Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-624/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, cavabdeh “xxxx” ASC-nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, **-LK-*** dövlət qeydiyyat nişanlı, Hyundai Avtobus markalı, 1998-ci il buraxılışlı avtomobil İddiaçı2 mülkiyyətindədir. Həmin avtomobil sürücülük hüququna dair etibarnamə əsasında Heybət Həsən oğlu tərəfindən idarə olunur. 25.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində sürücü X2 idarə etdiyi VAZ 2107 markalı, **-LF-*** dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək, dayanmış vəziyyətdə olan avtomobilinə çırpılmış, onlara məxsus **-LK-*** dövlət qeydiyyat nişanlı, Hyundai Avtobus markalı, 1998-ci il buraxılışlı avtomobilə 5611 manat məbləğində ziyan vurmuşdur. Qeyd edək ki, X2 idarə etdiyi VAZ 2107 markalı, **-LF-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığortalanmış nəqliyyat vasitəsidir. Baş vermiş hadisədən dərhal sonra "xxxx" ASC-nin əməkdaşlarının təkidi ilə avtomaşını öz hesabına "xxxx" MMC-də qiymətləndirilməsini həyata keçirtmiş və dəymiş zərər 5611 (beş min altı yüz on bir) manat müəyyən edilmişdir. Lakin "Cavabdeh" ASC bu məbləğlə razılaşmamış, əvəzində dəymiş zərərin əvəzi olaraq 1500 (min beş yüz) manat siğorta ödənişi təklif olunmuşdur. Sığorta ödənişi məbləğindən (qiymətləndirmədən) verdikləri şikayətə reaksiya olaraq, 17.07.2020-ci il tarixdə onu "xxxx" ASC-yə dəvət etdilər. Qiymətləndirmə məbləğindən narazı olduğunu nəzərə alaraq ondan ərizə yazmağı tələb edilmişdir. O, qeyd etmək istəyir ki, müstəqil ekspertin (qiymətləndiricinin) seçilməsində onun da razılığının nəzərə alınmalı olmasına baxmayaraq, ona qiymətləndirmənin aparılması üçün özlərinin əməkdaşlıq etdikləri və dolayısı ilə aidiyyatı şəxsləri hesab olunan "X6" MMC və "xxxx" MMC şirkətlərini təqdim etmişlər. Ondan ərizədə yuxarıda qeyd olunan şirkətlərdən birini seçərək qiymətləndirmənin aparılmasına razılıq verməyini tələb etmişdirlər. Bununla yanaşı o, bildirmək istəyir ki, digər müstəqil ekspertlərin (qiymətləndiricilərin) seçilməsi imkanları ona təklif edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətə cavab olaraq ona 14 sentyabr, 26-14696-2020 saylı məktub göndərilmişdir. Məktubda "İcbari sığortalar haqqında’’ Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilməsi, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı olduğu qeyd olunmuşdur. Eləcə də məktubda göstərilmişdir ki, "xxxx" ASC (sığortaçı) tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin sığortaçıda sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyiniz "Hyundai” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, Qanunun 16.2-ci maddəsinə əsasən əmlakına dəymiş maddi zərərin müstəqil ekspert vasitəsilə sığortaçı tərəfindən yenidən qiymətləndirilməsi üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyyə olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, müəyyən edilmiş zərər məbləği ilə bağlı, həmçinin müstəqil ekspertin təyin olunmasına dair onunla sığortaçı arasında əldə olunmadığı təqdirdə məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh “xxxx” ASC-dən 5000 (beş min) manat məbləğində icbari sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izhat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyində təmir xərcləri təxminən 939 manat az göstərilmiş və həmin rəylə tam razı deyillər. Lakin işin uzadılmaması məqsədilə rəydə verilmiş məbləğdə pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ekspert tərəfindən verilmiş rəy ilə razı deyildir. Belə ki, iş üzrə iki fərqli qüsur aktı mövcuddur. Ekspert yalnız qarşı tərəfin verdiyi qüsur aktını əsas götürmüş, onlar tərəfindən tərtib edilmiş akta isə əhəmiyyət verməmişdir. Ümumiyyətlə avtomobilə ekspert tərəfindən baxış keçirilməmişdir. Eyni zamanda ekspert tərəfindən rəy verilərkən avtomobilin aşınması nəzərə alınmamış, həmçinin rəydə göstərilmiş məbləğin nəyə əsaslanaraq əldə etməsini qeyd etməmişdir. Avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 1580 manat məbləğindədir. Qeyd edilənlərə əsasən yuxarıda sadalananları nəzərə alaraq iddianın qismən 1580 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər İddiaçı1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə digər cavabdeh İddiaçı1 iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə digər cavabdeh İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AD seriyalı, 302757 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı2dur. - AA040359 saylı, 03.06.2020-ci il tarixli aktdan görünür ki, X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 5611.50 manat məbləğində müəyyən edilmişdir. - Avtomobillərin Texniki Xidmət Mərkəzinin 22.10.2020-ci il tarixli qüsur aktından görünür ki, X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1580 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/5478 nömrəli, 15.02.2021-ci il tarixli rəyindən görünür ki, X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4061 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1949 nömrəli, 05.05.2021-ci il tarixli rəyindən görünür ki, X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4061 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 25.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində sürücü X3 idarə etdiyi VAZ 2107 markalı, **- LF-*** dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı2 məxsus X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. İddiaçılar onlara məxsus nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində 5000 manat məbləğində, cavabdeh isə İddiaçı2 məxsus X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1580 manat məbləğində ziyan dəydiyini iddia edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehdən iddiaçı İddiaçı2 xeyrinə 4061 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/5478 nömrəli, 15.02.2021-ci il və 9/1949 nömrəli, 05.05.2021-ci il tarixli rəylərinə əsasən X4 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci təxminən 4601 manat müəyyən edilmişdir. Məhkəmə iclasında cavabdehin vəkili etirazının əsasını “Avtomobillərin Texniki Xidmət Mərkəzinin 22.10.2020-ci il tarixli qüsur aktında göstərilmiş 1580 manat miqdarında məbləğlə əsaslandırsa da, məhkəmə cavabdeh tərəfindən verilmiş həmin sübutlara tənqidi yanaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. Həmin Qanunun 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. Məhkəmə iddia tələbinin tutulacaq pul məbləğinin iddiaçıların xeyrinə tutulması hissəsi ilə bağlı qeyd edir ki, sözü gedən nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2 olduğundan və sonuncunun hazırki iddia tələbinə dair subyektiv hüququ olmaması səbəbindən iddia tələbi digər İddiaçı1 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 4061 (dörd min altmış bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20%-i, yəni 6 (altı) manatı İddiaçı2 aid edilməli, qalan 80%-i, yəni 24 (iyirmi dörd) manatı isə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 20%-i, yəni 30 (otuz) manat İddiaçı2, digər 80%-i, yəni 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən maddi zərərin əvəzi olaraq 4061 (dörd min altmış bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20%-i, yəni 6 (altı) manatı İddiaçı2 aid edilsin, qalan 80%-i, yəni 24 (iyirmi dörd) manatı isə cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 20%-i, yəni 30 (otuz) manat İddiaçı2, digər 80%-i, yəni 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-624/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-624/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver