Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5987/2025 04.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X3, Cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X14in nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14in nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "İcbari Tibbi Sığorta X10" X14in nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi və "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi cəlb edilməklə) cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi və "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi cəlb edilməklə) “əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 1-ci bəndinin 11.1-ci və 18-1-ci yarımbəndlərinə əsasən, _21 yanvar 2020- ci_il tarixdən etibarən (18.3 bəndinə əsaslanan ) əmək haqqıma ödənilmiş və ödənilməmiş əlavələrin və eləcədə (bonusların ) kecikdirilmə faizlərinin hesablanaraq mənə ödənilməsi vəzifəsinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi və "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən bu günə kimi indiki Zabrat Sağlamlıq Mərkəzi ( əvvəlki, Zabrat Müalicə və Diaqnostika Mərkəzində) həkimendokrinoloq vəzifəsində çalışır. İşlədiyi müəssisə 2023-cü ilin iyun ayına kimi stansionar tipıi müəssisə, son dövrdə isə ambulator müəsisə kimi xidmət göstərir. İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin 21 yanvar 2020-ci iltarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 11.1-ci və 18-1-ci yarımbəndləri üzrə əmək haqqına olunmalı əlavələrin iddiaçıya ödənilməsi 2020-ci ilin 21 yanvar ayından etibarən dayandırılmışdır. Adı çəkilən Qaydaların 11-ci (“Fasiləsiz əmək stajına görə əlavələrin verilməsi şərtləri”) bəndinə əsasən: “11.1. Ayrı-ayrı tibb müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir: Tibb müəssisələrinin peşə və vəzifələrinin adları: (Fasiləsiz əmək stajına görə əlavə haqq (vəzifə (tarif) maaşından faizlə) · kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri, fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq”. Adı çəkilən Qaydların 18-1-ci yarımbəndinə əsasən: · Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində bəzi ixtisaslar üzrə çalışan həkimlərin əmək haqlarına müvəqqəti həvəsləndirici əlavələrin verilməsi Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində aşağıdakı ixtisaslar üzrə çalışan həkimlərin vəzifə öhdəliklərinin xarakterini nəzərə alaraq, onlara ödənilən aylıq müvəqqəti həvəsləndirici əlavələrin məbləği aşağıdakı cədvəl üzrə müəyyən edilsin: 13. rentgen, mammoqrafiya və flüoqrafiya müayinəsi üzrə çalışan həkimlər üçün iş günü həddi: · 35 nəfər sığortaolunandan yuxarı olmamaq şərtilə diaqnostik müayinənin aparılması - tətbiq edilən tarifin rentgen və mammoqrafiya müayinəsi üzrə 10%-i, flüoqrafiya müayinəsi üzrə 14%-i həcmində. 14. Həkim-kardioloq ixtisası üzrə çalışan həkimlər EKQ (elektrokardioqramma) çəkilişləri üzrə rəyin verilməsinə görə həkim üçün iş günü həddi: · hədd müəyyən olunmur - tətbiq edilən tarifin 10%-i həcmində. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın c bəndinə əsasən, həkimlərin əməkhaqlarına tətbiq edilən aylıq müvəqqəti əlavələrin məbləği aşağıdakı qaydada müəyyən edilmişdir: 1. Stasionar və eyni zamanda apoliklinik xidmət göstərən həkimlər (ambulatorpoliklinik fəaliyyətinə görə) - 300,00 manat;
2. Yalnız ambulator-poliklinik xidmət göstərən həkimlər - 500,00 manat; 3. Şüa diaqnostikası ixtisası üzrə çalışan həkimlər - 600,00 manat”. Yuxarida göstərilən qaydaların mənbəyi https://its.gov.az/uploads/law/123/14633.pdf (çap versiyası iddia ərizəsinə əlavə olunur). Göstərilən əlavələrələ bağlı Baki Baş Səhiyyə Mərkəzinə ərizə ilə müraciət etmiş və heç bir məntiqə sığmayan imtina məktubu almışdır. Belə ki, cavab məktububda yazılmış “sahə həkimlərinə şamil olunur“ ifadəsi adı cəkilən Qaydaların 11.1ci yarımbəndində göstərilmir və orada həmin ifadə ixtisasından asılı olmayaraq bütün həkimlərə aid edilir. Bundan əlavə, göndərilən cavabda hansısa səbəbdən ona 18-1-ci yarımbəndin şamil olunmadığı barədə heç bir kəlmə də yazmadan məsələni qəsdən yayındıraraq həmin Qaydaların 17-ci bəndinə istinad edilir. Sual olunur: bəs belə halda Qaydaların 18-1-ci yarımbəndi hansı ixtisas sahiblərinə aid edilir? Beləliklə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq həkim-endokrinoloq kimi onun əmək haqqına olunmalı əlavələr verilmədiyi üçün Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən onun hüquqları kobud surətdə pozulur. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci (“Əmək haqqının verilməsi müddətləri”) maddəsinin 5-ci bəndinə əsasən, “əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir”. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən etibarən Zabrat Sağlamlıq Mərkəzində 0,5 ştat vahidi üzrə həkim-endokrinoloq vəzifəsində çalışır və hazırda da həmin vəzifəni icra edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 93-cü maddəsinə əsasən xüsusi xarakterli işlərdə, o cümlədən həkim vəzifələrində çalışan işçilər üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər və bu iş vaxtı 36 saatdan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003cü il tarixli 106 nömrəli Qərarına əsasən səhiyyə sahəsində çalışan ayrı-ayrı tibb işçiləri üçün həftəlik 33 saatlıq qısaldılmış iş vaxtı müəyyən edilmişdir. Bu normativ hüquqi aktlara uyğun olaraq iddiaçının həkim-endokrinoloq vəzifəsi üzrə iş rejimi 33 saatlıq qısaldılmış iş həftəsi ilə müəyyən edilmişdir və bu, qanunvericiliyin tələblərinə tam uyğundur. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək haqqı onun tutduğu vəzifə, ixtisası, fasiləsiz əmək stajı və 0,5 ştat vahidi nəzərə alınmaqla hesablanır. Əmək haqqının hesablanması zamanı 13-cü dərəcə üzrə vəzifə (tarif) maaşı, İcbari Tibbi Sığorta çərçivəsində nəzərdə tutulan sabit aylıq həvəsləndirici əlavə və ştat vahidi üzrə proporsional hesablanma tətbiq edilmişdir. Nəticə etibarilə iddiaçının aylıq əmək haqqı 725 manat təşkil edir. Eyni zamanda, İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı (xx.xx.2025-ci il tarixli yeni redaksiyası ilə) ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydalarına əsasən həkimlərin göstərdikləri tibbi xidmətlərin həcmi və dəyərinə uyğun olaraq nəticələrə görə aylıq həvəsləndirici əlavələr iddiaçının əmək haqqına tətbiq edilir. Qeyd olunan Qaydaların 11.1-ci bəndində nəzərdə tutulan əlavə yalnız sahə həkimi (terapevt və ya pediatr) vəzifəsində çalışan tibb işçilərinə fasiləsiz əmək stajına görə vəzifə (tarif) maaşına əlavə kimi ödənilir. İddiaçı sahə həkimi vəzifəsində deyil, həkimendokrinoloq vəzifəsində çalışdığından, həmin bəndin iddiaçının əmək haqqına tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin müvafiq Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən həkim-endokrinoloq ixtisası üzrə ayrıca sabit ixtisas əlavəsinin ödənilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının iş rejimi və əmək haqqının hesablanması qüvvədə olan əmək və səhiyyə qanunvericiliyinə tam uyğundur, iddia ərizəsində göstərilən tələblər normativ hüquqi aktlarla əsaslandırılmadığından iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi iddia tələbinə dair etirazında bildirmişdir ki, iddiaçı iddia ərizəsində İcbari Tibbi Sığorta X10nin 21 yanvar 2020-ci il tarixli Qərarının (bundan sonra Qərar) 11.1 -ci bəndinə istinad edərək, əlavələrin verilməsini tələb edir. Qərarın 11.1-ci bəndində kənd və qəsəbə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanalarında həkim vəzifələrində çalışan səhiyyə işçiləri nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə tibb müəssisələrinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda ölkə üzrə kənd və qəsəbə xəstəxanalarının adları dəqiq müəyyən olunmuşdur. İddiaçının çalışdığı tibb müəssisəsi isə qeyd olunan siyahının 7.137-ci bəndində Bakı şəhəri üzrə Zabrat Müalicə-Diaqnostika Mərkəzi olaraq öz əksini tapmışdır. Göründüyü kimi Zabrat Müalicə-Diaqnostika Mərkəzi qanunvericilikdə qəsəbə xəstəxanası olaraq müəyyən olunmamışdır. Bu səbəbdən, iddiaçının bu tələbi qanunsuz və əsassızdır. İddiaçı iddia ərizəsində Qərarın 18-1-ci bəndinə istinad edərək, əlavələrin və bonuslarm verilməsini tələb edir. Qərara 18-1-ci bənd 16 avqust 2021-ci il tarixli 22 saylı qərarla əlavə olunmuş və həmin bəndin qeyd hissəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən və həkimlərin əmək haqlarına bu Qaydanın 18-ci hissəsində nəzərdə tutulmuş həvəsləndirici əlavələrin hesablanmasına görə tələb olunan məlumatları təqdim etmək üçün maddi-texniki baza və kadr potensialına malik olmayan tibb müəssisələrinə şamil olunacağı müəyyən olunmuşdur. Ölkədə icbari tibbi sığorta yeni tətbiq olunan zaman müvəqqəti olaraq Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibbi müəssisələrində bəzi ixtisaslar üzrə çalışan həkimlərin əmək haqlarına əlavələrin hesablanmasına görə tələb olunan məlumatları təqdim etmək üçün maddi-texniki baza və kadr potensialına malik olmayan tibb müəssisələrində həkimlərin əməyinin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi və həkimlərə layiqli həyat səviyyəsinə uyğun əməkhaqlarının verilməsi məqsədilə Qərara 18-1-ci bənd əlavə edilmişdir. Zabrat Müalicə-Diaqnostika Mərkəzidə isə müvafiq maddi texniki baza olmuş və təqdim edilmiş hesabatlar üzrə həkimlərə bonuslar ödənmişdir. Bu hal isə öz növbəsində iddiaçının bu tələbinin də əsassız olduğunu sübut edir. Əlavə olaraq qeyd edirik ki, natamam iş qrafiki ilə işləyən iddiaçı əmək haqqına əlavələri və göstərdiyi xidmətin nəticəsinə uyğun bonusları almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Ona əmək haqqı hesablanarkən qaydalar düzgün tətbiq edilməmiş, nəticədə az əmək haqqı hesablanmışdır. Hazırda həmin fərqin ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” X14in nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14in nümayəndəsi X5 izahatında bildirmişdir ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "İcbari Tibbi Sığorta X10" X14in nümayəndəsi X6 etirazda qeyd edilənlərə uyğun ifadə verərək iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixindən etibarən Zabrat Sağlamlıq Mərkəzində 0,5 ştat vahidi üzrə həkim-endokrinoloq vəzifəsində çalışır və hazırda da həmin vəzifədə çalışır. İddiaçıya əmək haqqı və ona əlavələrin ödənilməsi İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin “21“ “yanvar ” 2020-ci il tarixli “2” nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydaları ilə tənzimlənir. İddiaçı hazırda həmin qaydaların 11.1 və 18-1-ci bəndləri ilə ona ödənilməli olan əmək haqqına əlavələrin 21 yanvar 2020-ci il tarixdən ona ödənilməməsindən narazıdır. Hazırki mübahisə həmin bəndlərdə olan əlavələrin iddiaçıya tətbiq edilməli olub olmaması ilə bağlıdır. İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin “21“ “yanvar ” 2020-ci il tarixli “2” nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydalarının 11.1-ci bəndinə əsasən ayrı-ayrı tibb müəssisələrində çalışan səhiyyə işçilərinə fasiləsiz əmək stajına görə hər ay aşağıdakı miqdarda əlavə haqq ödənilir: Kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələri fasiləsiz əmək stajının ilk üç ilinə və sonrakı hər iki ilinə görə 10 faiz miqdarında, lakin 40 faizdən çox olmayaraq. Həmin qaydaların 18-1-ci bəndinə əsasən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində aşağıdakı ixtisaslar üzrə çalışan həkimlərin vəzifə öhdəliklərinin xarakterini nəzərə alaraq, onlara ödənilən aylıq müvəqqəti həvəsləndirici əlavələrin məbləği aşağıdakı cədvəl üzrə müəyyən edilsin: Stasionar və eyni zamanda apoliklinik xidmət göstərən həkimlər (ambulator-poliklinik fəaliyyətinə görə) – 300 manat Yalnız ambulator-poliklinik xidmət göstərən həkimlər – 500 manat Şüa diaqnostikası ixtisası üzrə çalışan həkimlər – 600 manat. Həmin qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydanın məqsədi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 (bundan sonra - TƏBİB) tabeliyindəki tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) çalışan səhiyyə işçilərinin (bundan sonra – səhiyyə işçiləri) layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsidir. Məhkəməyə təqdim edilmiş işçinin şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, İddiaçı əmək haqqı vaxtamuxd əmək haqqı, İTS əlavələri və bonuslardan ibarətdir. 2024cü il ərzində yanvar ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, olmaqla ümumilikdə 680 manat, fevral ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, olmaqla ümumilikdə 680 manat, mart ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, olmaqla ümumilikdə 680 manat, aprel ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, 224 manat bonus olmaqla, ümumilikdə 904 manat, may ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, 456 manat bonus olmaqla, ümumilikdə 1136 manat, iyun ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, olmaqla ümumilikdə 680 manat, iyul ayında 280 manat əmək haqqı, 400 manat İTS əlavələri, 658 manat bonus olmaqla, ümumilikdə 1338 manat əmək haqqı iddiaçının hesabına köçürülmüşdür. Həmin İTS əlavələri yuxarıda adıçəkilən qaydaların 17-ci bəndinə əsasən sabit olaraq hər ay, bonuslar isə qaydaların 18-ci bəndinə əsasən işin nəticələrinə uyğun bəzi aylar üzrə ödənilir. Cavabdeh iddiaçının əmək haqqına əlavələrin ödənilməsi ilə bağlı tələbini rədd edərkən qeyd etmişdir ki, əmək haqqına dair bank çıxarışına əsasən aylar üzrə hesablanmış əmək haqqı iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin məcəllənin Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək haqqının ödənilməsi ilə bağlı fikir ayrılığı yaranmış və bu hal fərdi əmək mübahisəsi yaratmışdır. Həmin əmək mübahisəsi isə mövcud qanunvericiliyə, həmçinin iddiaçıya əmək haqqı ödənilməsinə əsas olmuş qaydalar nəzərə alınmaqla həll edilməlidir. Hazırki vəziyyətdə isə məhkəməyə təqdim edilmiş sənədlər və digər iş materialları araşdırılmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının istinad etdiyi qaydalara əsasən ona əmək haqqı hesablanarkən və ödənilərkən hər hansı qanunsuzluğa yol verilməmişdir. Belə ki, iddiaçının mübahisələndirdiyi İcbari Tibbi Sığorta üzrə X7 Heyətinin “21“ “yanvar ” 2020-ci il tarixli “2” nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydalarının 11.1-ci bəndi kənd və qəsəbə yerlərindəki sahə xəstəxanalarının, ambulatoriyaların, o cümlədən xətti xəstəxanaların və ambulatoriyaların rəhbər (həkim ixtisası tələb olunan) və ixtisasından asılı olmayaraq həkim vəzifələrində çalışan işçilərin əmək haqqına ödənilən əlavələri tənzimləyir. İddiaçı Zabrat Müalicə- Diaqnostika Mərkəzində çalışır. Mübahisəli məqam Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən xəstəxananın adıçəkilən qərarda nəzərdə tutulan kənd və qəsəbələrə aid olub-olmaması ilə bağlıdır. Çünki iddiaçının həkim vəzifəsində çalışması, qaydalarda ixtisasından asılı olmayaraq həmin əlavələrin bütün həkimlərə şamil edildiyi mübahisə olunmur. Məhkəməyə tədim edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi” X14 tabeliyindəki tibb müəssisələrinin siyahısında Zabrat Müalicə-Diaqnostika Mərkəzi Bakı şəhəri üzrə Diaqnostika mərkəzi kimi qeyd olunmuş, həmin siyahıda ayrı-ayrı rayonlar üzrə kənd və qəsəbə statuslu xəstəxanaların adları qeyd edilmişdir. Göründüyü kimi, Zabrat Müalicə-Diaqnostika Mərkəzi qəsəbə statuslu olmamaqla, Bakı şəhəri üzrə Müalicə-Diaqnostika Mərkəzidir. Buna görə də, kənd və qəsəbə yeri kimi nəzərə alınaraq İddiaçı həmin statusdan irəli gələn əlavələri hesablamamaqda cavabdeh haqlı olmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə tələbi təmin edilməklə, yuxarıda qeyd edilən qaydaların 11-ci bəndinə əsasən əlavələr hesablana bilməz. İddiaçının tələbinin digər hissəsi, yəni “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydalarının 18-1-ci bəndinə əsasən ona əlavələrin ödənilməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslı hesab edilməklə təmin edilə bilməz. Belə ki, qaydaların 18-1-ci bəndinə əsasən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun inzibati ərazi vahidlərində yerləşən tibb müəssisələrində adı çəkilən ixtisaslar üzrə çalışan həkimlərin vəzifə öhdəliklərinin xarakterini nəzərə alaraq aylıq müvəqqəti həvəsləndirici əlavələrin məbləği cədvəl üzrə müəyyən edilmişdir. Normanın mətnindən də göründüyü kimi, həmin əlavələr müvəqqəti və həvəsləndirici xarakter daşıyır. Bu halda, işəgötürənin üzərinə həmin əlavələrin ödənilməsi vəzifəsi öhdəlik kimi qoyula bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi və "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi cəlb edilməklə) cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X14ə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi və "İcbari Tibbi Sığorta X10" publik hüquqi şəxsi cəlb edilməklə) cavabdeh "Bakı Baş Səhiyyə Mərkəzi" X14ə qarşı “əmək haqqına əlavələrin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim Kərim Xudayev