Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5766/2024 01.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 9-cüu mərtəbəsində ümumi sahəsi 94,6 kv.m olan, 2 otaqlı, 219 saylı mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi və istifadəyə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. İddia ərizəsindən də göründüyü kimi, tələb iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 94,6 kv.m olan, 2 otaqlı, 219 saylı mənzilin verilməsinə dair müqavilənin ləğv edilməsi və ləğv ediləcəyi təqdirdə onun istifadəsinə maneələrin aradan qaldırılması ilə bağlıdır. Belə ki, iddia ərizəsində də qeyd edilmişdir ki, Cavabdeh adına qeyd edilən mənzilə görə ödənişin ödənilməsini göstərən maliyyə arayışı və müqavilə təqdim edilmişdir. Qeyd edilən tələb müstəsna aidiyyatla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsir dairəsinə düşmür. Bu baxımdan, iddia ərizəsi mübahisəli daşınmaz əmlakın olduğu yerə görə deyil, ümumi qaydaya müvafiq olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZEMİS vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvan Quba rayonu, Qaraçay kəndidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh qeydiyyat ünvanı Quba rayonunun ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Quba Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMCnin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-yə qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5766/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5766/2024
01.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver