Məhkəmə qərarları › İş №2(004)-644/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-644/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-644/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin ünvan 2ilinə dair hərracın nəticələri barədə 30 noyabr 2021-ci il tarixli YP 162 saylı protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər Cavabdeh2 ASC və “X1 Mərkəzi” MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(006)-110/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən bankın xeyrinə 101.121,27 manat əsas borc, 8.061,6 manat faiz borcu və 300 manat dəbbə pulunun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 2ilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 230.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və Nəsimi Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. İcranın həvalə edildiyi Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 2il açıq hərracda satışa çıxarılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən 27 oktyabr 2021-ci il tarixdə və 10 noyabr 2021-ci il tarixdə hərraclar keçrilmiş, lakin o, bir mülkiyyətçi olaraq sözügedən hərraclar barədə məlumatlandırılmamışdır. Hərrac təşkilatında mənzillə bağlı aparılan hərracın qovluğuna əlavə edilən bildirişlər ona çatdırılmayıb və bildirişlərdə onun adı qeyd edilsə də, imzalar ona məxsus deyildir. xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə rəsmi müraciət etdikdən sonra əldə etdiyi sənədlərdən ona məlum olmuşdur ki, cavabdeh “X1 Mərkəzi” MMC 10 noyabr 2021-ci il tarixli hərracı keçirib və həmin tarixdə icra predmeti olan mənzilin hərraclar zamanı atılmadığını və əmlakı almaq üçün müqavilə bağlanması Cavabdeh2 ASC-yə təklif olunmuşdur. Öz növbəsində Cavabdeh2 ASC 19 noyabr 2021-ci il tarixli cavab məktubu ilə mənzili 146625 manata almaq təklifini qəbul etmişdir. Cavabdeh “X1 Mərkəzi” MMC-nin 30 noyabr 2021-ci il tarixli YP162 saylı hərracın nəticələri haqqında protokol tərtib olunmuş və cavabdehlər arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP162 saylı protokol və onun əsasında bağlanmış alqı-satıqı müqaviləsi etibarsız hesab edilməlidir. Protokola əsasən istinad edilən əmlak 146.625 manat məbləğində pula hərracda satılıb. Lakin əmlakın ilkin qiyməti 230.000 manat müəyyən edilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsini 17 iyun 2020-ci il tarixli 2(006)- 110/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 ASC borc məbləğinin yarıdan çox hissəsi ödənilmiş hazırda banka olan borc 54.000 manat təşkil edir. Bankla aralarında olan şifahi razılaşmaya əsasən banka olan borc mütəmadi şəkildə ödənilməsinə baxmayaraq Cavabdeh2 ASC onu aldadaraq onun iştirakı olmadan qanunsuz hərrac keçirərək mülkiyyətində olan mənzili ələ keçirmək niyyətindədir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2021-ci il tarixli hərrac qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Ona görə də tələbin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinə müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh “X1 Mərkəzi” MMC-dən əldə etdiyi bildirişlərin iddiaçıya çatdırılması ilə bağlı xəbərnamələrdəki qeyd olunan imza iddiaçıya məxsus deyildir. Belə ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən 27 oktyabr 2021-ci il və 10 noyabr 2021-ci il tarixlərdə hərraclar keçirilmiş, lakin İddiaçı bir mülkiyyətçi kimi sözügedən hərraclar barədə məlumatlandırılmamışdır. Belə ki, bildirişlərdə İddiaçı adının qeyd olunmasına baxmayaraq imzalar ona məxsus deyildir. O, yalnız sonuncu hərracın bildirişini alsa da, hərracın keçirilməsinə az vaxt qalmış əldə etdiyindən hərraca çata bilməmişdir. Göstərilən səbəbdən hesab edir ki, hərrac qanunun tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Cavabdeh2 ASC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmyaraq, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Mərkəzi” MMC-nin hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 162 nömrəli protokolunun surətinə əsasən Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi ev 7 mənzil 158 açıq hərracda 146.625 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 746 №-li, xx.xx.2021-ci il tarixli 770 №-li bildirişlərin surətindən müəyyən olunur ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 230000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-dan ilkin satış qiyməti 195.500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, X2, Nəsimi rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə göndərilmişdir. Hərracın keçirilməsi barədə “Market” qəzetində dərc edilmişdir. 040239 nömrəli qəbzin təsdiq edilmiş surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildiriş İddiaçı və X2 adından imzalanaraq təhvil alınmışdır. Hər iki imzanın forması eynilik təşkil edir. 040797 nömrəli qəbzin təsdiq edilmiş surətindən görünür ki, “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı və X2 ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildiriş “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın yekun protokolunun etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində iki dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 230000 manat, ikinci dəfə isə 195500 manat müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/1128 nömrəli ekspert rəyindən müəyyən edilir ki, “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixdə İddiaçı ünvan 2ilinə göndərilən 040239 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasında “Ləzimova” əlyazması və qarşısındakı imza, “02.10.21” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun özünün yaşayış yeri olaraq göstərdiyi ünvan ünvan 2ildir. İşin faktiki hallarından da müəyyən edilir ki, hərraca dair bildirişlər də qeyd olunan ünvana göndərildiyindən, MPMnin tələbinə əsasən bildirişlər rəsmi qaydada çatdırılmış hesab olunmalıdır. Bundan başqa iddiaçı özü də qeyd etmişdir ki, sonuncu hərracdan məlumatlı olmuşdur. Eyni zamanda vəkili iddiaçının banka olan borcunu hissə-hissə ödəməsini əsas gətirsə də, məhkəmə qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qanunla müəyyən edilmiş müddətlərdə tam şəkildə icra edilməlidir. İcra sənədi üzrə tələbkar isə hissə-hissə icraya dair razılıq verməmişdir. İşin faktiki hallarında isə müəyyən edilir ki, icra sənədi üzrə borclu olan iddiaçının borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Hərracdan satılan mənzil isə borc üçün təminat altına alınaraq yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə belə hesab edir ki, İddiaçı hərracla bağlı məlumatının olmamasını bildirsə də, yalnız bildirişlərdə deyil, hərracın keçirilməsi barədə elan “Market” qəzetində də dərc edilmişdir. Odur ki, iddiaçının hərracdan və nəticələrindən məlumatsız olduğunu iddia etsə də onun bu iddia tələbi əsassızdır. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar