Məhkəmə qərarları › İş №2(004)-6176/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6176/2021

04.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6176/2021 04.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “valideynlik hüquqlarından imtinaya” dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “valideynlik hüquqlarından imtinaya” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, o, xx xxxxx 2002-ci il tarixdə anadan olmuşdur. Lakin 2002-ci ildən etibarən onu xalası X1 və onun əri X2 böyütmüş, təhsil və sağlamlıq xərclərini qarşılayaraq hər zaman qayğısına qalmışlar. Doğum haqqında şəhadətnamədə valideynləri qrafasında öz doğma valideynləri deyil onu böyütmüş valideynlərinin adının qeyd edilməsini istəyir və bunu özünə övladlıq borcu bilir. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır və o, doğulduğu gündən xalasının yanında böyüyüb. İddiaçının bütün xərclərini onun bacısı və onun əri çəkib. Odur ki, o, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır və o, doğulduğu gündən xalasının yanında böyüyüb. İddiaçının bütün xərclərini onun baldızı və onun əri çəkib. Odur ki, o, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 65.2-ci maddəsinə əsasən məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Göründüyü kimi Azərbaycan Respublikasının ailə qanunvericiliyi yetkinlik yaşına çatmış şəxsin valideynlik hüquqlarından məhrumetmə ilə bağlı iddia qaldırmağı nəzərdə tutmamışdır. Həmçinin iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, onun tələbi əslində doğum haqqında şəhadətnamədə soyadının, ata və ana qrafasında adların dəyişdirilməsi ilə bağlı iddia tələbidir. Bununla bağlı isə iddiaçı məhkəməyə deyil, müvafiq inzibati orqana müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən isə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “valideynlik hüquqlarından imtinaya” dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar