Məhkəmə qərarları › İş №2(004)-6665/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6665/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6665/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC və Sumqayıt şəhər İcra İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ASC və Sumqayıt şəhər İcra İdarəsinə qarşı “protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı Hərrac Mərkəzi MMC-nin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında 255/21 nömrəli, 02 sentyabr 2021-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 04.06.2019cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək borc üzrə 55636,75 manat, faiz borcu üzrə 11.639,81 manat, gecikdirməyə görə 10 manat cərimə, ümumilikdə 67286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumundan 28 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən 122,10 m2 ümumi, 68,82 m2 yaşayış, 53,28 m2 yardımçı sahədən ibarət olan 4 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 140000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 67286,56 manat pul, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində puldan 28 manatın "xxxx" ASC-yə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Lakin iddiaçı həmin qətnamədən narazı olduğu üçün Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2432/2020 saylı, 31.08.2021-ci il tarixli qətnaməsilə Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 04.06.2019-cu il tarixli, 2(060)-139/2019 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, ipoteka ilə ilkin satış qiyməti 140000 manat olmaqla ondan tutulmalı olan məbləğ bank qarşısında ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə yönəldilmiş, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin Cavabdeh2 ASC-yə ödənilməsi, evə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan İddiaçı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onun evdən məcburi qaydada çıxarılması qət olunmuşdur. Bundan sonra Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanda 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Bakı Hərrac Mərkəzi MMC-nin 255/21 nömrəli, 02 sentyabr 2021-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 140000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 89250 manat müəyyən edilmiş və həmin mənzil 19 mart 2020-ci il tarixdə hərracın yekunları üzrə alğı-satqı müqaviləsi bağlanaraq ipoteka saxlayan "xxxx" ASC tərəfindən alınmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın vaxtı və yeri barədə ona məlumat verilməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Bu barədə məlumatı təsadüfən bilmiş və dərhal Bakı Hərrac Mərkəzi MMC-nin direktoruna 05 avqust 2021-ci il tarixdə məktub göndərərək onun hərracın keçirilməsində iştiraknın təmin olunmasını xahiş etsə də heç bir nəticəsi olmamış, o, hərracın keçirilməsində iştirak hüququndan məhrum edilmişdir. İddiaçı 16.11.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 23 noyabr 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında səhhətində yaranan problemlə əlaqədar iştirak edə bilməyəcəyindən iclasın növbəti tarixə təxir edilməsini xahiş etmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi Nümayəndə 23.11.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək, mülki işə Bank VTB (Azərbaycan)” ASC-nin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC və Sumqayıt şəhər İcra İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmədə nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 02.09.2021-ci il tarixli, 255/21 nömrəli protokolunun surətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2432/2020 saylı, 31.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi açıq hərracda 89250 manata Cavabdeh2 ASC-yə satılmışdır. İş materiallarına əlavə edilmiş 02.07.2021-ci il tarixli 255 №-li, 30.07.2021-ci il tarixli 255/21 №-li bildirişlərin surətindən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən 28.07.2021ci il tarixdə, saat 11:00-dan 17:00-dək ilkin satış qiyməti 140000 manat və 11.08.2021-ci il tarixdə, saat 11:00-dan 17:00-dək ilkin satış qiyməti 119000 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq-bildirişlər İddiaçı, Sumqayıt şəhər İcra İdarəsi və Cavabdeh2 ASC-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş “Market reklam və elanlar” qəzetinin 02.07.2021- 08.07.2021-ci tarixli, 30.07.2021-04.08.2021-ci il tarixli və 13.08.2021-19.08.2021-ci il tarixli qəzetlərin surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən, 122,10 kv.m ümumi, 68,82 kv.m yaşayış, 53,28 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi üzrə hərracın keçirilməsi barədə məlumat dərc olunmuşdur. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına borcun ödənilməsi qət edilmişdir. Keçirilmiş hərrac nəticəsində əmlak satılmışdır. İddiaçı isə keçirilən hərrac barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməməsini iddia edərək hərracın yekun protokolunun etibarsız hesab olunmasını xahiş edir. Lakin iş materialları ilə sübut olunur ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində üç dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 140000 manat, ikinci dəfə isə 119000 manat müəyyən edilmişdir. “İpoteka haqqında” AR Qanununun 41.2-ci maddəsiən əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. “İcra haqqında” AR Qanununun 62.1-ci madəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi hərrac təşkilatı icra məmurunun sifarişi əsasında hərracı keçirir və hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi barədə (vaxtı və yeri barədə) icra sənədi üzrə tələbkar və borcluya məlumat verilir. Məhkəmə qeyd edir ki, hərracın keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC, Sumqayıt şəhər İcra İdarəsi və Cavabdeh2 ASC-yə qarşı "xxxx" MMC-nin Sumqayıt şəhəri, Novxanı bağ massivi 1715Q ünvanında 0,18 ha torpaq sahəsində yerləşən, 122,1 m2 yaşayış, 68,82 m2 yaşayış və 53,28 m2 köməkçi sahədən ibarət bir mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin hərracdan satılmasının nəticələri haqqında 255/21 nömrəli, 02.09.2021-ci il tarixli yekun protokolun etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar