Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5894/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə evliliklərindən doğulmuş uşaqları xx.xx.2008-ci il doğum tarixli X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavbdeh Cavabdeh onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Etibar Eldar oğlu ilə 20 avqust 2007-ci ildə ailə həyatı qurub. Nigahları rəsmi qeydiyyata alınmışdır. Birgə evliliklərindən bir oğulları xx.xx.2008-ci il təvəllüdlü X3 dünyaya gəlib. Evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan cavabdehin ailəyə qarşı soyuq münasibətləri nəticəsində dəfələrlə ailələrində narazılıqlar yaranmışdır. Cavabdeh bir ata kimi uşağının yaşayışı, təhsili, səhhəti, gündəlik tələbatı ilə qəti şəkildə maraqlanmır və onun ehtiyaclarını ödəmir. Hal-hazırda uşaq onun himayəsindədir, onun bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəyir. Uşağın ana nəvazişindən başqa digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, o, da bütün bu xərclərin ödənilməsini təkbaşına edə bilmər. Uşağa təkbaşına baxmaq həm fiziki həm də maddi cəhətdən onun üçün olduqca çətindir. Övladlarının maddi ehtiyaclarını ödəməsi üçün cavabdehin maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Bütün bunlara əsasən hesab edir ki, uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Başqa sözlə cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması daha qanunauyğundur. Diqqətə çatdırır ki, cavabdeh uzun müddət Milli Orduda zabit kimi xidmət edib. Hal-nazırda ehtiyatda olan mayor rütbəli hərbi qulluqçudur. Onda olan məlumata əsasən 950 ( doqquz yüz əlli) manat təqaüd alır. Cavabdehin qazancı və başqa gəlirləri yüksək olduğu üçün uşaqları X3 üçün onun qazancının və digər gəlirlərinin 1/4 hissəsindən aliment tutulması onun maddi gücünə qəti şəkildə xələl gətirməz. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə 05 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəlilabad rayon Uzuntəpə kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı 723535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞB/18/2023-01528 saylı Arayışın surətindən görünür ki, müvafiq tələblə məhkəməyə müraciət etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmiş, cavabdeh X2 ilkin mediasiya sessiyasına gəlməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh yetkinlik yaşına çatmamış X1 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur (maddə 76.1.1). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın halhazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq, cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 14 noyabr 2023-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 05 sentyabr 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 noyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-5894/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5894/2023
12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver