Məhkəmə qərarları › İş №2(004)-63/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-63/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-63/2022 10.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 95,5 kv.m-dən ibarət 3 otaqlı evə dair keçirilmiş hərracın nəticələri haqqında 29 iyun 2017-ci il tarixli, Y-330 saylı Yekun Protokolun və xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC ilə onun arasında, “23 iyun 2015-ci il tarixli, 2015/00054-01 saylı “Kredit Müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə Cavabdeh BOKT-dan ona illik, faktiki 26 faiz dərəcəsi ilə 45 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq kredit təşkilatı ilə onun arasında onun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, F.Qasımov küçəsində yerləşən 95.5 kv.m.-dən ibarət 3 otaqlı evə dair “İpoteka Müqaviləsi” bağlanmışdır. Həmin evin mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeton Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı “Çıxarış”a əsasən ona məxsus olmuşdur. 22 dekabr 2015-ci ildə baş verən devalvasiyadan sonra minlərlə ölkə vətəndaşı kimi onun da öz öhdəliklərini yerinə yetirmək vəzifəsinin icrası mümkünsüz olmuşdur. Belə ki, o dəfələrlə, Cavabdeh BOKT- ta müraciət edərək bağladıqları müqavilənin hazırkı vəziyyətə uyğun dəyişdirilməsini xahiş etmiş, bir nəticə görməyəndə mülki qaydada məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh BOKT Açıq Səhmdar Cəmiyyəti özü də iddiaçı qismində “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracda satılması” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsində ona qarşı iddia qaldırmış, lakin nədənsə həmin məhkəmədə onun iştirakı təmin olunmamış və iş üzrə 25 oktyabr 2016-cı il tarixli qətnamə qəbul edilərək iddia tələbi təmin olunmuşdur. Onun həmin məhkəmə prosesi barədə məlumatı olmadığından yəni, Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim: Təranə Mahmudova, iş N 2(060)-14262/2016) 25 oktyabr 2016-cı il tarixli qətnaməsindən yalnız, Sumqayıt Şəhər İcra Şöbəsinin əməkdaşları vasitəsi ilə gec xəbər tutduğundan, 24 iyul 2017-ci il tarixində həmin qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, apellyasiya şikayəti verəndən bir neçə gün sonra Cavabdeh BOKT ASC tərəfindən onun mülkiyyətində olan və ailə üzvləri ilə birgə yaşadığı evlə bağlı ona heç bir məlumat verilmədən, yəni gizli formada hərrac keçirilmiş, Y-330 saylı, 29 iyun 2017-ci il tarixli, “Hərracın nəticələri haqqında yekun Protokol” qəbul edilmiş və həmin Protokol əsasında da, ona məxsus əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Belə ki, həmin əsasla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeton Ərazi İdarəsi tərəfindən cavabdehə, mülkiyyət hüquqlarını təsdiq edən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı “Çıxarış” verilmişdir. Bu barədə o, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Aqil Abbasov tərəfindən qəbul edilmiş 13 dekabr 2019cu il tarixli, 2(105)-151/2019 saylı qərardad əsasında, “məhkəmə mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizaları təyin edildikdən sonra "xxxx" MMC-nin əməkdaşları tərəfindən məlumatlandırılmışdır. Bundan sonra vəkil sorğusu əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeton Ərazi İdarəsinin ona verdiyi cavab məktubundan da məlum olmuşdur ki, onun evi hərrac vasitəsi ilə satılmış və həmin hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdehin bu etdikləri heç bir qanuna və insanlığa sığmır. Eləcə də iş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, cavabdeh bütün bu qanunsuz hərəkətlərini Sumqayıt Apellyasiya Məhkəməsində özlərinin verdiyi iddia üzrə məhkəmə proseslərinin gedişi zamanı etmiş və bununla da onun haqq və hüquqlarını kobud şəkildə pozaraq onu və ailə üzvlərini yeganə yaşayış evindən məhrum etmişdir. Ona görə də, yuxarıda qeyd etdiklərinə və qanunvericiliyə əsasən hesab edir ki, cavabdehin qanunsuz yollarla, yəni qanunvericiliyin tələblərinə zidd olaraq əldə etdiyi Y- 330 saylı, 29 iyun 2017-ci il tarixli, Hərracın nəticələri haqqında yekun Protokol və xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* saylı “Çıxarış” etibarsız sayılmalıdır. Daha sonra "xxxx" ASC İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, 11 mart tarixli Ali Məhkəmənin qərarının icrası hal-hazırda bu iş getdiyinə görə dayandırılmışdır. Belə ki, hərrac birinci çox aşağı qiymətlə olmuşdur. Eyni zamanda, işin gedişi zamanı Apellyasiya Məhkəməsində işin davam etməsinə baxmayaraq, şəxsin xəbəri olmadan hərrac keçirilmişdir. Hərracın tarixi Apellyasiya icraatı ilə üst-üstə düşür. Onlar Apellyasiya Məhkəməsinə qiymətləndirmə ilə bağlı yenidən vəsatət vermiş və qiymətləndirməyə gələn şəxslər evin artıq “Finoco” bankın mülkiyyətində olduğunu söyləmişlər. Yəni onlar hərracın keçirilməsini həmin vaxt öyrənmişlər. Belə ki, Apellyasiya Məhkəməsində işin gedişi zamanı hərrac keçirilmişdir. Deyilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasına dair qətnamənin çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirmişdir ki, bu işlə bağlı Seydəhmədli Nəbi bir dəfə də çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Bununla bağlı Yasamal rayon Məhkəməsi qətnamə çıxarmış və onun iddiası təmin olunmamışdı, yəni çıxarış qüvvədə qalmışdı. Daha sonra İddiaçı yenə hərracın və çıxarışın etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Belə ki, daha əvvəl çıxarış etibarlı hesab olunmuş və qüvvədədir. İndi hərracın nəticəsinin etibarsız hesab edilməsi əvvəlki məhkəmə qətnaməsi üzrə prinsiplərin pozulmasına səbəb olacaqdır. Çünki daha əvvəl çıxarış etibarlı hesab olunmuşdur. Eyni zamanda beləliklə İddiaçı eyni tələblə bağlı 2 dəfə məhkəməyə müraciət etmiş sayılır. Doğrudur, yenidən hərrac keçiriləcək, çünki yeni qətnamə var. Lakin qanunda da göstərilmişdir ki, hərracın keçirilməsi ilə bağlı qanunun tələbləri pozulduqda hərrac etibarsız hesab olunur. Qətnamənin dəyişməsi məsələsi ki var, bu hərracın keçirilməsi ilə bağlı hər hansı qanunun tələbini pozmaq demək deyil. Bu baxımdan hərrac keçirilən zaman hansısa qanunun tələbləri pozulub ya yox buna baxılmalıdır. İcranın mexanizmi barədə isə məlumatları yoxdur. Deyilənləri nəzərə alıb tələbin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin 29 iyun 2017-ci il tarixli, Y-330 nömrəli “Hərracın nəticələri haqqında” yekun protokoluna əsasən İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Fuad Qasımzadə küçəsi, ev 56 ünvanında yerləşən fərdi yaşayış evinin alıcısı "xxxx" ASC-yə sonda 38250 manata satılması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********26 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh BOKT ASC-nin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə **********69- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (330 nömrəli hərracın yekun protokoluna və xx.xx.2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən) sözü gedən fərdi yaşayış evi hal-hazırda yüklü deyil. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanında olan fərdi yaşayış evi Cavabdeh BOKT ASC-nin adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanında olan fərdi yaşayış evi İddiaçı adına xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14262/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı ilə Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyəti arasında bağlanmış 23.062015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, xx.xx.2015-ci il tarixli 2015/00054-01 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 42798.85 ABŞ dolları əsas borc, 59 34.59 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 48833,44 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh Bank Olmayan Kredit X4 Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2015/00054-01İP saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 60000 (altmış min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitlə banka olan borcun ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(060)-14262/2016 saylı qətnaməsindən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli, 2(060)-14262/2016 saylı qətnaməsinin – “cavabdeh İddiaçı 5934.59 ABŞ dolları faiz borcu iddiaçı Cavabdeh BOKT ASC-nin xeyrinə tutulsun” hissəsində dəyişdirilib, faiz borcu 5906.33 ABŞ dolları məbləğində və “İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat müəyyən edilsin” hissəsində dəyişdirilib İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1229/2022 saylı Qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-14262/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirlmiş, ilkin satış qiyməti 60000 manat müəyyən edilmiş İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1229/2022 saylı Qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı verdiyi kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-15/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-1229/2022 saylı Qərarının mövqeyindən çıxış edərək İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 105000 manat olmaqla hərrac keçirilməli, bu baxımdan əvvəl keçirilmiş hərracın nəticəsi etibarsız hesab edilməli və həmin hərracın nəticəsinə uyğun olaraq mübahisəli ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin "xxxx" ASC-nin adına qeydiyyatdan keçməsini təsdiq edən çıxarış ləğv edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin 29 iyun 2017-ci il tarixli, Y-330 nömrəli “Hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilməli, ünvan 1 ünvanında yerləşən cavabdeh "xxxx" ASC-yə məxsus fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin 29 iyun 2017-ci il tarixli, Y-330 nömrəli “Hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilsin. ünvan 1 ünvanında yerləşən cavabdeh "xxxx" ASC-yə məxsus fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar