Məhkəmə qərarları › İş №2(004)-6702/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6702/2025

22.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6702/2025 22.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 1 (bir) misli, cəmi 2 (iki misli) həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2023cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək-yəni xx.xx.2026-cı il tarixinədək-iddiaçının əmək fəaliyyətinə qayıtmaq imkanının məhdud olması, uşağın yaşının az olması və faktiki olaraq ona tam gün qayğı göstərməyi nəzərə alınmaqla, ananın saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə 200 manat aylıq sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının, Ailə Məcəlləsinin 100-cü maddəsinə uyğun olaraq, məhkəməyə ərizə ilə müraciət edildiyi tarixdən hesablanması, mediasiya təşkilatına ilkin mediasiya sessiyasına görə iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində xərcin Cavabdeh iddiaçının xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdeh ilə tanışlıqdan sonra onunla ailə həyatı qurmuşdur. Nikah 07 fevral 2020-ci il tarixində Özbəkistan Respublikasının Nəvai vilayəti, Zərəfşan şəhərinin WAQ şöbəsi tərəfindən, 2-2112-20- 00039 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikah münasibətlərindən iki övladları dünyaya gəlmişdir: X5, xx.xx.2021-ci il tarixində Özbəkistan Respublikası, Nəvai vilayəti, Zərəfşan şəhərində doğulmuş, doğum faktı 1-21xx-xx-00391 nömrəli aktla qeydiyyata alınmışdır; X6, xx.xx.2023-cü il tarixində eyni yerdə doğulmuş, doğum faktı 1-21xx-xx-01089 nömrəli aktla qeydiyyata alınmışdır. Nikahın ilk dövrlərində münasibətləri normal olmuş, lakin sonradan cavabdeh ailə-məişət məsələlərinə biganə yanaşmağa başlamış, ailə qarşısında öhdəliklərini, xüsusilə uşaqların saxlanması və təminatı ilə bağlı vəzifələrini yerinə yetirməmişdir. Münaqişələrin dərinləşməsi nəticəsində cavabdeh ailəni tərk etmiş, hazırda iddiaçının və uşaqların yanında yaşamır, azyaşlı övladlarının saxlanılması üçün heç bir maddi vəsait ödəmir. Hazırda iddiaçı azyaşlı uşaqları Kamran və Leylanı faktiki olaraq təkbaşına saxlayır. Uşaqlar iddiaçı ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yaşayırlar. Bu barədə xx.xx.2025-ci il tarixli arayışda açıq şəkildə göstərilir ki, iddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 ilə birlikdə qeyd olunan ünvanda faktiki olaraq, qeydiyyatsız yaşayır. Tərəflər arasında yaranmış ailə mübahisəsi üzrə mediasiya proseduruna da müraciət olunmuşdur. Bakı 6 saylı mediasiya təşkilatı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MŞB/6-02117 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçının uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment və Leyla Elvin qızının 3 yaşı tamam olanadək ananın saxlanması üçün aliment tələbi ilə bağlı müraciəti əsasında cavabdehə dəvət göndərilsə də, o, xəbərdar edilməsinə baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdehin yaşayış yerinin dəqiqləşdirilməsi üçün iddiaçının nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərilmişdir. Dövlət Miqrasiya Xidmətinin cavab məktubunda göstərilir ki, Özbəkistan Respublikasının vətəndaşı olan Cavabdeh, xx.xx.1984-cü il təvəllüdlü, sonuncu dəfə ünvan 2i ünvanında qeydiyyata alınmışdır. Beləliklə, cavabdeh ailəni tərk etmiş, azyaşlı uşaqların saxlanması üzrə qanuni öhdəliyini yerinə yetirməmiş, uşaqların gündəlik tələbatlarına-qida, geyim, tibbi xidmət, təhsil, inkişaf və digər zəruri xərclərə heç bir şəkildə maddi kömək göstərməmişdir. İddiaçı isə azyaşlı övladlarının daim nəzarətə və qayğıya ehtiyacı olduğundan, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir və ailənin maliyyə yükünü özü daşımağa məcburdur. Uşaqların saxlanması üzrə xərclər, o cümlədən yaşayış, qida, geyim, tibbi və inkişaf ehtiyacları, məktəbəqədər təhsil xərcləri və digər zəruri tələbatlar hər gün artır. Bununla belə, cavabdeh əmək qabiliyyətli, işləmək və qazanc əldə etmək imkanına malik şəxsdir və heç bir əsas olmadan uşaqların saxlanması üzrə məsuliyyətdən yayınır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zərəfşan şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, İ-NV seriyalı, ******* nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2020-ci il tarixdə Zərəfşan şəhəri VVAQ şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2-21xx-xx-00039 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Tağıyev”, arvada “Əsədova” soyadı verilmişdir. İş materillarında olan Zərəfşan şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, İİİ-NV seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Özbəkistan, Nəvai vilayəti, Zərəfşan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1-21xx-xx-00391 nömrə ilə qeyd edilmişdir. İş materillarında olan Zərəfşan şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, T seriyalı 47129753 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Özbəkistan, Nəvai vilayəti, Zərəfşan şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1-21xx-xx-01089 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı yetkinlik yaşına çatmayan övladları xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 ilə birlikdə həqiqətən də Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Özbəkistan Respublikasının vətəndaşı, xx.xx.1984-cü il təvəllüdlü Elvin Tagıev sonuncu dəfə Ağstafa rayonu, Göyçəli ərazi dairəsi, Göyçəli kəndində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh və İddiaçı xx.xx.2020-ci il tarixdə Zərəfşan şəhəri VVAQ şöbəsində nikaha daxil olmuşlar. Nikahın ilk dövrlərində münasibətləri normal olmuş, daha sonra tərəflər arasında münasibətlər pozulmuş və nəticədə cavabdeh ailəni tərk etmişdir. Hazırda iddiaçı cavabdehlə birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşaqlarını faktiki olaraq təkbaşına saxlayır. Odur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 1 (bir) misli, cəmi 2 (iki misli) həddində sabit pul məbləğində aliment tutulması, xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşı tamam olanadək-yəni xx.xx.2026-cı il tarixinədək ananın saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə 200 manat aylıq sabit pul məbləğində alimentin tutulması, mediasiya təşkilatına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində xərcin Cavabdeh iddiaçının xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hal-hazırda anasının himayəsində olması, onun saxlanılması üçün vəsait tələb olunduğu və uşağın mənafeləri nəzərə alınaraq, uşaqların saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 246 manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X7 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan 2025-ci il üçün mövcud olan minimum aylıq əmək haqqının məbləğini və hər ay hər uşaq üçün 246 manat məbləğində alimentin tutulmasının müəyyən edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşı tamam olanadək cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması”na dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsində göstərilmişdir ki, hamiləlik dövründə və ya ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunun mənasına görə, keçmiş ərdən aliment almaq üçün AM-nin 85.1.1-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və keçmiş arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. İddiaçının xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək ona baxdığı üçün işləmək imkanının məhdud olmasını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşaq 3 yaşına çatanadək ödənilməsi nəzərdə tutulan vəsaitə münasibətdə hər ay 100 manat sabit pul məbləğində aliment ağlabatan məbləğ kimi qəbul edilə bilər və cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, aliment X4 məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtdan, yəni 19 noyabr 2025-ci il tarixdən etibarən tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamənin alimentə dair hissəsi dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı, xx.xx.2023-cü il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2023-cü il təvəllüdlü X6 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2026-cı il tarixədək Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar