Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6524/2024 16.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin bərpa olunmasının müəyyən edilməsi və alimentə xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin bərpa olunmasının müəyyən edilməsi və alimentə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmək qabiliyyətinin bərpa olunmasının və maddi yardıma ehtiyacının aradan qalxmasının müəyyən edilərək, ondan tutulan alimentin ödənilməsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddələrinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, iddia tələbi bir cavabdehə qarşı yönəldilsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddia ərizəsində birləşdirmişdir. Belə ki, iddiaçı cavabdehin əmək qabiliyyətinin bərpa olunmasının və maddi yardıma ehtiyacının aradan qalxmasının müəyyən edilməsi ilə yanaşı, alimentin ödənilməsinə xitam verilməsi barədə bir birilə əlaqəli olmayan tələblər irəli sürmüşdür. Belə ki, iddiaçı tərəfindən irəli sürülmüş “şəxsin əmək qabiliyyətinin bərpa olunmasının və maddi yardıma ehtiyacının aradan qalxmasının müəyyən edilməsi” tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir, inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalıdır. İddia ərizəsinin məzmunundan belə nəticəyə gəlmək olur ki, iddiaçı cavabdehin əmək qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı müvafiq orqanın qərarını mübahisələndirir və cavabdehin əmək qabiliyyətli olmasını iddia edir. İddiaçı tərəfindən irəli sürülmüş “alimentə xitam verilməsi” tələbinə isə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün olsa da, qanunvericiliyin tələbinə əsasən ümumi və inzibati məhkəmənin predmetinə daxil olan tələblərə bir icraatda baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, MPM-in 30-cu maddəsinin hərfi mənada şərhi elə təsəvvür yaradır ki, inzibati-iqtisadi məhkəmələrdə baxılan inzibati mübahisələrlə bağlı tələblər də mülki tələblərlə birləşdirilərək ümumi məhkəmələrdə baxıla bilər. Lakin nəzərə alınmalıdır ki, biri ümumi (publik), digəri isə mülki mübahisədən yaranan tələblər eyni yurisdiksiyalı məhkəmədə birləşdirilə bilməz. İnzibati-iqtisadi məhkəmələrin ümumi məhkəmələrdən ayrılması və inzibati mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən xüsusi icraat qaydasında - inzibati məhkəmə icraatı qaydasında baxılmasının və həll edilməsinin nəzərdə tutulması hüquqi müdafiə institutları ilə bağlı konstitusion tələblərin daha effektiv reallaşdırılması istiqamətində mühüm addımdır və inzibati məhkəmə müdafiəsinin səmərəli olmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 oktyabr 2012-ci il tarixli Qərarı). İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İnzibati mübahisələr bir qayda olaraq, inzibati aktların qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, icra edilməsi, icra edilməməsi və ya ləğv edilməsi, həmçinin inzibati aktın qanunsuzluğunun tanınması, inzibati orqanın faktiki xarakterli hərəkətləri və s. ilə bağlıdır. Belə ki, inzibati-iqtisadi məhkəmələrdə baxılan iqtisadi mübahisələr mahiyyətinə görə ümumi məhkəmələrdə mülki iddia tələbi ilə birləşdirilə bilər. İnzibati mübahisələrin xüsusiyyətinə görə isə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli Qərarı inzibati və ümumi məhkəmələrin icraatında olan işlərin bir icraatda birləşdirilməsinin mümkünsüzlüyünü nəzərdə tutsa da, qeyd edilən mövqe nəzərə alınaraq, məhkəmə hesab edir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrdən fərqləndiyindən iddiaçı tərəfindən inzibati və ümumi məhkəmədə baxılmalı olan tələblər birləşdirilərsə, cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.6, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmək qabiliyyətinin bərpa olunmasının müəyyən edilməsi və alimentə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6524/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6524/2024
16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver