Məhkəmə qərarları › İş №2(004)-5763/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5763/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5763/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Yasamal rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" firması ilə cavabdeh arasında bağlanılmış 08.07.2015-ci il tarixli **********588 15/SİM saylı sonrakı ipoteka müqaviləsinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 16100.5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin iddiaçının istifadəsində olan 296 kv.m qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, "xxxx" firması ilə "xxxx" ASC arasında 04.10.2013-cü il tarixində bağlanılmış kredit xətti müqaviləsinə əsasən, bank firmaya illik 16 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 7 000 000 manat məbləğində kredit vermiş, sonradan kredit xətti müqaviləsinə edilmiş əlavələrlə kreditin məbləği artırılaraq 14 000 000 manat təşkil etmişdir. Bundan sonra tərəflər arasında 08.07.2015-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış, "xxxx" firmasına məxsus Nərimanov rayonu S.Vurğun küçəsi 120 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, ümumi sahəsi 16100,5 kv.m, faktiki isə 8 mərtəbə 20684 kv.m təşkil edən qeyri-yaşayış binası ipotekaya qoyulmuş, göstərilən əmlaka ipoteka hüququnun qeydiyyata alınmasına dair Cavabdeh-ə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 09.07.2015-ci il tarixli çıxarış verilmişdir. İpoteka müqaviləsi iddiaçının hüquqlarının pozulması ilə bağlanmışdır. Belə ki, ipoteka müqaviləsi bağlanmamışdan əvvəl, yəni 30.01.2010-cu il tarixdə iddiaçı ilə "xxxx" firması arasında barter müqaviləsi bağlanılmış, müqavilənin 1.1-ci bəndinə əsasən 12.08.2008-ci il tarixli müqaviləyə görə, onun qoyduğu sərmayənin "xxxx" firmasına verilməsi müqabilində firma öz növbəsində ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı 296 kv.m-lik ticarət sahəsini ona vermişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, kredit vəsaiti verərkən və əmlakı ipotekaya qəbul edərkən əmlakın digər şəxslərə məxsus olmasını və əmlaka dair məhkəmə mübahisəsinin olub-olmamasını yoxlamamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında göstərmişdir ki, iddiaçının iddia ərizəsində qaldırdığı məsələlər ilə bağlı artıq bir neçə məhkəmə qərarları mövcuddur və həmin qərarlarla mübahisəli ipoteka müqaviləsinin qanunvericiliyn tələblərinə uyğun olaraq bağlanıldığı müəyyən edilmişdir. Odur ki iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdeh nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 146.2.-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3.-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya məhkəməsinin İddiaçı cavabdehlər X5, “Ras-M” MC, "xxxx" MMC X1, X2 qarşı öhdəliyin irasının tələb edilməsi, müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli 2(001)-590/2013 saylı qətnaməsindən apellyasiya şikayti üzrə 30 avqust 2021-ci il tarixli 2(103)-7096/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı ilə barter müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdı. Sonuncu yalnız 24.12.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, 28.12.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda "xxxx" firması 30.01.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 kv.m qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi. Beləlilklə tədqiq olunmuş sübutlara mübahisəli ipoteka müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə uyğun bağlanması müəyyən edldiyindən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar