Məhkəmə qərarları › İş №2(004)-6470/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6470/2025

24.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6470/2025 24.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə (açar sözlər: icraata xitam, eyni tərəflər arasında, eyni predmet və eyni əsaslara dair qanuni qüvvəyə minmiş məhkəmə aktının olması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmdəli Qəndab Ruslan qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün minimum əmək haqqının 0,615 faizi nisbətində, yəni 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahları pozulmuşdur.

Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər; Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; ... Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

Məhkəmənin mövqeyi

4. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir.

5. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdən birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün aliment tutulmasını xahiş edir.

6. Lakin, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(009)-639/2013 nömrəli məhkəmə qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Aişə İbrahimovanın saxlanılması üçün aliment tutulmuşdur. Qətnamə hazırda da qüvvədədir.

7. Bu halda isə yenidən alimentin tutulması üçün müraciət edilməsinə zərurət yoxdur. Eyni tərəflər arasında, eyni əsaslar üzrə, eyni predmet barəsində işin təkrar məhkəmə baxışından keçməsi yolverilməzdir.

8. Odur ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya qətnamənin icra edilməsi üçün müraciət etmək hüququ izah olunmalıdır.

9. Göstərilənləri və MPM-nin 50, 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı qanuni qüvvəsini almış məhkəmə aktı üzrə tutulmuş alimentin icra edilməsi üçün müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar