Məhkəmə qərarları › İş №2(004)-550/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-550/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-550/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “naturada ayrılmayan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “naturada ayrılmayan əmlakın açıq hərracda satılması və satış pulunun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri və halhazırda cavabdehin mülkiyyətində olan “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin naturada bölünməsi mümkün olmadığı üçün, həmin əmlakın qanunvericiliyə uyğun olaraq qiymətləndirilərək açıq hərracda satılması və hərracdan əldə edilən satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh mülkiyyətində olan “KİA RİO” minik markalı, 90- UR-654 dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılması, avtomobilin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməsi, “KİA RİO” minik markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 9500 (doqquz min beş yüz) manat müəyyən edilməsi və ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022ci il tarixli qətnaməsində aparılmış ekspertiza tədqiqatının dəyərinin işdə iştirak edən şəxslərdən tutulmasına münasibət bildirilmədiyindən Bakı Apelyasiya Məhkəməsinə müraciət edilərək, mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2022-ci il tarixli 2(103)- 4113/2022 nömrəli qərardadına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022- ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 may 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılması və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsində məhkəmə xərclərinə münasibətdə əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Mülki iş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-550/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsində məhkəmə xərclərinə münasibətdə əlavə qətnamə çıxarılması məsələsinə baxılması üçün məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etmirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-7627/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “naturada ayrılmayan əmlakın açıq hərraca çıxarılması və pulun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması “X1 Mərkəzi” MMC-yə tapşırılmışdır. xx.xx.2022-ci il tarixdə qeyd edilən mülki iş üzrə əmlakın qiymətləndirilməsi barədə hesabat məhkəməyə daxil olmuşdur. “X1 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılmış tədqiqatın dəyər olan 400 manat məbləğində xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixdə qəbul edilmiş qətnaməsində məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilmədiyindən, iş üzrə əlavə qətnamə qəbul edilməli və iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat xidmət haqqı bərabər şəkildə olmaqla tərəflərə aid edilməli, ekspertiza xərci cavabdeh tərəfindən ödənildiyindən həmin xərcin yarısı, yəni 200 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 229, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İş üzrə əlavə qətnamə çıxarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər şəkildə olmaqla tərəflərə aid edilsin. Cavabdeh tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri kimi ödənilmiş 400 (dörd yüz) manat pulun yarısı olan 200 (iki yüz) manat pul İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilsin. Əlavə qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar