Məhkəmə qərarları › İş №2(004)-649/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-649/2021

21.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-649/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “Avro X2 Evrascon” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Avro X2 Evrascon” ASC-yə qarşı “əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1 Evrascon” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1 Evrascon" ASC-dən 5000 manat məzuniyyət haqqının, 30000 manat ezamiyyət haqqının, artıq işlədiyi iş saatları üçün 30000 manat məbləğində haqqın, xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün 3000 manat məbləğində pulun və 500 manat məbləğində bülleten haqqının, ümumilikdə 68500 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Avro X2 Evrascon” ASC 21.10.2021-ci il tarixdə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə verərək iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd ounması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddiaçı 2014-cü il iyul – 2018-ci il oktyabr aylarında cavabdeh təşkilatda işləmiş, 2018-ci ilin sentyabr ayında əmək müqaviləsinin müddətinin bitməsi əsası işdən azad edilmişdir. 2018-ci ilin sentyabr ayında tərəflər arasında yenidən əmək müqaviləsi bağlanmış və iddiaçı 2019-cu ilin oktyabr ayına kimi cavabdeh təşkilatda işləmişdir. 2019cu ilin oktyabr ayında cavabdeh onu heç bir əsas olmadan işdən azad etmiş, lakin əsas kimi AR Əmək Məcəlləsinin 68.2-ci maddəsini göstərmişdir. İddiaçı cavabdeh təşkilatda işlədiyi müddət ərzində əmək məzuniyyətinə çıxmamış, əmək haqqı tam şəkildə ödənilməmişdir. Eyni zamanda iddiaçı işlədiyi müddət ərzində xəsarət almış, ürək cərrahi əməliyyatı keçirmiş, lakin cavabdeh buna görə ona pul ödəməmiş, həmçinin dərmanpulu da nəzərə alınmamışdır. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından məhrum edilmişdir. Cavabdeh təşkilatda sürücü az olduğundan iddiaçı iş vaxtından artıq işləmiş və bunun əvəzi ödənilməmişdir. Cavabdeh iddiaçıya məzuniyyət haqqının ödənildiyini bildirsə də, hansl qaydada ödənilməsi barədə sübut təqdim etmir. Əlavə olaraq bildirir ki, Əmək Müfəttişliyi tərəfindən cavabdeh təşkilatda yoxlama aparılmış və təşkilat AR İXM-in 192.4cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri barəsində AR Ombudsmana, AR Milli Məclisinə şikayət məktubu göndərmiş və AR Ombudsman tərəfindən müvafiq tədbirlərin görülməsi cavabdehə tapşırılmışdır. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, o, 2014cü ilin oktyabr ayında X1 "xxxx" ASC-nə sürücü vəzifəsinə işə düzəlmiş, aylıq əmək haqqı 1000-1200 manat təşkil etmişdir. Belə ki, o, 7-ci dərəcə ilə işə qəbul edilmişdir. O, qoşqudartıcı idarə etmişdir. 31.10.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin “b" bəndinə əsasən xitam verilmişdir. O, işlədiyi 5 il ərzində ildə azı bir dəfə məzuniyyətə çıxmalı olduğu halda, məzuniyyətə çıxmamış, daha doğrusu əvəvzedici sürücü olmadığına görə ona məzuniyyətə çıxmağa icazə verilməmişdir. İşlədiyi müddət ərzində cavabdeh tərəfindən ona bir dəfə də olsun məzuniyyət haqqı ödənilməmidir. Onun işlədiyi 5 il üçün məzuniyyət haqqı 5000 manat təşkil edir. Bundan başqa 09 may 2018-ci il tarixdə o, iş zamanı sükan arxasında infarkt keçirmiş, bununla bağlı Gəncə şəhəri Kardioloji Xəstəxanasında 3 ay müalicə almışdır. Müalicə aldığı 3 ay müddət ərzində ASC tərəfindən ona hər ay 131 manat olmaqla, cəmi 392 manat pul ödənilmişdir. Halbuki, bu məbləğ onun aylıq əmək haqqı nəzərə alınaraq 3000-3300 manat təşkil etməli idi. Hazırda bununla bağlı cavabdeh ona 3000 manat ödəməlidir. Bundan başqa 2018-ci ilin sentyabr ayında o, yenə də iş başında olarkən, avtomobildən ekskovator düşürdərkən sol əlinin orta bağmağı ağır kəsilmiş, bağmağı əməliyyat olunmuşdur. Lakin bu xəsarətlə bağlı ASC yenə də ona heç bir vəsait ödəməmişdir. Hazırda onun həmin barmağı funksiyasını yarı itirmiş vəziyyətdədir. Hesab edir ki, həmin hadisə ilə bağlı cavabdeh ona barmağın əməliyyatı üçün xərclədiyi 200 manatı və azı 10 günlük “bülleten" üçün 300-350 manat, ümumilikdə 500-550 manat vəsait ödəməli idi. O, ayın hər günü işlədiyi üçün 5 il ərzində 60 ay işlədiyini və aylıq əmək haqqının 1000 manat olmasını nəzərə alsaq, onun hər gün işlədəyi 5-6 saat artıq iş saatına görə ASC ona 5 iş ili üçün ümumilikdə 30000 manat ödəməlidir. Bundan başqa o, Bakı şəhərindən digər rayonlara gedib-gələndə ona ezamiyyət haqqları ödənilməmişdir. O, ayda azı 10 dəfə ezamiyyətə getdiyindən ona ödəniləcək aylıq ezamiyyə haqqı 450-500 manat olmalı idi. İşlədiyi 5 il üçün bu məbləğ 30000 manat təşkil edir. İş saatı səhər saat 08:00-dan axşam 18:00-a kimi yəni, 10 saat olduğu halda, o, 15-16 saat işləmiş və həmin artıq saatların məbləği ona ödənilməmişdir. Suala cavab olaraq bildirir ki, məzuniyyətə çıxmaq barədə yazılı müraciəti olmamış, məzuniyyət pulunun verilməməsi ilə bağlı heç bir orqana şikayət etməmiş, müalicə ilə bağlı pulu isə sığorta ödəmişdir. Barmağı ilə bağlı əmək müfəttişliyi tərəfindən yoxlama aparılmamışdır. Əmək müqaviləsində əmək haqqının nə qədər olduğunu bilmir. Artıq iş vaxtı ilə bağlı şikayəti olmamışdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Avro X2 Evrascon” ASC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı 2014-2019-cu illər ərzində fasiləsiz işlədiyini bildirsə də, lakim əmək müqaviləsinə xitam verilməsi barədə bildirişlərdən və əmək kitabçasının surətindən aydın görünür ki, 16.10.2014-27.09.2018-ci və 30.10.2018-31- 10.2019-cu illər ərzində çalışmış, tərəflər arasında ayrı-ayrı vaxtlarda iki ayrı müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən əmək haqqları və ezamiyyət pulu iddiaçıya ödənilmiş və bu barədə arayış məhkəməyə təqdim olunmuşdur. İddiaçının Gəncə 2 nömrəli şəhər xəstəxanasında müalicə aldığı dövr üçün 100 manat cavabdeh tərəfindən, müəyyən hissədə isə DSMF tərəfindən ödənilmişdir. Əgər 2014-2018-ci illər ərzində iddiaçının hüquqları pozulsaydı, etirazı olsaydı o, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müraciət edər, həmçinin 2018-ci ildə yenidən əmək müqaviləsi bağlamazdı. Lakin iddiaçının belə bir müraciəti olmamışdır. Əlavə olaraq bildirir ki, əmək müqaviləsi bağlanmazdan əvvəl işçiyə bütün şərtlər izah olunur, əmək müqaviləsi könüllü şəkildə işçinin şəxsən özü tərəfindən imzalanır. Hazırki iddia tələbi üzrə iddiaçı 2014-2018-ci tarixdə olan əmək münasibətləri ilə bağlı tələb etmək üçün iddia müddətini ötürmüş, 2018-2019-cu illərdə yaranmış əmək münasibətləri ilə bağlı yaranmış tələbləri isə tamamilə əsassızdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə “Avro X2 Evrascon” ASC arasında bağlanmış 13370 nömrəli, 30.10.2018-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı “Avro X2 Evrascon” ASC-də sürücü vəzifəsinə təyin edilmiş, onun aylıq əmək haqqı 529 manat müəyyən edilmiş və işçi 30.10.2018-ci il tarixdən əmək funksiyalarını icra etməyə başlamışdır. müqavilə 30.11.2018-ci il tarixədək – bir ay müddətinə bağlanmışdır. İş materiallarında olan 27.09.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinə əsasən “Avro X2 Evrascon” ASC tərəfindən İddiaçı ilə bağlanmış 16.10.2014-cü il tarixli əmək müqaviləsinə ia-177 nömrəli, 27.09.2018-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 31.10.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişinə əsasən “Avro X2 Evrascon” ASC tərəfindən İddiaçı ilə bağlanmış 30.10.2018-ci il tarixli əmək müqaviləsinə ia-205 nömrəli, 31.10.2019-cu il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bənsinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı İT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 16.10.2014-cü ildən 27.09.2018-ci il tarixədək “Avro X2 Evrascon” ASC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, 27.09.2018-ci il tarixdə AR ƏM 69.3-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 27.09.2018-ci ildən 30.10.2018-ci il tarixədək "xxxx" MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, 30.10.2018-ci il tarixdə AR ƏM 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 30.10.2018-ci il tarixdən 31.10.2019-cu il tarixədək “Avro X2 Evrascon” ASC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmış, 31.10.2019-cu il tarixdə AR ƏM 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli, 03/21 saylı arayışa əsasən “Avro X2 Evrascon” ASC tərəfindən İddiaçı 2018 oktyabr- 2019 sentyabr ayları üçün 6518,43 manat əmək haqqı, 3765 manat ezamiyyət və sair əlavə ödənişlər olmaqla 9699,15 manat ödənilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC tərəfindən tərtib edilmiş 06.11.2019cu il tarixli arayışa əsasən “Avro X2 Evrascon” ASC tərəfindən İddiaçı son haqq-hesab üçün əmək haqqı da daxil olmaqla 1238,32 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC tərəfindən verilmiş 31.10.2019-cu il tarixli qeydiyyat vərəqəsinə əsasən İddiaçı 31.10.2019-cu il tarixli, ia-205 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 30.10.2018-31.10.2019-cu il üçün işçiyə istifadə olunmamış əmək məzuniyyəti üçün 21 təvim gününün əvəzi olaraq ödəniş edilmişdir. İş materiallarında olan Gəncə 2 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş 996775 nömrəli, 12.09.2019-cu il tarixli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İbrahimov Arif Rəsul oğlu “sağ tərəfli qasıq yırtığı” diaqnozu qoyulmuş və o, 12.09.2019cu ildən 27.09.2019-cu il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi səbəbilə işdən azad edilmişdir. İş materiallarında olan “Avro X2 Evrascon” ASC-nin müavinət təyin edən komissiyasının 05.11.2019-cu il tarixli, 11 nömrəli protokoluna əsasən İddiaçı 996775 nömrəli xəstəlik vərəqəsinə əsasən 12.09.2019-27.09.2019-cu il tarixi üçün 100 manat ödəniş edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının cavabdeh “Avro X2 Evrascon” ASC ilə əmək fəaliyyəti iki dövrü əhatə etmişdir. Birinci dövr 16.10.2014-27.09.2018-ci il, ikinci dövr 30.10.2018-31.10.2019-cu il. Hazırda iddiaçı 2014-2019-cu illər üçün ödənilməmiş əmək haqqı, istifadə etmədiyi əmək məzuniyyətinin əvəzi, ezamiyyət xərci, iş vaxtından artıq çalışdığı müddətlərin haqqı və xəstəlik pulunun ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, onun əmək haqqısı 1000-1200 manat olmuşdur. İddiaçı bunu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Lakin işdə olan 30.10.2018-ci il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, iddiaçının aylıq əmək haqqısı 529 manat olmuşdur. İddiaçı işlədiyi 5 il ərzində ona ödənilməli olan lakin ödənilməyən məzuniyyət pulunu tələb edir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, işdən gürünür ki, 30.10.2018- 31.10.2019-ci il üçün işçiyə istifadə olunmamış əmək məzuniyyəti üçün 21 təvim gününün əvəzi olaraq ödəniş edilmişdir. İddiaçı cavabdeh şirkətdə işlədiyi birinci dövr ərzində, yəni 9 may 2018 və sentyabr 2018-ci il tarixlərində müalicə olunduğunu , lakin həmin dövr üçün ona xəstəlik pulunun verilmədiyini qeyd edir. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə bu tarixləri əhatə edən xəstəlik vərəqələri təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 996775 saylı xəstəlik vərəqindən müəyyən olunur ki, iddiaçıya 2019-cu il 12-27 sentyabr üçün 100 manat məbləğində sosial müavinət ödənilmişdir. İddiaçı eyni zamanda iş vaxtından artıq işlədiyi dövr üçün əmək haqqı və ezamiyyət xərcini tələb edir. Lakin iş vaxtından artıq işləməsini, habelə iddia ərizəsində qeyd etdiyi kimi ayda azı 10 dəfə ezamiyyətdə olmasını təsdiq edəcək heç bir subut məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 08.10.2020-ci il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. İddiaçının “Avro X2 Evrascon” ASC-də işlədiyi birinci dövr, yəni 16.10.2014-27.09.2018-ci il üzrə əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərci tələbi üzrə iddia müddəti keçmişdir. Çünki əmək qanunvericiliyinin tələbinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. İddiaçının əmək müqaviləsinə 27.09.2018-ci il tarixdə xitam verilmişdir. İddiaçı 27.09.2018-ci ildən 30.10.2018-ci il tarixədək "xxxx" MMC-də 8-ci dərəcəli sürücü vəzifəsində çalışmışdır. Əgəri iddiaçıya onun iddia etdiyi kimi 27.09.2018-ci il tarixdə işdən azad olunan zaman əmək haqqı, məzuniyyət pulu, ezamiyyət xərci ödənilməmişdirsə o, hüququnun pozulduğunu bilməli idi. Belə ki, AR Əmək Məcələsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “Avro X2 Evrascon” ASC-yə qarşı cavabdeh "X1 Evrascon" ASC-dən 5000 manat məzuniyyət haqqının, 30000 manat ezamiyyət haqqının, artıq işlədiyi iş saatları üçün 30000 manat məbləğində haqqın xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün 3000 manat məbləğində pulun və 500 manat məbləğində bülleten haqqının, ümumilikdə 68500 (altmış səkkiz min beş yüz) manat məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Avro X2 Evrascon” ASC-yə qarşı cavabdeh "X1 Evrascon" ASCdən 5000 manat məzuniyyət haqqının, 30000 manat ezamiyyət haqqının, artıq işlədiyi iş saatları üçün 30000 manat məbləğində haqqın xəstəliyi ilə əlaqədar işləmədiyi müddət üçün 3000 manat məbləğində pulun və 500 manat məbləğində bülleten haqqının, ümumilikdə 68500 (altmış səkkiz min beş yüz) manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar