Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-637/2025 25.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X6 və X7 cəlb edilməklə “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və lazer aparatının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh firmasına qarşı “icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və lazer aparatının təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh firması ilə aralarında 01 dekabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, “Candela Mini GentleLase” markalı, 9914-0880-5916 seriya nömrəli lazer aparatının iddiaçıya təhvil verilən günədək ödənilməmiş 4500 (dörd min beş) manat icarə haqqının Cavabdeh firmasından tutulması, “Candela Mini GentleLase” markalı, 9914-0880-5916 seriya nömrəli lazer aparatının iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh firmasının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh firması arasında 01 dekabr 2023-cü il tarixdə «İcarə müqaviləsi» bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı mülkiyyətində olan «Candela Mini GentleLase» markalı, 9914-0880-5916 seriya nömrəli lazer aparatını Cavabdeh firmasına icarəyə vermiş və cavabdeh hər ay ona 1500 ( min beş yüz) manat icarə haqqını hər aya görə cari ayın 8-i aralığından gec olmamaq şərtilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh Firması öz öhdəliyini yerinə yetirməmiş, yəni 2024-cü ilin sentyabr, oktyabr, noyabr üçün icarə haqqını ödəməmişdir. Cavabdehə etdiyi şifahi və yazılı müraciətlərdə cavabdeh icarə haqqını ödəməyəcəyi halda icarə müqaviləsinin ləğv olunması barədə məhkəməyə müraciət edəcəyi barədə ona xəbərdarlıq etmişdir. Cavabdeh öz öhdəliyini yerinə yetirmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin vəsatəti üzrə X6 və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə verərək, iddianı qəbul etdiklərini və iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh firması arasında bağlanmış xx.xx.2023cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən İddiaçı ona məxsus 9914-0880-5916 seriya nömrəli Candela Mini GentleLase icarəçi Cavabdeh firmasına icarəyə verir, icarəçi isə cari ayın 8-dən gec olmayaraq 1500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə 1 il müddətinə bağlanmışdır. Müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn 1 il müddətinə uzadılmış hesab edilir. Müqaviləyə vaxtından əvvəl aşağıdakı hallarda xitam verilə bilər: hər iki tərəfin razılığı ilə, bu müqavilənin tələbləri hər-hansı tərəflə pozulduqda digər tərəfin tələbi ilə digər tərəfi xəbərdar etməklə,qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda. İş materiallarında olan şəhadətnaməyə əsasən 9914-0880-5916 seriya nömrəli Mini GentleLase aparatı xx.xx.2023-cü il tarixində satıcı Cavabdeh firması tərəfindən alıcı İddiaçı verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı cavabdehə “Candela Mini GentleLase” markalı, 9914-0880-5916 nömrəli avadanlığın aylıq icarə haqqının ödənilməməsi səbəbindən və bununla müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin icrasından yayındığı üçün 07 gün ərzində həmin avadanlığın icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi və “Candela Mini GentleLase” markalı, 9914-0880-5916 nömrəli avadanlığın ona qaytarılmasını xahiş etmiş, əks təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı 7 (yeddi) gün ərzində məhkəmə orqanlarına müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan X7 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 30 nömrəli alqı-satqı müqaviləsi və ona 1 saylı Əlavəyə üzrə qiymətlərin razılaşdırılma protokoluna əsasən satıcı X7 S/N9914-0880-5916 seriya nömrəli qiyməti 47000.00 manat olan Candella MGL istifadə məqsədləri üçün yararlı halda X1na verməyi, alıcı isə malları təhvil alıb dəyərini bu müqavilə və/və ya Əlavələrdə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. İş materiallarında olan X7 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 30 nömrəli alqı-satqı müqaviləsinə 2 saylı Əlavə üzrə təhvil-təslim aktına əsasən müqavilə üzrə candella, spot komplekt, eyəklər, frion balon, pedal, distilə su, kuşetka müvafiq tara və qablaşdırmasında, mallara aid olan ləvazimatlarla və sənədlərlə birlikdə, komplektliyi nəzərə alınmaqla, X1 tərəfindən müəyyən edilən qaydada Malların çatdırılma məntəqəsində öz vəsaiti və qüvvəsi hesabına satıcı X7 tərəfindən təhvil verilmişdir. İş materiallarında olan X7 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 30 nömrəli alqı-satqı müqaviləsi və ona 3 saylı Əlavə üzrə ödəniş cədvəlinə əsasən X1 müqavilə üzrə malların dəyərinin 44.000 manat hissəsini ilkin olaraq Müqavilənin və bu Əlavənin qüvvəyə mindiyi tarixdə, qalan hissəsini isə 3 ay ərzində hər ay 1000 manat olmaqla ödəməyi öhdəsinə götürür. İş materiallarında olan X7 ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli 30 nömrəli alqı-satqı müqaviləsi və ona 4 saylı Əlavə üzrə zəmanət şərtlərinə əsasən satıcı tərəfindən alıcıya müqavilə müqavilə üzrə təqdim edilən mallara zəmanət verilmir, zəmanət müddəti malların alıcıya müqavilənin müvafiq Əlavəsi-Təhvil-təslim Aktı əsasında təhvil verildiyi andan başlayır. İş materiallarında olan Gömrük bəyannaməsinə əsasən “X14” MMC ilə X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Laser Service Solutions X10 tərəfindən göndərilən Candela GentleLase Mini lazer epilyasiya aparatı X7 tərəfindən qəbul edilmişdir. Məhkəmə cavabdehin iddianı etiraf etməsini nəzərə alıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasin əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 685.2 və 685.2.1-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, iddiaçının tələbi Cavabdeh firmasına qarşı yönəlmişdir və cavabdeh iddianı tam etiraf edərək iddianın təmin edilməsinə etiraz etməmişdir. Qanunvericiliyin tələbinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh firması arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilməli, ödənilməmiş 4500 manat məbləğində icarə haqqı Cavabdeh firmasından tutularaq İddiaçı ödənilməli, “Candela Mini GentleLase” markalı, 9914- 0880-5916 seriya nömrəli lazer aparatı Cavabdeh Firması tərəfindən İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh firması arasında xx.xx.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi ləğv edilsin. Ödənilməmiş 4500 (dörd min beş yüz) manat məbləğində icarə haqqı Cavabdeh firmasından tutularaq İddiaçı ödənilsin. “Candela Mini GentleLase” markalı, 9914-0880-5916 seriya nömrəli lazer aparatı Cavabdeh Firması tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-637/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-637/2025
25.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver