Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-622/2024 09.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 02 saylı qərarı ilə Mingəçevir 55 saylı X2 Mexanikləşdirilmiş Dəstə “AqrarTikinti” filialı adlandırılmışdır. 2005-ci ilin yanvarından etibarən Cavabdeh X4 Cəmiyyəti tərəfindən tikinti işləri təmin edilmədiyi üçün filial fəaliyyət göstərmir. xx.xx.1998ci il tarixdə təsdiq edilmiş Əsasnaməyə əsasən filial hüquqi şəxs deyildir, onun istifadəsində olan əmlak Cavabdeh X4 Cəmiyyətinə məxsusdur. Mingəçevir “AqrarTikinti” filialı xx.xx.2022-ci il tarixli 23 nömrəli əmrə əsasən ləğv edilmiş və müvafiq əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. 2005-ci il tarixdən hal-hazıradək əmək haqqı almamışdır. İddiaçı Cavabdeh X4 Cəmiyyətinin əmlakını hələ də mühafizə edir. Göstərilənlər nəzərə alınmaqla 2005-ci ilin yanvar ayından etibarən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ödənilməmiş əmək haqqının hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş edilir. İddiaçı məhkəmə aparatı işçiləri tərəfindən xx.xx.2024-cü il tarixdə mobil telefon vasitəsilə zəng edilərək növbəti iclasın vaxtı və yeri barədə məlumat verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 23 nömrəli əmrinə əsasən müəyyən edilir ki, Mingəçevir “AqrarTikinti” filialı ləğv edilmişdir. İş materiallarına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının 2012-2017-ci illər üzrə fəaliyyətinin olmaması və işçilərə əmək haqqı ödənilməməsi barədə arayış əlavə edilmişdir. Arayış İddiaçı tərəfindən vergi qurumuna təqdim edilmişdir. İş materiallarına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının 2022-2027-ci illər üzrə fəaliyyətinin olmaması və işçilərə əmək haqqı ödənilməməsi barədə arayış əlavə edilmişdir. Arayış İddiaçı tərəfindən vergi qurumuna təqdim edilmişdir. İş materiallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası X1 sərgisinin müstəqil təsərüfat hesablı təşkilata çevrilməsi haqqında xx.xx.1992-ci il tarixli 315 nömrəli qərarı əlavə edilmişdir. İş materiallarına Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yevlax “AqrarTikinti” filialının anoloji sənədləri əlavə edilmişdir (sözügedən müəssisə Mingəçevir “AqrarTikinti” filialından fərqli olaraq fəaliyyət göstərmişdir). İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının Əsasnaməsinin 3.2-ci bəndinə əsasən müəyyən olunur ki, filialın təsərrüfat fəaliyyətindən əldə edilmiş mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra qalan xalis mənfəət ümumi yığıncağın müəyyən etdiyi qaydada bölüşdürülür. İş materiallarına İddiaçı kadr sənədləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə işəgötürən əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155-ci maddəsinin 3-cü maddəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Məhkəmə qətnaməni aşağıdakı kimi əsaslandırır. İddiaçı 1998-ci ildən etibarən Mingəçevir “AqrarTikinti” filialı ilə əmək münasibətlərində olmuşdur. Mingəçevir “AqrarTikinti” filialı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 23 nömrəli əmrinə əsasən ləğv edilmiş, nəticədə iddiaçının əmək münasibətlərinə hüquqi baxımdan xitam verilmişdir. İşçiyə ödənilən əmək haqqı işçinin müvafiq dövr üzrə (ay və s.) əmək funksiyalarını icra etməsi ilə əməyinin qarşılığı olaraq ona ödənilən haqq, vəsait, kompensasiyadır. Qeyd etmək lazımdır ki, İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialı 2005-ci ildən etibarən fəaliyyət göstərmir (mülki işin mübahisəsiz halıdır). Göstərilən xüsusatlar müəssisə rəhbərə kimi iddiaçının özünün vergi orqanlarına təqdim etdiyi hesabatlardan görünür. Deməli, iddiaçı sözügedən müəssisədə hüquqi və faktiki zərurətin olmaması səbəbindən 2005-ci ildən etibarən əmək funksiyalarını icra etməmiş, formal olaraq əmək münasibətlərində olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir “AqrarTikinti” filialının Əsasnaməsinin 3.2-ci bəndinə əsasən müəyyən olunur ki, filialın təsərrüfat fəaliyyətindən əldə edilmiş mənfəətdən vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra qalan xalis mənfəət ümumi yığıncağın müəyyən etdiyi qaydada bölüşdürülür. Yəni, sözügedən müəssəsisə özü-özünü maliyyələşdirən təsərrüfat subyekti olmuşdur. Rəhbəri İddiaçı olmuş sözügedən müəssisə fəaliyyət göstərməmiş, gəlir əldə etməmiş, nəticədə olmayan gəlirdən ödəniş etmək öhdəliyi yaranmamışdır. Hakim daxili inamın formalaşması üçün onu da nəzərə alır ki, 2005-ci ildən etibarən əmək haqqı almayan işçi İddiaçı 18 il sonra əmək haqqı ödənişləri ilə bağlı məhkəməyə müraciət etmişdir (baxmayaraq ki, bu barədə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin yazılı müraciəti mövcud deyildir). İddiaçı hüquqi baxımdan intizamlı davranmamış, mübahisə üzrə operativ şəkildə (əgər mübahisə var idisə) hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Sözügedən Mingəçevir “AqrarTikinti” filialı ləğv olunduğundan (aktiv və passivi hüquq varisliyi keçməmişdir) hazırki mülki iş üzrə onun yuxarı orqanın Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin cavabdeh qismində çıxış etməsini məhkəmə yolverilən hesab edir. Əmək münasibətləri üzrə işəgötürənin faktiki olaraq üstün tərəf olması əsas götürülməklə sübutetmə yükü iddiaçının üzərindədir. Lakin, mülki iş üzrə cavabdeh tərəfindən bütün zəruri sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilsə də, iddiaçı tərəfindən prosessual aktivlik təmin edilməmişdir. Sübutetmənin tam olaraq bir tərəfin üzərində saxlanılması ağlabatan və ədalətli hesab edilmir. Mülki icraatda “formal həqiqət”in müəyyən edilməsi prinsipi nəzərə alınmaqla Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Mülki işin mübahisəsiz hal(lar)ının araşdırılması “prosessual qənaət” prinsipinə uyğun deyildir. Hüquqi nizamlamaya yalnız zərurət olduğu halda, subyektlərinin qorunması, maraqlarının müdafiə edilməsi məqsədilə ehtiyac vardır. Subyektlərin bir-birnə güc göstərmək məqsədilə müvafiq orqanlara müraciət edilməsi qəbul edilən deyildir. Hüquqdan sui-istifadə yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-622/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-622/2024
09.02.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver