Məhkəmə qərarları › İş №2(004)-650/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-650/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-650/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin hərracda satılması və vəsaitin paya uyğun bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətin hərracda satılması və vəsaitin paya uyğun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə m məhkəməyə müraciət edərək, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən 4-cü blok 13-cü mərtəbə 405 saylı mənzil və Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti ev 15/168 mənzil 19, “Mercedes S350” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı və "BMW 525” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin açıq hərrac vasitəsilə satılması və payına uyğun vəsaitin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, iddiaçı Cavabdeh ilə 08 04.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-1907/2018 saylı Qətnaməsinə əsasən birgə nikah pozulmuşdur. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)- 3082/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən 4-cü blok, 13- cu mərtəbə, 405 nömrəli mənzilə dair "xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu ıl tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 4 ünvanında yerləşən 4-cu blok, 13-cü mərtəbə, 405 saylı və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 15/168, 19 saylı mənzillərin, “Mercedes S350" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı və “BMW 525" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X3 və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qeyd olunan əmlakların naturada bölünməsi mümkünsüzdür. Cavabdehin isə hazırda iddiaçının əmlaklarda olan payına uyğun payının dəyərini kompensasiya kimi müəyyən məbləği iddiaçıya verməyə maddi imkanı yoxdur. Cavabdehlə iddiaçı məhkəmədən kənar məsələni öz aralarında həll etmək istədikləri zaman da cavabdeh maddi imkanının olmadığını bildirmişdir. Baxmayaraq ki, iddiaçının payı bütün əmlaklarda ½ hissədə təmin olunmuş, bugünkü gündə cavabdeh iddiaçıya əmlaklardan istifadə etməyə, sərəncam verməyə icazə vermir, hər dəfə yeni əngəllər törədir. Qətnamənin qəbul edildiyi tarixdən artıq 1 ilə yaxın müddətin keçməsinə baxmayaraq, iddiaçı hələ də evsiz qalıb kirayədə yaşamağa məcburdur. Əmlakların naturada bölünməsini istəmir. Tezliklə əmlakların hərracda satılmasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, mübahisə predmeti olan mənzillər və maşınlar onların paylı mülkiyyətindədir. İddiaçının tələıb etdiyi məbləğdə kompensasiya ödəməyə maddi imkanı yoxdur. İddiaçı ona payının dəyərini ödəsə evdən çıxaraq evi iddiaçıya təhvil verməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)- 3082/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ünvan 3 ünvanında yerləşən 4-cü blok. 13- cu mərtəbə. 405 nömrəli mənzilə dair "xxxx” MMC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2019-cu ıl tarixli müqavilə etibarsız hesab edilmiş, ünvan 4 ünvanında yerləşən 4-cü blok, 13-cü mərtəbə, 405 saylı və Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 15/168, 19 saylı mənzillərin, “Mercedes S350" markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı və “BMW 525" markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X3 və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, o, Cavabdeh məhkəmə qətnaməsi ilə birgə paylı mülkiyyətində olan əmlakın onun ½ hissə payının müqabilində 150000 manat kompensasiya ödəməklə razılığa gəlməyi təklif etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə mübahihə predmeti olan əmlaklar üzərində tərəflərin ½ hisssədə payı müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ½ hissədə payı olan əmlakların dəyərindən kompensasiya və ya əmlakların satılaraq ona məxus hissənin dəyərini cavabdehdən tələb etmişdir. Cavabdeh isə təklif etmişdir ki, ona həmin məbləğdə kompensasiya verilərsə o, payından imtina edəcək . Çükni onun o məbləğdə kompensasiya ödəməyə maddi imkanı yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi tərəflərin paylı mülkiyyətində olan mənzillərin açıq hərracdan satılaraq dəyərinin payına uyğun hissədə iddiaçıya ödənilməsi hissəsində rədd, lakin avtomobillərin açıq hərracda satılması hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3.-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sözügedən qərarından müəyyən olunur ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payının ayrılması mərhələli formada həyata keçirilir. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinə məhkəmə iclasında bu halı izah etsə də, iddiaçı iddia tələbini dəyişdirməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən 150 min manat məbləğində kompensasiya verilməsi cavabdehə təklif olunsa da, cavabdeh kompensasiya ödəməyə razılaşmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mərhələdə mənzillərin hərracda satılması tələbi təmin edilə bilməz. İddiaçıya izah olunur ki, o, ilk növbədə mənzillərin naturada bölünməsini tələb etməlidir. Avtomobillərə gəldikdə isə məhkəmə hesab edir ki, avtomobilə tənasübsüz zərər vurmadan onun ayrılması mümkün olmadığından və məhkəmə iclasında kompensasiya ödənilməsi cavabdeh tərəfindən razılaşdırılmadığına görə mübahisə predmeti olan avtomobillər açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait tərəflər arasında bölüşdürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə edilmiş “Mercedes S350” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı və “BMW 525” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillər açıq hərracda satılsın, satışdan əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib olaraq ½ hissədə bölünsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar