Məhkəmə qərarları › İş №2(004)-6664/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6664/2025

06.03.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6664/2025 06.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dərs yükünün bərpa edilməsi və əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dərs yükünün bərpa edilməsi və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı həftəlik 27 saat dərs yükü ilə təmin edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq dərs yükü bərpa olunan günə qədər məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş aylıq əmək haqqının hesablanaraq ödənilməsi və ödənilmiş 61 manat mediasiya xərci pul cavabdeh Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1989-cu ildən etibarən müxtəlif təhsil müəssisələrində riyaziyyat - informatika müəllimi vəzifəsində çalışmış, 2017-ci ildən etibarən hal-hazıradək Fizika, Riyaziyyat və X3 riyaziyyat müəllimi vəzifəsində çalışır. Peşakar fəaliyyəti dövründən 2 (iki) dəfə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin və üçüncü qrant müsabiqənin qalibi olmuş, 15 (on beş) pedaqoji-psixoloji və metodiki vəsaitin müəllifidir, 7 beybəlxalq və 9 respublika elmi-praktik konfransda məruzə ilə çıxış etmişdir. 2011-ci ildə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Müəllimlərin sertifıkasiya imtahanından yüksək hesab olunan 52 bal toplamışdır. Yuxarıda sadaladıqları naliyyətlərə baxmayaraq, hal-hazırda çalışdığı Fizika, Riyaziyyat və X6in direktoru vəzifəsini icra edən Nümayəndə tərəfindən ona qarşı kobud qanun pozuntusu törədilməkdədir. Belə ki, ilk öncə liseyin direktoru tərəfindən ötən dərs ilinin sonunda heç bir zərurət olmadan onun dərs dediyi 10-cu sinifi bağlayıb və şagirdlərini digər siniflərə yerləşdirmişdir. Sinifin bağlanmasının əsas səbəbi ondan ibarət olmuşdur ki, növbəti ildə həmin sinifin əvəzi olaraq o, dərs yükü ilə təmin edilməsin. Daha sonra 2025-2026-cı tədris ilindən həftəlik 18 saatdan az dərs yükü ilə təmin edilir, qanunvericiliyə uyğun olaraq iş yükü ilə təmin edilməməyinin səbəbi direktor tərəfindən qanunvericiliyi pozmaqla müqavilə üzrə işə götürülmüş digər 3 müəllimi və direktor müavinini iş saatları ilə təmin olunmasıdır. Qeyd olunan hal kobud qanun pozuntusudur. Belə ki, ilk öncə fənn müəllimlərinin dərs yükü təmin edildikdən sonra digər müqavilə üzrə çalışan müvəqqəti müəllimlərə dərs yükü verilməlidir. Qeyd olunan halın aradan qaldırılması ilə bağlı şifahi və yazılı şəkildə Nümayəndə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Bundan başqa, şikayətləri əsasında Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Yasamal Rayon Komitəsi tərəfindən X1 Liseyinin direktoruna 28 oktyabr 2025-ci il tarixli, 24 saylı məktub göndərilmiş və həmən müraciətlə naliyyətlərini nəzərə alaraq ona dərs yükünün bərpa edilməsinə görə köməklik göstərilməsi xahiş edilmişdir. Qeyd olunan müraciət bir daha dərs yükünün bölüşdürülməsi qaydasında pozuntulara yol verilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 54-cu maddəsinə əsasən, işəgötürən (müəssənin rəhbəri) işçini əmək şəraitinin şərtləri ilə, o cümlədən əmək norması ilə təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli 215 №-li Qərarına əsasən ümumi təhsil müəssələrində çalışan müəllimlərin dərs yükü norması 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 01 avqust 2025-ci il tarixli, 3- 29/3-2-500F/2025 saylı əmrin 4.2-ci bəndində belə təhsil müəssisəsində fənn üzrə orta dərs yükünün 18 saatdan az olmaması göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, hazırda dərs saatlarının artırılmasının mümkün olmadığını, 2026-2027-ci yeni tədris ilindən İddiaçı əlavə sinif verəcəklərini, yeni tədris ilində dərs yükünün 22-24 saat olacağını bildirdi. İş materiallarında olan Elm və Təhsil İşçiləri Yasamal Rayon Komitəsinin X1 Liseyin direktor vəzifəsini əvəz edən Nümayəndə ünvanladığı xx.xx.2025-ci il tarixli, 24 nömrəli müraciətinə əsasən Zabul müəllim uzun illər ərzində liseydə səmərəli fəaliyyət göstərmiş, həm şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində, həm də pedaqoji prosesin təşkilində mühüm rol oynamışdır. Bundan əlavə, Zabul müəllim dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində 52 bal toplamış və Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Qeyd olunanlar nəzərə alınaraq, dərs bölgüsü zamanı Zabul müəllimə 18 saat və ya imkan daxilində daha çox dərs saatının ayrılması məsələsinə baxılması və müvafiq köməklik göstərilməsi xahiş olunmuşdur. İş materiallarında olan dərs dinləmənin qeydiyyat vərəqəsinə əsasən X1 Liseyin riyaziyyat müəllimi İddiaçı dərsi müşahidə edilmiş, müşahidə zamanı dərsdə elektron lövhənin imkanlarından istifadə edilməsi müşahidə olunmuş, lakin illik planlaşdıma qənaətbəxş olmadığı, gündəlik planın olmadığı, dərsin məqsədinin tam aydın olmadığı, müəllim ümumtəhsil məktəbində olduğu kimi asan misallar üzərində işlər apardığı, şagirdlərin hansısa qiymətləndirilməsi müşahidə edilmədiyi, dərsdə şagirdlərin fəallığı aşağı olduğu, proqram üzrə gerilik müşahidə olunmuşdur. İş materiallarında olan 2024-2025-ci dərs ilinin İ yarımilində keçirilmiş BSQ-nin nəticələrinə əsasən Zabul müəllim dərs dediyi 10C sinfinin orta balı 58.7 bal olmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2026-cı il tarixli, 06 nömrəli arayışına əsasən Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində çalışan 61 və yuxarı yaşı olan riyaziyyat müəllimlərinin dərs yükü:

1. X12 - 70 yaş, 16 saat (əməkdar müəllim),

2. X13 - 61 yaş, 16 saat (əməkdar müəllim),

3. X14 - 63 yaş, 14 saat,

4. X15 - 63 yaş, 14 saat (əməkdar müəllim),

5. X16 - 61 yaş, 20 saat (əməkdar müəllim),

6. İddiaçı - 61 yaş, 16 saat (əməkdar müəllim). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-17-5/2-Ə- 1021/2026 nömrəli müraciətə cavab məktubuna əsasən ddiaçının Respublika FizikaRiyaziyyat və X4 əmək hüquqlarının pozulması barədə Nazirliyin “142” Çağrı Mərkəzinə etdiyi müraciətə baxılmışdır. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə liseyə və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müvafiq sorğu məktubları göndərilmiş və iddiaçıya aid sənədlərin təqdim edilməsi tələb edilmişdir. Araşdırma zamanı təqdim edilən sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı 2025– 2026-cı tədris ilində həftəlik 16 saat dərs yükü ilə təmin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, liseydə riyaziyyat müəllimlərinin sayı 21 nəfər olmaqla ümumi həftəlik riyaziyyat dərs yükü 340 saat təşkil edir və bu göstərici müəllimlərin sayına bölündükdə orta hesabla hər müəllim üçün təxminən 16 saat dərs yükü müəyyən olunur. Bundan əlavə qeyd edilmişdir ki, liseyin əsas təlim istiqamətlərindən biri Respublika və beynəlxalq səviyyəli bilik yarışlarında qalib olacaq şagirdlərin hazırlanması olduğundan hazırlıq dərslərinin keçirilməsi üçün mütəxəssislərin seçilməsində liseyə müəyyən muxtariyyət verilmişdir. Həmçinin 7–9-cu siniflərdə riyaziyyat fənninin həftəlik tədris yükünün 8 saat, 10–11-ci siniflərdə isə 6 saat olduğu, siniflərdən hər hansı birindən dərs saatının azaldılaraq müəllimin dərs yükünün 18 saata çatdırılmasının həmin sinifdə riyaziyyat fənninin iki müəllim tərəfindən tədris edilməsinə səbəb olacağı və bunun qüvvədə olan təlimata zidd olduğu göstərilmişdir. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilən məlumata əsasən isə iddiaçı ilə liseyin işəgötürəni arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin cavab məktubunda qeyd olunmuşdur ki, dərs yükünün bölüşdürülməsi ilə bağlı məsələlər X10 Xidmətinin səlahiyyətlərinə aid deyildir, məsələnin həlli üçün müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan işəgötürən Respublika FizikaRiyaziyyat və X7 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətsiz əmək müqaviləsinə əsasən İddiaçı Respublika FizikaRiyaziyyat və X4 əsas iş yeri olaraq riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2018-ci il tarixli əmrlə İddiaçı FizikaRiyaziyyat və X8 müddətsiz müqavilə ilə riyaziyyat müəllimi təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandığına görə X11 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının təsis işçilərinə “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezindentinin Sərəncamına əsasən İddiaçı “Əməkdar Müəllim” fəxri adı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bnədini rəhbər tutaraq, “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq, 2012/2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandığına görə İddiaçı 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır. Bundan başqa, iş materiallarına 3 ədəd fotoşəkil əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin d bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 155-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 156-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. 157-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172-ci maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. 174-ci maddəsinin 2-ci hissəsinə əsasən əməkhaqqı nağdsız verildikdə işçinin bank hesabına ödəniş alətləri vasitəsilə köçürülür. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.4-cü maddəsinə əsasən əməkhaqqı nağd ödənildiyi halda iş yerində verilir və ya işçinin istəyi ilə göndərilmə və ya köçürülmə xərci işçidən tutulmaqla müvafiq ünvana göndərilir və ya bank hesabına köçürülür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24 noyabr 2010-cu il tarixli Qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə təhsili müəssisələrində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saatdan (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır) az olmamaqla müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmış, İddiaçı Cavabdehdə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı 2025–2026-cı tədris ilində həftəlik dərs yükü 16 saat müəyyən edilmişdir. Hazırda İddiaçı həftəlik 27 saat dərs yükü ilə təmin edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq dərs yükü bərpa olunan günədək məcburi iş buraxmaya görə daşıdığı vəzifə üçün müəyyən edilmiş aylıq əmək haqqının hesablanaraq ödənilməsi, habelə ödənilmiş 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsitələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24 noyabr 2010-cu il tarixli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə müəllimlərin 1 stavka dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh həmin liseydə riyaziyyat müəllimi vəzifəsində işləyən İddiaçı 2025-2026-cı tədris ili üzrə həftəlik 16 saat dərs yükü ilə təmin etmişdir. Cavabdeh liseydə işləyən və iddiaçı kimi 60+ olan müəllimlərə həftəlik dərs yükünün 14, 16 saat müəyyən edildiyini təsdiq edən arayış təqdim etsə də, həmçinin həmin müəllimlərin müəyyən olunmuş dərs yükü saatlarına etiraz etmədiklərini təsdiq edən ərizələr də təqdim etmişdir. Göründüyü kimi, həmin müəllimlər onlara müəyyən edilmiş həftəlik dərs yükü saatları ilə razıdırlar, lakin iddiaçı ona təyin edilmiş dərs yükünün qanunvericiliyə uyğun olmadığını və daha çox dərs saatları ilə təmin olunmasını istəyir. Məhkəmə qanunvericilikdə nəzərdə tutulmuş pedaqoji işçilər üçün müəyyən edilmiş dərs yükü normalarını nəzərə alaraq hesab edir ki, iddiaçının 1 stavka dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda dərs saatlarının artırılması mümkün deyildir, çünki artıq 2025-2026-cı tədris ili üzrə müəllimlərin dərs yükü müəyyən olunmuş, siniflər müəllimlər arasında bölüşdürülmüşdür. Yalnız yeni tədris ilindən müəllimin dərs saatları dəyişdirilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, yeni tədris ilindən, yəni 2026-2027-cı tədris ilindən cavabdehin üzərinə iddiaçını həftəlik 18 saatdan az olmamaqla dərs yükü ilə təmin etmək öhdəliyi qoyulmalıdır. Məhkəmə iddiaçının əmək haqqı tələbinə münasibətdə isə qeyd edir ki, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən ödənilən ödəncdir. Əmək haqqı işçinin faktiki yerinə yetirdiyi əmək fəaliyyətinə görə hesablanır və ödənilir. Göründüyü kimi, iddiaçı 2025-2026-cı tədris ili üzrə həftəlik 16 saat dərs yükü ilə təmin olunmuş və həmin dərs yükünə uyğun olaraq əmək funksiyasını yerinə yetirmişdir. Qanunvericilikdə işləmədiyi, əmək funksiyasını yerinə yetirmədiyi halda işçiyə əmək haqqının ödənilməsi yalnız məcburi işburaxma dövrü üçün nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının məcburi iş buraxma vəziyyətində olması müəyyən edilməmiş, əksinə onun faktiki olaraq əmək fəaliyyətini davam etdirdiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi saatlar üçün əmək haqqının ödənilməsi tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının 61 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya xərcinə görə ödənilmiş 61 manat məbləğində pul Cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən 2026–2027-ci tədris ilindən etibarən İddiaçı 1 stavka (həftəlik) dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilməli və 61 manat məbləğində mediasiya xərci Cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən 2026–2027-ci tədris ilindən etibarən İddiaçı 1 stavka (həftəlik) dərs yükü 18 saatdan az olmamaqla müəyyən edilsin. 61 (altmış bir) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar