Məhkəmə qərarları › İş №2(004)-680/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-680/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-680/2022 29.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliyeva X5 Sığortalanması Fondu və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 2E, 63 saylı mənzilin ləğv etmə prosesində olan "xxxx" ASCnin ləğvedicisi X3 satılmasına dair “X1 Mərkəzi” MMC tərəfindən 30.06.2021-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə YP 144 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 26.08.2020-ci il tarixli 2-2(115)-257/2020 saylı qətnaməsi ilə ipoteka predmeti olan ünvan 1 ünvanındakı ev, Bakı şəhər Nəsimi Rayonu İcra Şöbəsinin sifarişi əsasında cavabdeh “X1 Mərkəzi” MMC-də satılması üçün hərraca çıxarılmışdır. İpoteka predmeti olan ünvan 3 ünvanındakı ev onun mülkiyyətindədir. Evin hərraca çıxarılmasına qədər Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun aparmışdırsa, hərracın təşkili Azərbaycan Respublikası MM-nin 415-ci maddəsinin müddəaları zidd təşkil edilərək, “X1 Mərkəzi” MMC tərəfindən 30.06.2021-ci il tarixli YP 144 nömrəli satış protokolu və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilərək, ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğv edicisi Azərbaycan Respublikası X3 göndərilmişdir. Belə ki, cavabdehin Bakı şəhər Nəsimi Rayonu İcra Şöbəsinə ünvanlanmış 09.08.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Hərrac Mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır. Buna görə, qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş geri qaytarılır. 30.06.2021-ci il tarixdə hərracın yekunları barədə YP 144 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilərək, mənzil ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X3 satılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmumuna uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddia əsassızdır. Belə ki, qanuni qüvvəsini almış qətnamə mövcuddur. Həmin qətnamə əsasında icra vərəqəsi verilmiş, icra məmuru tərəfindən qiymətləndirici dəvət edilərək, onun rəyi əsasında ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilmiş, daha sonra, ipoteka predmeti açıq hərracda satılaraq bankın ləğvedicisi tərəfindən qanuni əsaslarla əldə olunmuşur. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh “X1 Mərkəzi” MMC-nin və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdeh “X1 Mərkəzi” MMC-nin və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin 26.08.2020-ci il tarixli 2-2(115)-257/2020 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən Bakı şəhər Nəsimi Rayonu İcra Şöbəsinin sifarişi ilə Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 2E, 63 saylı mənzil “X1 Mərkəzi” MMC tərəfindən hərraca çıxarılmış, keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2 və "ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması "xxxx" ASC-yə təklif olunmuşdur. Ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi X2 Bakı şəhər Nəsimi Rayonu İcra Şöbəsinə ünvanlanmış 04.10.2021-ci il tarixli məktubundan görünür ki, 13.09.2021-ci il tarixli, № 13272-159634/2020-5-22 saylı təklifə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 63 saylı mənzili “X1 Mərkəzi” MMC tərəfindən tələbkar LPO "xxxx" ASC-yə təklif edilmiş və təklifə müsbət cavab verilmişdir. Həmçinin bildirilir ki, 30.06.2021 -ci il tarixli, 144 nömrəli Protokola və 21.05.2021-ci il tarixli Müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi 21 saylı evin 63 saylı mənzili 47813 manata LPO "xxxx" ASC-yə satılmışdır. Ləğv etmə prosesində olan "xxxx" ASC-nin 08.02.2022-ci il tarixli əmrinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m olan 63 nömrəli mənzil (“X1 Mərkəzi” MMC-nın hərracın yekunlarına dair 30 iyun 2021-ci il tarixli 144 nömrəli protokoluna əsasən 47 813 manat satış dəyərində) bankın balansına qəbul edilmiş, Kreditlərin idarə edilməsi və Maliyyə işləri üzrə şöbələri tərəfindən əmlakların balansa götürülmə dəyərinə uyğun olaraq həmin əmlakların təminat qismində çıxış etdiyi kreditin ssuda və faiz hesablarından müvafiq silinmələr aparılması əmr edilmişdir. Hazırda İddiaçı hərracın yekunları barədə protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı müdafiə etdikləri tələbləri ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə gedişatında qiymətləndirmə rəylərinin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə gedişatında “X1 Mərkəzi” MMC-nin 30.06.2021-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə YP 144 saylı protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsızlığına dəlalət edən hər hansı bir əsas aşkar edilməmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair" iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelllyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar