları › İş №2(004)-5398/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5398/2023

04.12.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5398/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Cavabdeh3 ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə qarşı ("Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) hərracın nəticələri haqqında yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunması tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 074/23 nömrəli, 26 may 2023-cü il tarixli "xxxx" MMC-nin hərracın nəticələri haqqında yekun protokolun və xx.xx.2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-902/2017 nömrəli işi üzrə 23 may 2017-cı il qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehlər "xxxx" MMC-dən, İddiaçı, X1 və Ağamirzəyev Əkbər Ağaələkbər oğiundan müştərək qaydada 52512 ABŞ dolları əsas borc, 5773,94 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 59285,94 ABŞ dolları (ödənildiyi zaman manata məzənnəsi ilə) və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi, tutmanın ünvan 1 ünvanında, 8-ci mərtəbədə yerləşən 47,92 kv metr ümumi, 28,82 kv metr yaşayış, 19,1 kv metr yardımçı sahəsi olan 2 otaqlı, 56 nömrəli mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmeti olan göstərilən mənzilin məcburi qaydada boşaldılması, 117375-1-9051 saylı, xx.xx.2013-cü il tarixli "Baş kredit razılaşması" və 117375-1-9051/2 saylı, xx.xx.2014-cü il tarixli "Kommersiya krediti müqavilə"lərinin ləğv olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2017-cı il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-786/2018, xx.xx.2018-ci il tarixli qərarı ilə, cavabdeh İddiaçı kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8509/2017 nömrəli iş üzrə 12 sentyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qaradağ Rayon Məhkəməsi tərəfindən qətnamənin icrası ilə bağlı verilmiş icra vərəqəsi əsasında Yasamal Rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə hərracın keçirilməsi barədə sifariş verilmiş, hərrac mərkəzi tərəfindən iki hərrac keçirilmişdir. İlk və təkrar hərrac barədə iddiaçıya məlumat verilməmiş, hərrac “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş müddətlər ötürülməklə keçirilmişdir. Odur ki, hərracın nəticələri ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh3 ASC-nin nümayəndəsi hərracın hərrac təşkilatçısı "xxxx" MMC tərəfindən “İpoteka haqqında” qanunu ilə nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarına tam əməl edilməklə keçirildiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini bildirmiş və iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun “Hərracın keçirilmə qaydası” adlanan 42-ci maddəsinə əsasən 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. M a d d ə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri” adlanan 416-cı maddəsinə əsasən 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarına əsasən “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac etibarsız hesab edilə bilər. İddiaçı hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirilməsini bildirsə də onun nəticələrinin etibarsız hesab olunmasını deyil, ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 902/2017 saylı 23 may 2017-cı il qətnaməsi üzrə keçirilmiş hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsi araşdırılmadan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar