Məhkəmə qərarları › İş №2(004)-6264/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6264/2023

08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6264/2023 08.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2023-00619 saylı barışıq sazişinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinin tələbinə uyğun olaraq, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi ilə maraqlı şəxs İddiaçı arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı barışıq sazişinin şərtlərinin – “birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 analarının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsi”- nin təsdiq edilməsi, alimentin barışıq sazişinin imzalandığı tarixdən, yəni 13 iyul 2023-cü il tarixdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh ilə İddiaçı arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023- 00619 saylı Barışıq sazişi “İddiaçı birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 anasının himayəsində saxlanılmasını və onların saxlanılması üçün hər ay sabit pul məbləğində 1500 manat məbləğində aliment ödənilməsini qəbul etdi” hissəsində təsdiq edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Daha sonra, Məmmədova-X1 Aleksey Qennadiyeviçə qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində 22 noyabr 2007-ci il tarixdə 919 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3628/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində 22 noyabr 2007-ci il tarixdə 919 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2023-00619 saylı barışıq sazişinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda ayrıca icraatda mübahisələndirdiyi Cavabdeh ilə İddiaçı arasında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023- 00619 saylı Barışıq sazişlə bağlı qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Başqa sözlə bu müqavilənin qanuniliyi yuxarıda qeyd olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4102/2023 nömrəli mülki iş üzrə yoxlanılmış və yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Həmin işdə İddiaçı maraqlı şəxs qismində tərəf olmuş və xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı Barışıq saziş məhkəmə araşdırmasının predmeti olmuşdur Hazırki işdə də iddiaçı barışıq sazişinin etibarsız hesab edilməsini tələb edir. Lakin, bu halların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi yenidən ayrıca iddianın, yaxud icraatın predmeti ola bilməz. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırda məhkəməyə təqdim edilmiş iş üzrə iddianın əsası kimi xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-00619 saylı Barışıq sazişinin etibarlılığına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4102/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilə qiymət verilmişdir. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.2, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli ödəniş sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar