Məhkəmə qərarları › İş №2(004)-5894/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5894/2022

08.12.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5894/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1 "xxxx" ASC-yə qarşı ödənilməmiş əmək haqlarına görə faiz və mənəvi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun və noyabr ayları üzrə ödənilməmiş əmək haqqının, həmin ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə hər gecikdirilmiş gün üçün əmək haqqının 10 faizi məbləğində ödəncin verilməsi və mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, eyni zamanda iddia ərizəsinin tərəflər arasında mövcud olan əmək mübahisəsinin məhkəməyə qədər mediasiya qaydasında həlli qaydasına əməl olunmaması səbəbindən baxılmamış saxlanılmasına etiraz etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, eyni zamanda ərizəyə Bakı Apellyasiya Məhkəməsinin İddiaçı cavabdeh "xxxx" İnşaat Korporasiyası ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-5835/2022 saylı qətnaməsindən xx.xx.2022-ci il tarixdə tərəflərindən verilmiş kassasiya şikayətini məhkəməyə təqdim edərək, hazırkı mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İlk öncə məhkəmə bildirir ki, iş üzrə icraata xitam verilə bilməz. Belə ki, hazırkı iddianın predmeti ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddianın predmeti eyni deyil. Artıq yuxarıda qeyd olunduğu kimi, həmin mülki işdə iddianın predmetini əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bəpra və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi təşkil edirsə, hazırkı işdə iddianın predmetini iddiaçıya ödənilməmiş əmək haqlarına görə faiz tələbi və mənəvi zərər tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessuasl Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bundan əlavə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1.3-cü maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 27.1.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 3-cü maddəsinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 288-ci maddəsinə əsasən bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi... d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13.-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsinə əsasən Aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə... Məhkəmə hesab edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar